Orduda xidmətkeçmə müddəti niyə artırıldı? – Hərbi ekspert açıqladı

Milli Məclisə hərbi qulluqçularla bağlı qanun layihəsi daxil olub. Belə ki, hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Lakin məsələ ilə bağlı bəzi narazılıqlar var.Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də nəzərdə tutulan dəyişikliyə ehtiyac olmaması, bunun hərbçilərin mənzil təminatı müddətinin artırılması ilə nəticələnəcəyi deyib.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, bu dəyişiklik müəyyən zərurətdən yaranıb:

“Müdafiə Nazirliyinin strukturlarındakı ehtiyaca əsasən belə təklif irəli sürülüb. Hazırda 20 illik hərbi təcrübəsi olan hərbçilərimiz 44 günlük Vətən müharibəsində iştirak edib. Onların təcrübəsindən yararlanmaq yeni kadr potensialının artırılmasına səbəb olur. Sırf kadr potensialı üzərinə hesablanmış addımlardır.

Müzakirələr göstərir ki, qanunun qüvvəyə minmə ehtimalı çoxdur. Hərbi xidmətə başlayanda da 25 illik müddəti nəzərə almaq lazımdır”.

Ekspert xatırladıb ki, Silahlı Qüvvələr haqqında əsasnamədə mənzillə təmin olunma öz əksini tapıb:

“Belə ki, hərbçilər 20 il qüsursuz xidmət qarşılığında evlə təmin edilə bilərlər. Əslində, bu müddət dəyişməyə də bilər. Görünür, həmin məsələdə də ziddiyyət yaranacaq. Lakin sözügedən qanunun qəbulu bir sıra dəyişiklikləri labüd edir”.

Safura Bənnayeva
Globalinfo.az