İranla Azərbaycan arasında nə baş verir? – Cənub bölgəsində sensasion gəlişmə – ŞƏRH/FOTOLAR

Xəbər verildiyi kimi, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin və körpünün açılışı olub. Açılış mərasimində İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.

Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi və daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu körpünün açılışı ilə iki ölkə arasında giriş-çıxış tranzit nəqliyyat vasitələrinin tutumu artacaq.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayından ölkə arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə başlanacaq. İranla kommunikasiyaların, loqistik vasitələrin artımı nə vəd edir? Bu, Zəngəzur dəhlizini əvəz edə biləcək alternativ sayıla bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Naqif Həmzəyev deyib ki, uzun illər Rusiya-Azərbaycan-İran arasında Şimal-Cənub dəhlizinin işə düşməsilə bağlı razılaşma var.

Onun sözlərin görə, layihənin uzanması və öz potensialını işə sala bilməsinin əsas səbəbi İranla Azərbaycanı birləşdirən ərazidə dəmir yolu xəttinin və yeni körpünün tikintisi məsələsi ilə əlaqədar olub:

Naqif Həmzəyev

“Düşünürəm ki, körpünün açılışından sonra bu layihə ən qısa zamanda öz gücünü, potensialını reallaşdıra biləcək. Ümumilikdə Hind Okeanından başlayaraq İran ərazisi və Azərbaycandan keçməklə Rusiyaya, yaxın gələcəkdə isə hətta Rusiyadan Avropaya belə yükdaşmaların birbaşa dəmir yolu və avtomobil vasitəsilə daha intensiv olacağını düşünürəm. Xüsusilə də münaqişələr və gərginliklər fonunda bu yolun işə düşməsi region dövlətləri və Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətli, olduqca əlverişli bir layihə kimi dəyərləndirilməlidir. Bununla yanaşı, İran və Azərbaycan ərazisindən Zəngəzur və Naxçıvanı birləşdirən körpü tikilir, avtomobil və dəmir yolu xətlərinin də keçməsi planlaşdırılır”.

N.Həmzəyevin fikrincə, Ermənistanla sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılması, eyni zamanda Ermənistanla digər kommunikasiyaların işə düşməsilə Azərbaycanın qurduğu nəqliyyat şəbəkəsi, yükdaşımalar şəbəkəsi daha da gəlir əldə edə və çoxlu sayda yüklərin daşınmasını həyata keçirə bilər:
“Həmçinin bu körpünün tikilməsilə İrandan keçən yüklərin Azərbaycan ərazisindən Gürcüstana, Gürcüstandan isə Qara Dəniz vasitəsi ilə Avropa bazarlarına çıxarılmasına da təmin edəcək. Ümumilikdə məhz bu körpülərin tikintisi, yeni logistik imkanların artırılması hələ uzun illər Azərbaycanı yük daşımaları mərkəzinə çevirə biləcək. Eyni zamanda, orta dəhlizin də intensiv işə düşməsi, yükdaşmaların həcminin artması bu xəttin çox ehtibarlı, güvənili xətt olduğunu bir daha təsdiqləməkdədir.

Yaxın gələcəkdə Ermənistanla əldə ediləcək sülh də regionumuza uzunmüddətli sabitlik və əminəmanlıq gətirəcək. İş adamlarının Azərbaycandan keçən Şimal-Cənub xətti və Zəngəzur dəhlizilə yüklərin daşınmasını daha da sürətləndirəcək. Ümumilikdə isə bu, Azərbaycan iqtisadiyyatının güclənməsinə səbəb olacaq”.

Zaira Akifqızı
Globalinfo.az