İsraildən Ukrayna ilə bağlı sensasion qərar: Netanyahu açıqladı, gözlər Təl-Əvivdə!

Artıq 1 ilə yaxındır Rusiya-Ukrayna arasında müharibə davam edir. 2022-ci ilin fevral ayının 24-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin özünün dediyi kimi, Ukrayna ərazisində xüsusi əməliyyatlara start verdi. Əslində bu, dünya tərəfindən işğal faktı və hərbi aqressiya kimi qiymətləndirilir.

Hələ müharibə başlamazdan öncə ABŞ, Böyük Britaniya başda olmaqla, dünyanın aparıcı Qərb dövlətləri Ukraynaya yardımlar göstərməyə başladı. Bu yadımın əsasını hərbi dəstək təşkil edir. Son 1 ildə Birləşmiş Ştatlar, İngiltərə Ukrayna cəbhəsinə xeyli silah-sursat, ağır zirehli texnika göndərib.

Bu sırada İsrailin də addımlar atacağı gölənirdi. Lakin rəsmi Təl-Əviv nümayişkaranə şəkildə bundan imtina etdi. İsrail Ukraynaya indiyə kimi bit patron belə verməyib. Buna görə Ukrayna prezidenti Volodimir Zelenski İsraili bir neçə dəfə sərt dillə tənqid edib.

Bir çox ekspertlərin iddiasına görə, İsrail Rusiya ilə münasibətləri pozmamaq və özünün maraqlarını zərbə altına salmamaq üçün Ukraynaya heç bir yardım etmək istəmir.

Son günlər bu məsələdə Təl-Əviv fərqli mövqe sərgilməyə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib ki, İsrail Ukraynaya hərbi yardım göstərəcəyini istisna etmir.

İsrailin Kiyevə hərbi dəstək verə biləcəyi sualının cavabında Netanyahu “əlbəttə, belə bir variantı nəzərdən keçirir” deyib. O vurğulayıb ki, İsrail Ukraynaya “Iron Dome” (Dəmir gümbəz) raketdən müdafiə sisteminin tədarükünü nəzərdən keçirməyə hazırdır.

Globalinfo.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, İsrailin Ukraynaya Rusiyaya qarşı müharibədə yardım etməməsi siyasi dairələrin hamısını maraqlandırır və bununla əlaqədar müxtəlif yanaşmalar səsləndirilir:

“İsraildə zaman-zaman bunu Rusiya ilə mövcud əlaqələrin pozulmaması ilə əlaqələndirirlər. Amma Təl-Əviv bu yardımın ümumiyyətlə baş tutmayacağı barədə də heç vaxt qəti fikir sərgiləməyib. Belə hiss olunur ki, İsrailin Ukraynaya hərbi sahədə yardımı istisna olunmur. Son zamanlar bu barədə müzakirələr daha da intensivləşib. Hətta Baş nazir Netanyahu belə bir variantın nəzərdən keçirildiyini də vurğulayıb. Belə olan halda nəyi gözləyirlər? İsrailin Ukraynaya silah və hərbi sursat yardımı nə zaman həyata keçirilə bilər?”

Ekspert qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının ciddi təzyiqi altında İsrail, nəhayət, Ukraynaya silah yardımına başlamalıdır:

“Lakin bu yardımı elə şəraitdə həyata keçirmək istəyir ki, Rusiya ilə münasibətlər ciddi ziyan çəkməsin. Axı Rusiyanın elə bu gün də Yaxın və Orta Şərqdəki vəziyyətə ciddi təsir göstərəcək mexanizmləri var və bu mexanizmlərin İsrailə qarşı işə salınması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Ona görə də İsrail ilk növbədə humanitar və müdafiə səciyyəli yardımlardan başlamaq istəyir. “İron Dome” raketdən müdafiə sistemi məhz müdafiə xarakteri daşıdığına görə hələlik onun verilməsi barədə söhbətlər gedir. Amma düşünürəm ki, Qərbin əsas məqsədi “Merkava” tanklarının Ukraynaya verilməsidir. Çünki Leopard-2 və Abrams tanklarının verilməsi haqda qərar qəbul edilməsinə baxmayaraq, müharibədə Ukraynanın xeyrinə dönüş yaranacağına şübhə ilə yanaşırlar. “Merkava” tankları bu baxımdan ciddi yardım ola bilər”.

Ə.İbrahimov bildirib ki, bir qədər dərindən mülahizə yürütdükdə, İsrailin də Ukraynaya verəcəyi yardımın cəbhədə ciddi dönüş yaratması üçün kifayət edəcəyi şübhə altına düşür:

“Əgər 50-dən artıq ölkənin bu gün bütün vasitələrlə Ukraynaya yardım etməsinə baxmayaraq, istənilən nəticə əldə olunmursa, İsrailin də bu ölkələrə qoşulmasının əhəmiyyətli rol oynayacağını düşünmək sadəlövhlük olardı”.

Gülnar Səlimova
Globalinfo.az