Bu dövlətlər yığışıb Ermənistanı başa salmalıdır ki…

Ermənistanın Qərbin təsir plastdarmına çevrilməsinin qarşısını almaq üçün regionun bütün dövlətləri – Rusiya, Azərbaycan, Türkiyə, İranla birləşməlidir. Artıq bu istiqamətdə təklif, rəy səsləndirilir.

Bəs bunun qarşısını almaq mümkün olacaqmı? Ermənistan vasitəsilə Qərb bu regionda qurulan sabitliyi pozmağa hesablanmış planlarını icra edə biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, regionun gələcək geosiyasi və geostrateji konfiqurasiyasının necə olacağını qabaqcadan söyləmək bir qədər çətindir:

“Ona görə ki, region dövlətlərinin birləşməsinə mane olan yetərli səbəblər var. Türkiyə və Azərbaycandan başqa bu ölkələrin heç biri özləri arasında normal qonşuluq münasibətlərinə malik deyillər. Hər şeydən öncə onlar aralarında olan problemləri və hətta düşmənçiliyi aradan qaldırmaq lazımdır. Bundan sonra regiondaxili münasibətlərin inkişaf etdirilməsinə baxmaq olar.

Ermənistanın Qərbin diktəsi ilə oturub-durması onun zəif halqa olmasını sübut edir. Amma son günlər Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istiqamətində atdığı addımlar onun real vəziyyəti dərk etməyə yaxınlaşdığını göstərir”.

Politoloq deyib ki, Azərbaycan və Türkiyə kimi regionun aparıcı dövlətlərinin yardımı və marağı olmadan Ermənistanın təhlükəsizliyinin təmin edilməsi mümkün olmadığı kimi, Ermənistanın iştirakı olmadan region dövlətlərinin də birlikdə harmoniyada yaşaması olduqca çətindir:

“Məhz buna görə də Rusiya-İran-Azərbaycan-Türkiyənin birləşməsi haqqında məsələ qalxarsa, ilk növbədə Ermənistanı başa salmaq lazımdır ki, onun Avropa qüvvələrini regiona gətirmək haqqında etdiyi gedişlər qəbuledilməzdir və bu elə Ermənistanın əleyhinə işləyəcək. Amma İranın bu istiqamətdə konstruktiv mövqe tutacağı da gözlənilən deyil. 5 aprel Brüssel görüşünə münasibət də dediyimizin sübutudur.

Burada Türkiyə, Azərbaycan, Rusiya, Fransa və Aİ-nin təhriki ilə keçirilən Ermənistanla bağlı görüş və konfransın mənfi nəticələrə səbəb olacağını öz bəyanatları ilə bildirsələr də İran susmağı üstün tutdu.

Elə məhz buna görə də öncə region ölkələrinin bir yerə toplaşıb regional siyasət yeritmək istiqamətində qərar qəbul etməlidirlər. Məhz bundan sonra birgə xarici siyasətdən söhbət gedə bilər”.

Turan Rzayev
Globalinfo.az