Əliyevin təkidi: SSRİ rəhbərliyi bunu Azərbaycana verdi

Müasir Azərbaycan iqtisadiyyatının indiki uğurlarının əsası ulu öndərimiz Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərdə qoyulub. O dövrdə dahi şəxsiyyətin respublikada sənaye və aqrar sektorun yüksələn xətlə inkişaf etməsi istiqamətində gördüyü işlər nəticəsində yüksək göstəricilərə nail olunub.

Ən qısa zaman kəsiyində ölkədə pambıq, üzüm və digər aqrar sahə məhsullarının istehsalının rekord həddə çatdırılması Azərbaycan iqtisadiyyatının bənzərsiz yüksəlişinə, insanların isə yüksək həyat səviyyəsinə geniş yol açıb. On üç illik bir dövr ərzində Heydər Əliyev dühası aqrar ölkə olan Azərbaycanı, eyni zamanda, nəhəng sənaye respublikasına çevirib. Belə ki, əgər 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdisə, Ümummilli liderin rəhbərlik etdiyi dövrdə onların sayı 1048-ə çatdırılıb.

Ulu öndər Azərbaycana rəhbərliyinin bi­rinci mərhələsində keçmiş SSRİ-nin büdcəsi hesabına respublikada İttifaq əhəmiyyətli bir sıra nəhəng sənaye müəssisələrinin tikinti­sinə nail olub. Məsələn, yapon mütəxəssislə­rinin iştirakı ilə işə salınan Bakı Kondensi­onerlər Zavodu o dövrdə Sovetlər Birliyində bu məhsula böyük ehtiyac duyulan yeganə sənaye müəssisəsi idi.

Həmin illərdə quşçuluğun sənaye üsulu ilə inkişafını nəzərdə tutan və Macarıstandan alınaraq SSRİ-yə gətirilən nəhəng bir fabri­kin Siyəzəndə tikilməsinin isə çox maraqlı bir tarixçəsini mən Ulu öndərin öz dilindən eşitmişəm. Dahi şəxsiyyət deyirdi ki, dəyə­ri on milyonlarla dollarla ölçülən bu müəs­sisənin əvvəlcə Qazaxıstanda tikilməsi qəra­ra alınsa da, onun təkidi ilə SSRİ rəhbərliyi fabrikin Azərbaycanda – Siyəzəndə inşasına razılıq vermişdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik et­diyi 13 il ərzində gecəli-gündüzlü böyük zəh­mət hesabına ölkəmizi Sovet İttifaqının ən qüdrətli aqrar – sənaye respublikasına çevirə bildi. Onun ölçüyə gəlməyən təşkilatçılıq və idarəçilik qabiliyyəti SSRİ-nin o vaxtkı rəh­bərliyinin diqqətindən kənarda qala bilməz­di. Elə bu səbəbdən də bir müddətdən son­ra dahi şəxsiyyət Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd qəbul edildi. Çox keçməmiş fitri təşkilatçılıq və idarəçilik istedadı olan Heydər Əliyev SSRİ rəhbərliyi tərəfindən Moskvaya–SSRİ Nazirlər Sove­ti sədrinin birinci müavini vəzifəsinə dəvət olundu və Sov. İKP MK-nın Siyasi Bürosu­nun üzvü seçildi. Bu, nüfuzlu bir siyasətçi və dövlət xadiminin nadir istedadına verilən ən yüksək qiymət idi.

İqtisadi tənəzzül yaşamağa başlayan So­vetlər Birliyinin Heydər Əliyev kimi nəhəng qurucu kadra ehtiyacı var idi. Moskva ona yeni vəzifəsində ən ağır və ən mürəkkəb təşəbbüslərin gerçəkləşdirilməsini tapşırdı. Həmin dövrdə SSRİ-də reallaşdırılmasına başlanan, olduqca mürəkkəb bir layihəyə – Baykal-Amur magistralı (BAM layihəsinə rəhbərliyin Heydər Əliyevə həvalə edilməsi isə onun yüksək təşkilatçılıq qabiliyyətinə SSRİ rəhbərliyinin inamından qaynanqla­nan bir qərar idi. Bu yüksək vəzifədə Ulu öndərin əldə etdiyi ciddi uğurlar Kreml dəh­lizlərində M.Qorbaçov kimi “dil pəhləvanla­rının” böyük qısqanclığı ilə qarşılandı. SSRİ rəhbərliyində bir səs çoxluğu ilə baş vermis dəyişikliklə Heydər Əliyevə qarşı təziqlər getdikcə artdı və sonda onun bu vəzifədən istefası ilə nəticələndi.

