“Ermənistan Azərbaycanın təkliflərini qəbul etməsə…” – Səməd Seyidov

Globalinfo.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni təqdim edir:

– Səməd bəy, bildiyiniz kimi Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırıldı. Özü də bu hadisə televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı tərəfindən nümayişkəranə şəkildə edildi. İrəvan bayrağımıza etdiyi təxribatla nə qazandı, nəyə nail oldu?

– Bayrağımızı yandıran şəxs cəzasız qalsa da Ermənistan son hadisə ilə özü-özünü cəzalandırmış oldu. Məsələ ondadır ki, bu hadisə beynəlxalq aləmin gözü qarşısında açıq-aşkar şəkildə baş verdi. Bundan başqa, Ermənistan Ağır Atletika üzrə Avropa çempionatına ev sahibliyi edərkən idmançıların təhlükəsizliyini təmin etmək başda olmaqla bir çox öhdəlik götürüb.
Azərbaycanın bayrağının canlı yayında yandırılması öhdəliklər götürən Ermənistanın vədinə xilaf çıxması və özünü ifşa etməsidir. Bu hadisə həm də onu göstərdi ki, Ermənistan üçün verilən sözlər, götürülən öhdəliklər mənasızdır, əhəmiyyətsizdir. Diqqət etsəniz, rəsmi İrəvan eyni yanaşmanı və davranışı həm də Azərbaycan ilə danışıqlar prosesində sərgiləyir.

Misal üçün, Ermənistan bir müddət öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlasa da daha sonra bundan imtina etdi. Və ya Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da müsbət fikirlər bildirsə də bu prosesin də hələ icra edilmədiyini görürük.

Yəni məsələyə geniş kontekstdə baxsaq görə bilərik ki, İrəvanda Azərbaycanın bayrağının yandırılması heç də qeyri-adi hadisə deyil. Çünki Ermənistan 44 günlük müharibədən sonra bu və bu kimi metodlardan çox istifadə edib. Yəni İrəvan vəd versə də vədi yerinə yetirmir.

– İrəvanda bayrağımızın yandırılması sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb oldu. Bəzi insanlar hesab edir ki, Azərbaycan idmançılarına və bayrağımıza qarşı təxribatın olacağı bəlli idi və buna görə də yarışlara qatılmağımız böyük səhv idi. Siz necə düşünürsünüz, bu çempionatına qatılmamalıydıq?

– Bu yanaşmanı doğru saymıram. Ağır Atletika üzrə Avropa çempionatının Ermənistanda keçirilməsi ölkəmizin belə mötəbər tədbirdən imtinası üçün əsas deyil. Əksinə, biz Ermənistanı məcbur etdik ki, bir sıra öhdəliklər götürsün. Rəsmi İrəvan da bu öhdəlikləri götürdü.
Ermənistan öhdəlikləri götürdüyü halda bu insident baş verdi və özünü dünyada ifşa etdi. Təsadüfi deyil ki, hadisədən dərhal sonra Gənclər və İdman Nazirliyi Ağır Atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması üçün qərar qəbul etdi. Yerində və düzgün qərar idi. Ölkəmiz ən düzgün qərarı verdi. Azərbaycan bu hadisə fonunda çox ciddi dividentlər əldə etdi.

– Bir neçə gün öncə dumanlı hava ilə əlaqədar yolunu azaraq Ermənistan tərəfinə keçən iki əsgərimizin saxlanılaraq işgəncə verilməsini əks etdirən görüntülər yayıldı. Göründüyü kimi İrəvanda bayrağımızın yandırılması Ermənistanın ilk təxribatı deyil…

– Azərbaycan son hadisələr ilə bağlı Ermənistana qarşı diplomatik və hərbi təzyiq edə bilər. Bu istiqamətdə fəaliyyətə başlanıldığını da demək olar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlara, o cümlədən işlədiyimiz Avropa Şurasına lazımi müraciətləri etmişik. Onu da deyim ki, müraciətlərimiz fonunda dəstək də alırıq.

