“Bələdiyyə orqanına qulluğa qəbul rüşvət, qohumluq və tanışlıqla həyata keçirilir”

Yeni idarəetmə sisteminə keçid haqda danışılarkən seçkili orqanların adı çəkilmir. Məsələn, dünyada ən effektiv idarəçilik bələdiyyə institutu sayılır. Amma özünüidarə orqanı olan bu sistemin Azərbaycanda effektiv fəaliyyəti hələ ki, mümkün olmur.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Globalinfo.az-a bildirib ki, Qərb təsisatlı seçki orqanları ənənəsi Azərbaycanda zəifdir və bu da bizim hüquq sistemi ilə bağlıdır:

“Bizim Sosial Tədqiqatlar Mərkəzi 2020-ci ildə yerli özünü idarəetmə qurumlarına, yəni bələdiyyələrə münasibəti öyrənəndə maraqlı nəticələr ortaya çıxdı. Sorğuda iştirak edən respondentlərin 71.5%-i bələdiyyəyə maraq hiss etmədiyini qeyd etmişdi, 26%-i bu günədək heç bir bələdiyyə seçkisində iştirak etməmişdi, 72% respondent il ərzində heç bir bələdiyyə xidmətindən istifadə etməyib və bu barədə informasiyası da yoxdur”.

Ekspertin fikrincə, bələdiyyələrin yenidən təşkili həyata keçirilməlidir:

“Bu, regional olaraq bölgənin inkişafını hesabatlarla təsdiqləməlidir. Bələdiyyələrin müstəqil və hesabatlılıq əsasında fəaliyyət göstərməsinə şərait yaratmalıyıq.

İkincisi, sosial bələdiyyəçilik anlayışı var. Biz hər birimiz sosiumun elementləriyik. Bizim idarəetməmiz yerli və seçkili idarəetməyə əsaslanmalıdır ki, sosial bələdiyyəçilik modeli təşviq edilsin və mərkəzi icra orqanının üzərində vətəndaşın neqativ ağır yükü olmasın. Bölgədə hüquqlarımız pozulanda, bələdiyyələr bu problemi yoluna qoya bilsə, biz onu məhkəmələr, şikayətlər, ərizələr vasitəsilə mərkəzi icra qurumunun üzərinə, məsələn Prezident Administrasiyasına daşıyıb gətirmərik.

Üçüncüsü, bələdiyyələrin qiymətləndirilməsi aparılmayıb. Prezident beş illik regionların sosial iqtisadi inkişaf proqramı elan edib. Mütləq sosial bələdiyyəçilik də, sahibkar bələdiyyəçiliyi də nəzərə alınmalıdır və həmin proqramlara uzlaşdırılmalıdır”.

Əziz Əlibəyli

Ə.Əlibəylinin sözlərinə görə, bütövlükdə, bələdiyyələr assosiasiyalaşdırılıb:

“Ola bilər ki, kəndlər birləşər, qəsəbələr birləşər və müvafiq büdcə çərçivəsində kommunikasiya, infrastruktur problemləri həll oluna bilər. Məhz bələdiyyə dövlətlə vətəndaş arasında ən çevik kommunikasiya qura bilən qurum olmalıdır, nəinki icra hakimiyyəti. İcra nümayəndələri təyinatlı sistemdir və təyin olunduğu qurumun qarşısında məsuliyyət daşıyır, seçicinin qarşısında yox.

Bələdiyyə orqanına qulluğa qəbul müsabiqə qaydaları ilə yox, rüşvət, qohumluq və tanışlıqla həyata keçirilir. Ona görə insanlar onlara inanmır. Bələdiyyələrin sayı müvafiq əhalinin sayına uyğun olmalıdır. Bələdiyyələrin dövlət idarəçiliyinin tərkib hissəsi kimi statusu yoxdur. Peşə bayramı günü də yoxdur”.

O qeyd edib ki, adətən bələdiyyə sistemi ilə bağlı Türkiyə təcrübəsi nümunə gətirilir:

“Artıq kommunal ödənişlərin toplanması bir qədər smartlaşıb. Bütövlükdə regionlarda bələdiyyələrin büdcə vəsaitindən ayırmağın hesabına gördükləri işlər var. Amma həmin işlərin hesabatı yoxlanılmadı.

Hesab edirəm ki, yerli özünü idarəetmənin maliyyə resurları, büdcə siyasəti müasirləşdirilməlidir. İcra nümayəndəlikləri və mərkəzi icra hakimiyyətinin səlahiyyətləri ümumiyyətlə alınmalıdır. Yeni idarəetmə modeli, seçkili idarəetmə kimi bələdiyyədən unikal, optimal qurum yoxdur”.

Gülnar Səlimova
Globalinfo.az