Millətin bazarını bağlayan, çörəyinə bais olan hansı oliqarxdır? – İqtisadçıdan açıqlama

Artıq bir neçə gündür ki, Nizami rayonunda yerləşən və “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinin (TM) bağlanacağı deyilir. Bu xəbər sosial şəbəkələrdə ciddi müzakirələrə və haqlı narazılıqlara səbəb olub. Maraqlıdır, yüzlərlə, bəlkə də minlərlə satıcının taleyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hələlik hansı qərarın veriləcəyi məlum deyil.

İqtisadçının sözlərinə görə, “8-ci km bazarı” deyilən ərazi həddindən artıq böyük yerdir:

“Necə deyərlər, bir çoxlarına görə ora onlarla bina tikə bilmək üçün “yağlı tikə”dir. Çünki bazarı söküb, yerində evlər tikmək olar. Yəqin bu baxımdan həmin ərazi uğrunda mübarizə gedəcək. Kimlərin və hansı formada qalib gəlməsi hələ məlum deyil. Deyilənə görə, bazarda təxmini 1500-2000 nəfər çalışır, evinə çörək pulu aparır. Bu, kifayət qədər böyük bir rəqəmdir. O adamların da hər birinin 4-5 nəfər ailə üzvlərini saysaq, deməli, bazarın sökülməsi 10 min nəfərə yaxın insanın həyatına təsir göstərəcək”.

Natiq Cəfərli

N.Cəfərli “Vosmoy bazar”ının sovet dönəmindən bəri fəaliyyət göstərdiyini qeyd edib:

“Bu da o deməkdir ki, uzun illər orada çalışan, iqtisadi sistemə uyğunlaşan insanlar var. Hər şey bir kənara, amma onların halları çox pis olacaq. Çünki orada mülkiyyət hüquqi ilə bağlı problemlər mövcuddur, bir çoxları icarə müqaviləsindədir. Oranın sökülməsinə qərar verilsə, insanların kompensasiya alması da müşkülə çevriləcək. Fikrimcə, bu məsələ müzakirə olunub, təcili öz həllini tapmalıdır. Əgər görünüş baxımından problem varsa, onu yenidən təmir edib kənd təsərrüfatı bazarı kimi fəaliyyətini davam etdirmək olar. Yox, əgər dava mülkiyyət, torpaq, hansısa məmurların və ya onlara bağlı olan şirkətlərin davasıdırsa, açığı, kimin qalib gəlməsindən asılı olmayaraq o zonanın taleyi də həll olunacaq”.

İqtisadçı təəssüf hissi ilə bildirib ki, bazarın bağlanmasına dair qərar verilərsə, o zaman yüzlərlə insan işsiz qalmış olacaqlar:

“Bazarı bağlamaq heç də doğru addım deyil. Çünki kənd təsərrüfatı bazarları Azərbaycanın, Bakının bir tarixidir, ənənəsidir. Həm də insanların səhər saatlarında bazara gedib alış-veriş etməsi, satıcıdan qiymət endirimi gözləməsi, sövdələşmələrin olması hamısı bir ənənədir. Azərbaycanda demək olar ki, bazarların hamısı bağlanır. Böyük bazar kimi “8-ci km bazar”ı fəaliyyət göstərirdi. O da bağlansa, bu, Bakının ticarət ənənələrinə zərbə vurmuş olacaq”.

Zaira Akifqızı
Globalinfo.az