Rusiya, İran, Ermənistan Turan yoluna daxil olur – Azərbaycan böyük siyasi-iqtisadi konfiqurasiyanın açarı rolunda

Azərbaycan Türk dünyasını birləşdirən amildir. Qarabağ münaqişəsinin həllindən sonra türk dövlətləri arasında yaxınlaşma, inteqrasiya sürətləndi. Ən son Səmərqənd Zirvəsi bu prosesin ana xəttinə çevrildi.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətini önə çəkərək onun açılmasından bütün region ölkələrinin faydalanacağını vurğuladı.

Dövlət başçısı İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını qeyd etdi.

“Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”.

Bundan əvvəl İ.Əliyev 2021-ci ilin 26 oktyabr tarixində Füzuli aeroportunun açılışından sonra Zəngilanda keçirilən tədbirdə demişdi ki, Zəngəzur dəhlizi Türk dünyasını birləşdirir.

Ekspertlər dəhlizin region dövlətləri üçün iqtisadi və siyasi dvidentlərini şərh edib.

İqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması regionun bütün dövlətlərinin maraqları ilə uzlaşır:

“Dəhlizin fəaliyyətə başlaması ilə loqistika daha tez və ucuz başa gələcək. Azərbaycan isə loqistik mərkəz rolunu oynadığından əlavə divident və vəsait qazanacaq”.

N.Cəfərli deyib ki, dəhliz sanksiyalar altında olan İrana da əlavə dividentlər qazandıra bilər. Həmçinin, Zəngəzur dəhlizi Moskva üçün də sərfedicidir:

“Bu istiqamətdən yükdaşımaların həyata keçirilməsi üçün Rusiyanın Gürcüstandan başqa alternativi yoxdur. Bu mənada koridor Rusiyadan Ermənistana həm dəmir yolu, həm də avtomobil yollarının açılması anlamına gələcək”.

Ekspert deyib ki, bu dəhliz Ermənistana da sərf edir. İrəvan bu yoldan istifadə etməklə şərq, qərb, şimal və cənub istiqamətlər üzrə əlavə yol şəbəkəsi əldə edəcək.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sədrəddin Soltan isə qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə düşməsi region ölkələri üçün çox böyük əhəmiyyət kəsb edəcək:

“Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirməklə yanaşı, Avropa ilə Türkiyəni, Türkiyə ilə Azərbaycanı və Orta Asiya respublikalarını birləşdirir. Bu, Naxçıvanın blokadadan azad olunmasına, İranın regionda əməkdaşlığa qoşulmasına yardım edəcək. Bu dəhliz həm də Ermənistanın qışda və sərt hava şəraitində Gürcüstandan keçən xətlərdən xilas olması, onun daha böyük və güclü kommunikasiya xətti ilə əlaqəsi deməkdir. Həmçinin, dəhlizin açılması Ermənistanın əlavə gəlir mənbəyinə çevrilə, eləcə də Orta Asiya respublikaları ilə Ermənistan arasında əlaqələri gücləndirə bilər. Bütün bu xətti Türkiyə, Azərbaycan, Orta Asiya təhlükəsizlik xətti kimi də dəyərləndirmək olar. Bu istiqamətdə perspektivdə Orta Asiya neft və qazının Avropaya çıxması da mümkün ola bilər. Bu isə həm də Ermənistanın pozuculuq fəaliyyətindən əl çəkməsi, regional təhlükəsizliyə xidmət edən addımlar atmasından asılıdır”.

Sədrəddin Soltanın fikrinə görə, dəhliz Türkiyə və Azərbaycanın Orta Asiya ilə sadəcə iqtisadi birləşməsi və əlaqələrin inkişaf etməsi deyil, həm də Türk dünyasının siyasi xəttinin ortaya çıxması, türk dövlətləri arasında maneələrin aradan qalxmasıdır: “Koridor fəaliyyətə başlayarsa, Türk dünyası dövlətləri arasında maneələrdən biri aradan qalxır. İndiyədək bu maneələrdən biri Zəngəzur ərazisi sayılır. Azərbaycan Sovetlər tərəfindən işğal edildikdən sonra bu ərazi Ermənistana birləşdirilib və Türkiyə ilə aramızda quru yolu kəsilib”.

S.Soltan qeyd edib ki, dəhlizin Ermənistana heç bir ziyanı yoxdur və təhlükəsiz hesab olunan bu xətdən Rusiyadan asılılığını aradan qaldırmaq üçün faydalana bilər:

“Məmməd Əmin Rəsulzadənin “Azərbaycan əski Turanın göbəyi, yeni Turanın açarıdır” deyimi müasir dünyamızda Türkiyə, Azərbaycan, Orta Asiya əlaqələrinin inkişafı ilə reallaşır və Azərbaycan öz açar rolunu göstərir”.

Gülnar Səlimova
Globalinfo.az