Ermənistanın gerçək ərazisi bu qədər olmalıdır – Həmin razılaşmaya görə…

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib ki, “bizim mövqeyimiz çox ədalətli və məntiqlidir: ya siyasi metodologiya, ya xronologiya əsas götürülməlidir, ya da bütövlükdə, heç bir xəritə əsasında biz işimizi qurmamalıyıq”. 

Maraqlıdır, siyasi metodologiya hansı hallarda reallaşa bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, indiki Azərbaycan Respublikasının xəritəsi nə tarixi, nə siyasi, nə də xronoloji mənada gərçəyi əks etdirir:

“19-20-ci əsrlərə nəzər saldıqda görürük ki, Rusiya İmperiyası işğalı altında olan Quzey Azərbaycan əslində İrəvan, Borçalı, Dərbənd, Naxçıvan, Bakı və b. yerləri də əhatə edirdi. 1828-ci il məsələlərinə qayıtsaq, Çar Rusiyası ilə Qacarlar dövləti arasındakı müharibə nəticəsində Quzey Azərbaycan Rusiyanın işğalı altında qaldı. Oranın ən qədim xalqı azərbaycanlılar hesab edilir. Bu, siyasi metodologiyanı təşkil edir”.

F.Ələkbərlinin sözlərinə görə, 1917-ci il Burjua inqilabından sonra Cənubi Qafqazda təkcə azərbaycanlılar deyil, gürcülər və ermənilər də özlərini göstərirdilər:

“Ermənilərin heç bir dövlətçiliyi olmadığı halda burjua inqilabının nəticələrindən yararlanaraq Zaqafqaziya Seymində təmsil olunması, gürcülər və Azərbaycan türkləri ilə eyni dərəcədə dövlət yaratmaq iddiaları irəli sürmələri siyasi metodologiyaya ziddir.

1918-ci ildə yaradılan Ermənistan (Ararat) Respublikası da tarixi Azərbaycan ərazisində qurulmuşdu. Ona görə də heç bir xəritədən əslində söhbət gedə bilməz. 9 min kvadrat km ərazi Azərbaycan və Osmanlı imperiyası hesabına yaranıb. Burada da bir neçə şərt irəli sürülmüşdü. Birincisi, gələcəkdə gürcülər, ermənilər və Azərbaycan türklərinin birgə dövlətçiliyi davam edəcək, ikincisi, ermənilərin hansısa ərazi iddiası olmadığı halda 9 min kvadrat km ərazini saxlaya bilərlər.

Ən yaxşı halda ermənilər elə həmin ərazilərdə qala bilərlər. Siyasi metodologiyaya əsasən Cənubi Qafqazda erməni dövlətçiliyi yox idi”.

Safura Bənnayeva
Globalinfo.az