Ermənistan başa düşməlidir ki, bu cür provokasiyalar etdikcə sadəcə Azərbaycanın mövqeyi güclənir. Bizim ordumuz və hərbi qüdrətimiz hazırda prosesləri həll etməyə qadirdir.
Ermənistan başa düşmür ki, indiki məqamda Azərbaycanın təkliflərini qəbul etməsə özü öz sonunu gətirəcək.

– Səməd bəy, etiraf etmək lazımdır ki, iki xalq arasında nifrət biz gözlədiyimizdən daha artıq imiş. Son olaylar zamanı bunu daha qabarıq şəkildə müşahidə etdik. Xalqlar arasında münasibətlərin belə gərgin olduğu bir zamanda nə etmək lazımdır?

– Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı təqdirdə iki ölkə xalqları arasında nifrət ritorikası sonlanmayacaq.

Əslində Ermənistanın məqsədi də elə budur. İki ölkə xalqları arasında nifrət ritorikasını artıraraq prosesi uzatmaq, başqa cür desək, bulanıq suda balıq tutmaqdır. Bu həm də gələcəkdə Ermənistanın kənar qüvvələrdən yardım almaq və prosesi dəyişməsi üçün lazımdır.
Ermənistanın son zamanlar sərgilədiyi xarici siyasətdən belə qənaətə gəlmək olar ki, onlar özləri də başa düşürlər ki, çıxılmaz vəziyyətdədirlər. Buna görə də bütün vasitələrə əl atırlar.

Əslində isə Ermənistan nə etməsindən asılı olmayaraq bir çıxış yolu var. O da Azərbaycanla danışıqlar masasına əyləşib yekun sülh müqaviləsi imzalamaqdır.

– Ermənistanla Azərbaycan arasında yekun sülhün imzalanması və münaqişənin bitməsi hər birimizin arzusu olsa da erməni tərəfindən fərqli münasibətin şahidi oluruq. Misal üçün, Dığ kəndində ermənilərin son təxribatı fonunda erməni tərəfi iddia edir ki, Qarabağda, Zəngəzurda genişmiqyaslı hərbi toqquşmalar ola bilər…

– Bilirsiniz, heç kəs müharibəni istəmir. Ermənistan daxilində belə bir ssenarinin reallaşmasını da yalnız revanşist qüvvələr istəyir. Ancaq normal düşünən və məntiqli yanaşma sərgiləyən bir insan yalnız sülh haqda düşünməlidir. Sülhü düşünən ölkə isə ilk növbədə özü güclü olmalıdır.
Bu gün Azərbaycanın güclü orduya sahib olması mövqelərini möhkəmləndirməsi bizi sülhə bir o qədər yaxınlaşdırır. Çünki güclü ölkə ilə heç bir ölkə müharibə etmək istəməz.

Hesab edirəm, indiki məqamda beynəlxalq müstəvidə Ermənistana təzyiqlər etməliyik. Bu həm də sülh prosesi çərçivəsində İrəvanı sıxışdırmanın ən effektiv yoludur.

– Səməd bəy, AŞPA-nın növbəti sessiyası başlayır. Başda İrəvanda bayrağımız yandırılması olmaqla son proseslər ilə bağlı AŞPA-da nələr etməyi düşünürsünüz?

– Əlbəttə ki, Ermənistan tərəfinin etdiyi son təxribatların hamısını biz AŞPA gündəliyinə qaldırıb müzakirə etməyi düşünürük. Bildiyiniz kimi Ermənistanı AŞPA-da dəstəkləyənlər çoxdur. Lakin onlar da başa düşməlidir ki, onların apardığı siyasət regionda keçməyəcək. Çünki regionun siyasətini müəyyən edən ölkə Azərbaycandır.

Turan Rzayev
Globalinfo.az