Sabiq səfir: “Səbəb nə geyimdir, nə bayraq”

“Protokol qaydasına görə, xanım jurnalist İranın Azərbaycandakı səfirliyinə gedən zaman başını bağlamalı idi. Çünki səfirliyin binası İran ərazisi sayılır və ora gedən şəxslərə bu şərtlər çatdırılır”.

Bu sözləri Globalinfo.az-a Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin geri çağırılması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İran səfirliyinə daxil olan qadınların başını bağlaması şərtdir:

“Çox güman ki, burada bizim bilmədiyimiz müxtəlif səbəblər var. Düşünmürəm, səfiri məhz geyim və ya bayrağımıza görə geri çağırsınlar. Əgər doğrudan da səfiri bu səbəbdən vəzifəsindən azad ediblərsə, yanlış addımdır”.

Sabiq səfir deyib ki, Musəvinin bayraq və ya geyim səbəbi ilə geri çağırılması inandırıcı deyil:

“Açığı səsləndirilən fikirlərə şübhə edirəm. Bəli, başıaçıq orada oturmaq İran səfirliyinin protokolunun pozulmasıdır, amma ortada daha ciddi səbəblərin olduğunu düşünürəm. Ortaya atılan səbəb səfirin geri çağırılması üçün yetərli deyil”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddətinin başa çatmasına 5 ay qalmasına baxmayaraq, o, vəzifəsindən azad olunub. Buna səbəb isə səfirin bir neçə gün öncə Baku-TV-nin xanım əməkdaşının başı açıq olduğu halda ona müsahibə verməsi və müsahibə zamanı orada Azərbaycan bayrağının olması göstərilir.

Zaira Akifqızı
Globalinfo.az