İranla Azərbaycan arasında nə baş verir? – Münasibətlərdə kritik dönəm: Son gəlişmə

İran-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində bir neçə aydır proses gedir. Sentyabrın əvvəlində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail mediasına müsahibəsində bu məsələ ilə bağlı mənzərəni aydınlaşdıra biləcək açıqlama vermişdir. H.Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində demişdi ki, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır. Artıq tərəflər arasında xeyli məsafənin qət edildiyini demək mümkündür. Belə ki, Zəngəzur dəhlizi ilə bağlı alternativ yolun İran ərazisindən keçməsi haqda Tehranla Bakı arasında ön razılığın olduğu deyilir. 

Bugünlərdə Hikmət Hacıyev bir başqa açıqlama da verdi ki, Zənqəzur dəhlizinin Ermənistandan keçəcək hissəsi rəsmi Bakı üçün əhəmiyyətini itirməkdədir. Alternativ olaraq bu yol İran ərazisindən keçərək reallaşdırılacaq. Bu həm də o deməkdir ki, İran-Azərbaycan münasibətləri siyasi istiqamət üzrə də normallaşmaq istiqamətində gedir.

Xatırladaq ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Tədbirdə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş, həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyəti sədrinin müavini Əvəz Qocayev və digər rəsmi şəxslər iştirak etmişdilər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, İran ermənlərlə bitlikdə İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonraki bir neçə il müddətdə Azərbaycana qarşı açıq düşmənçilik siyasət aparırdı.

O, Tehranın sərhədlərimizin yaxınlığında bir neçə hərbi təlim keçirdiyini xatırladıb:

“İran müharibənin gedişində də ordumuzun uğurla hərəkətinə mane olmaq üçün bəzi pozucu adımlar atmışdı. Üstəlik Ermənistan ordusunun təchizatında İranın çox böyük rolu oldu. Amma Tehran həmin dövrlərdə Azərbaycana qarşı sərt bir siyasət yürüdürdü və açıq şəkildə Azərbaycanı təhdid edirdi. Azərbaycanın İkinci Qarabağ mühabibəsində əldə etdiyi qələbə fars şovunistlərini dəli etmişdi. Onlar gah Azərbaycana qarşı raket zərbələri endirəcəyini, gah da açıqsəviyyəli müharibələr aparacağını söyləyirdilər. Bu məsələdə SEPAH deyilən təşkilat daha fəal idi. SEPAH-ın generalları Azərbaycanla bağlı hətta təhqiramiz açıqlamalar da verirdilər. Bunun nəticəsi o oldu ki, SEPAH-ın üzvü olan bir nəfər Azərbaycan səfirliyinə hücum etdi, mühafizə xidmətinin rəhbərini avtomatla qətlə yetirdi, iki əməkdaşı isə yaraladı. Əgər səfirlik əməkdaşlarının səyi olmasa idi həmən SEPAH qulduru yuxarı mərtəbələrdə yerləşən səfirlik əməkdaşlıarının ailə üzvlərini və işçiləri də qətlə yetirəcəkdi. Amma sağ qalan əməkdaş bütün risklərə baxmayaraq, həmin terrorçunu zərərsizləşdirə bildi. Bu hadisədən sonra demək olar ki, səfirlik səviyyəsində əlaqələrimiz yoxdur”.

Qabil Hüseynli

Politoloq deyib ki, yəqin son zamanlar İran dünyada baş verənləri izlədikdən sonra Azərbaycanla münasibətləri yaxşılaşdırmaq qərarına gəldi:

