İrəvan Bakının təklif etdiyi “qızıl şans”ı necə itirdi? – Sabiq nazir detalları açdı

Globalinfo.az sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovla müsahibəni təqdim edir:

– Fikrət bəy, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsi zamanı deyib ki, “Zəngəzur dəhlizi bizim üçün cəlbediciliyini itirib”. Bu, faktiki olaraq Ermənistanın son 30 ildə 3-cü böyük layihədən kənarda qalması deməkdir. Sizcə, rəsmi İrəvanın Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələrindən sonra indi də Zəngəzur dəhlizindən kənarda qalmasının Ermənistan üçün hansı fəsadları olacaq?

– Ermənistan bir dövlət kimi Cənubi Qafqazda qalmaq istəyirsə, transmilli layihələrdə iştirak etməlidir. Əks təqdirdə regionda təcrid olunmuş bir ölkə kimi qalacaq.

Ermənistanın heç bir dənizə çıxışı yoxdur. Buna paralel olaraq qərbdə Türkiyə, şərqdə isə Azərbaycanla sərhəddi var. Ermənistanın Gürcüstan və İranla sərhədində də azərbaycanlılar kompakt şəkildə yaşayır. Yəni Zəngəzur dəhlizinin açılması gec-tez baş verəcək.

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təklifini rəsmi Tehran dərhal qəbul etdi. Artıq iki ölkə arasında sazişlər, protokollar, müqavilələr var. Ermənistandan fərqli olaraq İran başa düşür ki, bu layihə ona hansı müsbət dividentləri verə bilər. Ona görə də layihənin icrasında maraqlı və həvəslidir.

Sizin qeyd etdiyiniz kimi, Ermənistan son 30 ildə üçüncü meqalayihədən imtina edir. O vaxt Bakı-Tbilisi-Ceyhan layihəsinin Ermənistandan keçməsi gündəmdə idi.

– Belə çıxır ki, Bakı-Tbilisi-Ceyhan Ermənistandan keçməli idi?

– Bəli. Bu layihə gündəmdə olarkən ən qısa marşrutun haradan keçdiyi müzakirə edilirdi. Ermənistan da ehtimal ölkələrdən idi. Çünki bu, layihənin məsafəsini və təbii olaraq xərcini azaldırdı. Lakin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bu layihənin həmin formada icrasını mümkünsüz etdi.

– Ermənistan bir yandan Zəngəzur dəhlizinin açılmasını istəmir, digər tərəfdən isə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq forumunda deyib ki, ölkəsi siyasi fikir ayrılıqları başa çatandan sonra Azərbaycandan təbii qaz almağa hazırdır.

– Qloballaşma prosesi elə həddə çatıb ki, özünütəcrid mümkün deyil. Azərbaycan dediklərini bir-bir edir. Ölkə başçısının dediyi kimi, bizim sözümüz imzamızdır. Ona görə indiki reallıqlar fonunda mən Ermənistanın bir dövlət kimi perspektivini görmürəm.

– Sizcə, rəsmi Bakının Ermənistandan deyil, İran ərazisindən yol çəkməsi eyni effekti verəcək?

– Yolun Ermənistan və ya İrandan keçməsinin heç bir fərqi yoxdur. Yeganə fərq yolun bir-iki kilometr uzanması olacaq. Ancaq bütövlükdə bu yolun ən yaxşı xətti Mehridən keçməsidir. Həm iqtisadi, həm siyasi cəhətdən Ermənistana da, Azərbaycana da dividentlər verə bilər.

Ermənistan gec-tez Zəngəzur dəhlizinin açılışına icazə verəcək, çünki başqa yolu yoxdur. Bu, Qərblə Şərqin kəsişdiyi nöqtədir.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az