Əhməd daha bir neçə insanı öldürə bilərmiş – Qorxunc gerçək

Bakının Xətai rayonunda baş verən ailə faciəsi bütün respublikanı sarsıltdı. 25 yaşlı gəncin öz ailəsini amansızcasına qətlə yetirməsi ortaya bir neçə sual çıxarıb.

Ailə təminatlı, imkanlı olub. Adətən, kasıb ailələrdə bu cür hadisələr baş verəndə ictimaiyyət bunu əsasən maddi problemlərlə əlaqələndirir. Bu dəfə əksi baş verdi. Demək, cəmiyyətin problemi daha dərindir…

Bəs problem nədən qaynaqlanır?

Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, cəmiyyət mürəkkəbləşdikcə, insanlar da həssaslaşır.

Onun sözlərinə görə, mürəkkəbləşən və həssaslaşan cəmiyyətdə prosesləri başlı-başına buraxmaq doğru deyil:

“Biz belə məsələlərə çox da əhəmiyyət vermirik. Bizim ciddi elmi mərkəzlərimiz olmalı və cəmiyyətdə gedən prosesləri təhlil etməlidir, hər məhəllələr üzrə sahə polisi olduğu kimi, sosial işçilər xidmətimiz də olmalıdır. Təhsil sistemimizdə mənəvi dəyərlərə diqqət edilməlidir, şagirdlərin davranışında, psixi vəziyyətində olan dəyişikliklər təhlil olunmalıdır.

Əhməd Qəşəmoğlu

Buna isə böyük həssaslıq tələb edən işlər lazımdır. Təəssüf ki, o işləri görmək istəyən yoxdur. Bunun psixoloji problemi var idisə, diqqətdə saxlanılmalı, müalicəsi aparılmalı idi. Yer üzündə, Azərbaycan da daxil olmaqla, gərgin proseslər gedir. Gənclərlə məşğul olmalı olan Gənclər və İdman Nazirliyi və ya Elm və Təhsil Nazirliyi onlarla məşğul olurmu? Olmur! Yeni nəslin keyfiyyəti ilə məşğul olan adam kimi deyə bilərəm ki, belə məsələlərə çoxu səthi baxır. Olmaz belə! Hər iş başlı-başına buraxıldığı üçün də ortaya əcaib hallar çıxır. Biz buna diqqət verməsək, addım atmasaq, bir-iki ildən sonra daha qorxunc hadisələr baş verəcək”.

Sosioloq deyib ki, 6 yaşına qədər olan uşaqların tərbiyəsi üçün xüsusi proqram olmalıdır, amma valideynlərdə bununla bağlı aydın təsəvvür yoxdur:

“Eyni zamanda məktəblərdə də bununla bağlı sosial iş xidmətləri olmalıdır, amma yoxdur. Artıq məktəblərdə davaların artmasının, bıçaqlanmaların şahidi oluruq. Bu hallarda belə, görməzdən gəlirik. Hər şeyə soyuq yanaşıldığı üçün faciələrin sayı artır. Universitetə qəbul ola bilənlər olurlar, olmayanlar da qalırlar kənarda nəzarətsiz. Maraqlanın, rayonlarda tikilən “Gənclər evi” bu məsələlərlə hansı səviyyədə məşğul olur?! Halbuki olmalıdırlar! Bir-iki il bundan öncə Gənclər və İdman Nazirliyinə bununla bağlı müraciət etdim, proqram hazırladım, amma əhəmiyyət verən olmadı. Cəmiyyətlə, yeni nəslin keyfiyyəti ilə xüsusi məşğul olmaq lazımdır. Onun kimi psixi pozuntusu olan bir nəfər deyil, yüzlərlədir. Burada kasıb və ya imkanlı olmaq şərt deyil. Bu, dəhşətli haldır. İndi buna əhəmiyyət vermirik, sonra peşman olacağıq”.

Əhməd Qəşəmoğlu baş verən hadisədə valideynin rolunun böyük olduğunu bildirib:

“Bu adam psixdirsə, niyə sürücülük vəsiqəsi alıb, taksi xidmətinə işə düzəldirdilər? Allah etməsin, taksi fəaliyyəti dövründə o, maşına əyləşən neçə adamı öldürə bilərdi”.

Zaira Akifqızı
Globalinfo.az