“Azərbaycana İran tərəfindən “Biz sizinlə münasibətləri yaxşılaşdırmaq istəyirik, münasibətlərin əvvəlki dövrdəki kim olmasını arzu edirik” kimi müraciətlər gəlməyə başladı. Bunların Azərbaycana işi düşüb. Belə ki, Şimal-Cənub deyilən böyük dəmir yol xətti və sosial yol xətti işə salınmaq üzrədir. Dəmir yolu və sosial yol xəttinin Azərbaycandan keçən hissəsinin hamısını Azərbaycan öz vəsaiti hesabına tikib. Hətta Azərbaycan Astarasından İran Astarasına gedən yolda bir kiçik çay axır, o çayın üzərində Azərbaycan tərəfi təxminən 40 milyon dollar pul xərcliyərək dəmir yolu körpüsü, həmçinin avtomobillərin hərəkəti üçün şosse yolu körpüsü inşa etdi. Üstəlik də dəmir yolunu 5 km uzadaraq İran sərhədlərinə qədər apardı. Düşmənçilyə, gərginliyə baxmayaraq Azərbaycan bu xəttin işə salınmasının əleyhinə çıxmadı, hətta kömək etdi.

İran 400 km-lik dəmir yol xəttini çəkmək üçün Azərbaycandan faisiz kredit istədi, Azərbaycan da ona bu krediti verdi. Deməyim odur ki, Azərbaycan İrana qarşı hər zaman dost münasibətində olub”.

Q.Hüseynli indi İran-Azərbaycan münasibətlərinin yaxşılaşmağa doğru getdiyini bildirib:

“Amma dünənə qədər bunlar ciddi cəhdlə Azərbaycandan Naxçıvana gedəcək dəmir yolunun açılmasına maneçilik törədirdilər, elə indi də törədirdilər. Ona görə də, sovet dövründə fəaliyyət göstərən həmin dəmir yolu bu gün inşa olunmur. Bir tək biz yox, ermənilər də istəsə inşa olunmur. İran istəyir ki, bu dəmir yolu Ermənistanın ərazisindən yox, Zəngilanın Ağbənd kəndindən, Arazın üzərindən dəmir yolu və şösse yolunu keçməklə İran ərazisindən Naxçıvana qədər çəkilsin. İran öz ərazisindən bizim avtomobillərin Naxçıvana yük daşıması üçün həddindən artıq böyük məbləğdə pul tərəb edirdi. İndi də tələb edirlər. Ona görə də, İrana bel bağlamaq o qədər də asan deyil.

Azərbaycan hələ ki, Ermənistanı gözləyir. Ermənistan da indi sanki bəhsə girişibmiş kimi dəmir yolu və şosse yolunun Ermənistan ərazisindən çəkilməsi haqqında dayanmadan bəyanatlar verir. Bu məsələdə də Rusiya müəyyən əngəllər yaradır. İndi bunun axırı necə olacaq? Dəqiq fikir söyləmək mümkün deyil. Mənim şəxsi fikrimə görə, dəmir yol xətti İranın deyil, Ermənistanın ərazisindən çəkilsə, həm ucuz başa gələr, həm də daha yaxşı işləyər. Çünki Tehran dəmir yolunu da Azərbaycana təzyiq vasitəsi kimi istifadə edə bilər”.

Siyasi şərhçi Sədrəddin Soltan Azərbaycanla İran arasında gərginliyin hələ də qaldığını bildirib:

“Çoxsaylı görüşlərə, bəzi məsələlərlə bağlı razılaşmalara baxmayaraq, Azərbaycan tərəfinin İran qarşısında irəli sürdüyü fundamental şərtlərə əməl olunmur. Ona görə də, vəziyyətin tam normallaşdığını və ya gərginliyin aradan qalxdığını söyləmək hələ tezdir. Münasibətlər sadəcə olaraq, müxtəlif nazirlər səviyyəsində iqtisadi layihələrlə davam edir və bunu siyasi-diplomatik addımlarının normallaşması kimi qəbul etmək hələ tezdir”.

Sədrəddin Soltan

S.Soltan deyib ki, Tehran hakimiyyəti fəaliyyətinə və anti-Azərbaycan davranışına görə, itirdiyi etimadı bərpa etməyib:

“Onsuz da İran hakimiyyətilə Azərbaycan arasında münasibətlər hər zaman gərgin və yarımetibar şəraitində olub. Bu etibarın və etimadın bərpa edilməsi üçün İran hakimiyyəti hələ Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməlidir. Əks halda Tehran hakimiyyətilə münasibətlər yarımçıq vəziyyətdə olacaq”.

Zaira Akifqızı
Globalinfo.az