Tbilisinin Cənubi Qafqaz planı: Liderlik uğrunda savaş başlayır

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin 3+3 formatı ilə bağlı açıqlamaları regionun əsas gündəm mövzusuna çevrilib.

Gürcü deputat deyib ki, Gürcüstanın bu formatdan imtinasının səbəbi Rusiya ilə gərgin münasibətlərlə bağlıdır. Lakin o bildirib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını, beləliklə regionda lider dövlətə çevrilmək istəyir.

Cənubi Qafqazda liderlik istəyən bir ölkənin region üçün son dərəcə vacib hesab edilən bir formatdan imtina etməsi isə siyasi dairələrdə müzakirələrə səbəb olub.

Bəs sülh müqaviləsinin Gürcüstanda imzalanması mövcud şəraitdə real görünürmü? Gürcüstan niyə region üçün vacib olan bir formatı pozur? Tbilisinin Cənubi Qafqazda liderlik hədəfi Bakının məqsədlərinə uyğun gəlirmi?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, sözügedən format Cənubi Qafqaz üçün bir çox əhəmiyyətə malikdir:

“3+3 formatının həyata keçirilməsi sadəcə iştirakçı ölkələr deyil, bütün dünyanın çalxalandığı, regionda təhlükəli oyunların aparıldığı bir zamanda bütövlükdə Cənubi Qafqaz üçün faydalı olacaq. Düşünürəm ki, hazırkı gərgin şəraitdə bu altı ölkənin bir-biri ilə əməkdaşlığı, yaxın əlaqələr qurması regionun üzərində təhlükəsizlik çətiri açılmasına töhfə verə bilər. Təəssüf ki, Rusiyanın Gürcüstan torpaqlarına müdaxiləsi səbəbi ilə yaranan münaqişə bu formatın tam şəkildə həyata keçirilməsinə imkan vermir. Artıq bizə bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin də dilindən eşitdik. 3+3-ün reallaşması üçün mütləq şəkildə Rusiya ələ keçirdiyi Gürcüstan torpaqlarından geri çəkilməlidir. Lakin biz hələ Kremlin bu kimi hər hansı addımına şahid olmamışıq, belə bir niyyəti yoxdur. Bu amil isə formatın tamlıqla reallaşmasına əsas maneədir”.

Politoloq sülh müqaviləsinin harada imzalanması ilə tərəflərdən daha çox beynəlxalq güclərin maraqlandığını deyib:

“Hesab edirəm, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hansı məkanda imzalanmasının heç bir fərqi yoxdur. Bütün hallarda bu proses özü Azərbaycanın maraqlarına uyğundur. Amma bunun Tbilisidə, Moskvada, Vaşinqtonda, yaxud Brüsseldə imzalanacağına dair dəqiq bir şey demək mümkün deyil. Çünki hazırda dünyada Rusiya ilə kollektiv Qərb arasında nüfuz savaşı gedir. Bunlar bütün nöqtələrdə amansız müharibə aparırlar. Bakı və İrəvan arasında imzalanması nəzərdə tutulan sülh sazişi uğrunda da belə bir mübarizə gedir. Rusiya bunun Moskvada reallaşmasını, Qərb isə Brüsseldə olmasını istəyir. Ona görə də sazişin harada imzalanması Bakı və İrəvandan çox bu qüvvələri maraqlandırır”.

E.Abdullayev bildirib ki, Gürcüstanın regionda liderliyi məsələsi reallığa uyğun deyil:

“Müqavilənin Tbilisidə imzalanması, heç də Gürcüstanın Cənubi Qafqazda liderə çevriləcəyi mənasına gəlmir. Regionun lider ölkəsi artıq bəllidir. Xüsusilə İkinci Qarabağda müharibəsindən sonra bütün dünya bilir ki, Cənubi Qafqazın lideri Azərbaycandır. Yəni sazişin imzalanması halında Gürcüstanın lider olacağı iddiası doğru deyil. Əsas müqavilənin imzalanması və həyata keçirilməsidir, onun harada olması vacib deyil. Bunların heç biri Bakını narahat etmir”.

Qeyd edək ki, 3+3 formatında ikinci görüş Gürcüstanın iştirakı olmadan, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri arasında oktyabrın 23-də keçirilib.

Ayşən Mustafa
Globalinfo.az