Bundan bir müddət sonra isə tarix başqa bir formada təkrarlandı. Heydər Əliyev kimi fitri idarəçilik və siyasi istedadı olan dövlət xadiminin Azərbaycana ikinci dönüşü baş verdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvana qayıdan Ulu öndər az bir vaxt ər­zində muxtar respublika üçün əvəzsiz işlər gördü. Naxçıvanla Türkiyəni əlaqələndirən Araz çayı üzərində körpünün tikintisi o döv­rün ən böyük tarixi hadisəsi idi. Bu körpü blokada şəraitində yaşayan Naxçıvan üçün, necə deyərlər, nəfəslik idi. Ona görə də Nax­çıvan iqtisadiyyatında tənəzzülün qarşısının alınması, muxtar respublika sakinlərinin təminatının müəyyən bir səviyyədə saxla­nılması üçün bu körpü haqlı olaraq “həyat yolu” adlandırıldı.

Yenicə müstəqilliyini əldə etmiş Azər­baycanda o dövrdə dərin siyasi, sosial-iq­tisadi böhran yaşanırdı. Sovetlər Birliyinin dağılması səbəbindən vaxtılə bir iqtisadi məkanda olduğumuz respublikalarla və on­ların ərazilərində yerləşən İttifaq əhəmiyyətli müəssisələrlə əlaqələrin pozulması səbəbin­dən Azərbaycanın iqtisadiyyatı iflic vəziyyə­tinə düşmüşdü. Səriştəsiz hökumət isə yerli müəssisələrin fəaliyyətini təmin etməkdə aciz idi. İqtisadiyyatı və büdcəsi bərbad hala düşən belə bir ölkə öz ərazisini düşmən təca­vüzündən necə qoruya bilərdi?

Onu da xatırladım ki, Azərbaycan 1992-ci ili Dövlət büdcəsini təsdiq etmədən başa vurmuşdu. Bu hal 1993-cü il üçün də təkrar oluna bilərdi. Lakin səriştəsiz idarəçilik nə­ticəsində ölkənin üzləşdiyi siyasi, sosial-iq­tisadi böhrandan xilası üçün Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev az bir vaxt ərzində respublikanın iqtisadi və maliy­yə sektorunun fəaliyyətini öz nəzarətinə gö­türdü. Elə bunun nəticəsi idi ki, Azərbaycan həmin ili təsdiq olunmuş Dövlət büdcəsi ilə başa vura bildi.

İctimai-siyasi gərginliyin son həddə çat­dığı 1994-cü il Azərbaycan tarixində ən çətin dönəmlərdən biri idi. Dağılmış iqtisadiyyat və hiperinflyasiya ölkə həyatını iflic halına salmışdı. Respublikada bir-birinin ardınca dövlət çevrilişi cəhdləri baş verirdi. Lakin bütün bunlara baxmayaraq, Ulu öndər ölkə­də inflyasiyanı cilovlamaq, iqtisadi islahat­lara start vermək, ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsiplərinə söykənən əsaslar üzərinə transformasiya etmək istiqamətində bir-birinin ardınca qətiyyətli qərarlar qəbul etdi. Görülən tədbirlər bir il ərzində ölçüləri 1750-1800 faizə çatan hiperinfilyasiyanı ci­lovlamağa və 1995-ci ilin sonlarında isə onu 10 faiz səviyyəsinə endirməyə imkan verdi. 1996-cı ildən etibarən Azərbaycan iqtisadiy­yatı yeni relslər üzərində uğurla inkişaf et­məyə başladı.

Bu uğurun təməli 2004-cü ildə imza­lanmış “Əsrin müqaviləsi” ilə qoyuldu. Bu sənəd isə müasir Azərbaycan iqtisadiyyatı­nın Ümummilli lider tərəfindən qoyulmuş ən dərin və ən etibarlı bir bünövrəsi idi. İc­timai-siyasi vəziyyətin qeyri – sabit olduğu, mütəmadi dövlət çevrlişi cəhdlərinin baş verdiyi bir dönəmdə dünyanın ən iri neft kompaniyalarının “Əsrin müqaviləsi”nə mil­yardlarla dollar sərmayə yatırtmasına bənzər bir hadisə indiyə qədər dünya tarixində baş verməmişdi. Bu investisiyalar hər hansı bir müqaviləyə yatırımlar deyildi. Bu, Heydər Əliyev siyasi iradəsinə olan güvənə yatırılan və milyard dollarlarla ölçülən sərmayə idi.

Bu gün regionun ən nüfuzlu dövlətinə çevrilmiş və 44+1 gündə öz torpaqlarını 30 illik erməni işğalından azad etmiş Azər­baycanın güclü iqtisadiyyatının təməl daşını onun memarı dahi şəxsiyyət Heydər Əliyev qoymuşdu.

Fikrət Yusifov
iqtisad elmləri doktoru,
professor