Argentina Fransadan daha çox ermənipərəstdir? – İdman şərhçisinin və politoloqun RƏYİ

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final matçında Argentina və Fransa yığmaları arasında qızğın mübarizənin şahidi olduq. Final oyununu böyük maraqla izləyən azərbaycanlı tamaşaçıların əksəriyyəti çempionluq titulunu qazanan Argentina millisinə azarkeşlik edirdilər. Bu, sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib, Argentinadan yana tərəf tutduğumuzu yanlış dəyərləndirənlər olub. Arqument isə budur ki, Argentina ermənipərəstlikdə Fransadan geri qalmır.

Qələbəsinə sevindiyimiz Argentina Fransadan daha çox ermənipərəstdir? Digər tərəfdən, idmanla siyasəti eyniləşdirmək nə dərəcədə doğrudur?

“Müharibələrin, böhranların səbəbkarları idmançılar yox, siyasətçilərdir”

Tanınmış idman yazarı, Qol.az saytının baş redaktoru Aydın Bağırov Globalinfo.az-a bildirib ki, bunlar daha çox azarkeş yanaşmasıdır ki, bunu da anlayışla qarşılamaq lazımdır:

“Çünki son illər Fransa Senatında Azərbaycanla bağlı və ermənilərin maraqlarına xidmət edən qərəzli qərarlar verilib. Eləcə də bir zamanlar Argentina parlamenti də qondarma “erməni soyqırımı”nı tanıyan qərar verib. Bu məntiqlə gərək bizim azarkeşlər heç Argentinanın da tərəfini tutmaya idi. Amma şahidi olduq ki, Messiyə görə az qala bütün Azərbaycan Argentinanın qalib olmasını istəyirdi”.

Aydın Bağırovun fikrincə, məsələyə peşəkarcasına yanaşsaq, futbol bu cür yanaşmaları qəbul etmir:

“Müharibələrin, böhranların səbəbkarları idmançılar yox, siyasətçilərdir və bəzən idmançıların da siyasi qərarlardan əziyyət çəkdiyi anlar olub. Biz dünən dünya çempionatında əla bir finalın şahidi olduq. Təbii ki, idman tarixində məhz bu oyun, Messinin, Mbappenin fədakarlığı qalacaq. Kaş ki, bizdə bunlardan daha çox danışıla idi”.

“Argentina və Uruqvay erməni “soyqırımı” məsələsini Türkiyəyə təzyiq kimi istifadə ediblər”

Politoloq Əziz Əlibəyli isə bildirib ki, hər iki dövlət – Fransa və Argentina ermənispərəstdir:

“Sadəcə bizim Argentinanı müdafiə etməyimiz bir az Fransanın son zamanlar Azərbaycan əleyhinə birbaşa dövlət siyasətini nümayiş etdirməsi faktına bağlıdır.

Erməni soyqırımını tanıma məsələsi üzərindən qiymətləndirsək, bu siyahıda Argentina da var. Amma bunlar bir az fərqli məsələlərdir. Çünki Argentinada zamanında de-fakto hakimiyyətdə olan qüvvələr “Soyuq müharibə”nin də təsirindən kapitalizm və sosializm cəbhəsi arasındakı savaşın aləti kimi erməni məsələsini geniş istifadə ediblər. Argentina və Uruqvay erməni soyqırımı məsələsini təzyiq kimi Türkiyəyə qarşı istifadə ediblər.

Amma maraqlısı odur ki, Argentinada ermənilər ona görə anti-Türkiyə mövqeyində olublar ki, bunlar həm 20-ci əsrin əvvəllərində Osmanlı dönəmində Anadoludan köçən ermənilərdir, həm də 20-ci əsr boyunca Osmanlı coğrafiyasından – Suriyadan, Kilikiyadan, Livandan köçənlərdir. Xüsusilə də 20-ci əsrin əvvəllərində köçənlərin sayı bu gün təxminən 200 minə yaxındır. Onlar Buenos-Ayres ətrafında cəmləşiblər. Onların bir əsrdən artıq müddətdə lobbiləşməsi və diasporalaşması nəticəsində hətta kabinetdə nazirləri olub, futbol komandaları olub. Bunların hamısı ötən əsrin 80-ci illərinə qədər olan məsələlər üzərində baş verib”.

Ekspert qeyd edib ki, buna baxmayaraq, indiki məqamda Argentina beynəlxalq səviyyədə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir və iddialarının olmadığını da vaxtaşırı dilə gətirib:

“Bu baxımdan Argentina ilə Fransanın mövqeyini eyniləşdirmək olmaz. Digər yandan, Argentinaya rəğbətimiz Fransa ilə qarşılaşmasına görə oldu. Fransa bizə münasibətdə erməniləri açıq şəkildə müdafiə etdiyi üçün, bir az da düşmənçilik fonunda bu rəqabətdə Argentinanın yanında yer almağızı şərtləndirdi. Şübhəsiz ki, Argentina Fransadan daha artıq ermənipərəst deyil. Sadəcə qeyd etdiyim kimi orada çox güclü lobbisi var”.

Gülnar Səlimova
Globalinfo.az