Deputat Bakıda basdırılan “minaların” xəritəsini açdı – Qorxunc statistika

Deputat Hikmət Babaoğlu Milli Məclisin dünənki toplantısında maraqlı fikirlər söyləyib. O deyib: “Belə getsə, gələcək kadrlar tarixini, dilini bilməyən ingilis dillilər olacaq”.

Deputat onu da deyib ki, milli aristokratiyanın yetişdirilməsi problemi var: “Sadəcə, dil bilən şəxslərdən ibarət biz milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox”.

Artıq bu tendensiya o həddə qədər gəlib çıxıb, YAP deputatları da etiraz edir, bundan narahat olduqlarını açıq söyləyirlər. Azərbaycanda gənc kadrların öz dillərini, tarixlərini, mədəniyyətlərini bilməmələri, yaxud az bilmələri hər zaman narahatlıq doğurub. Bu cür kadrların iş başına gətirilməsi əslində milli təhlükəsizliyə ciddi təhdiddir. Ana dilini bilməyən adam milli ola bilməz, Vətənini sevə bilməz. Hikmət Babaoğlu bunu demək istəyib.

Sovet dövründə azərbaycanlı elita da doğma dilində danışmırdı. Evdə, işdə, məişətdə, rəsmi tədbirlərdə ünsiyyət vasitəsi rus dili idi. Bu, vəzifə təyinatında da ciddi nəzərə alınırdı.

Ruslaşdırılmış azərbaycanlılar ordusu yaradılmışdı. Milli dəyərlərdən uzaq, tarixindən, mədəniyyətindən utanan, folkloruna ağız büzən bir kütlə təsəvvür edin. Bu adamlar Azərbaycanın həlledici dövründə demək olar, heç bir iş görmədilər. Ölkə və millət üçün mübarizə aparanlara ikrahla baxırdılar. Yadınızda olar, sovet dövründə bir ifadə dəbdə idi: “Çuşka”. Rusdilli azərbaycanlılar bu ifadəni özlərindən saymadıqları soydaşları haqda tez-tez işlədərdilər. Milli dəyərlərlə yaşayanlar onların gözündə “çuşka” – yəni mədəniyyətdən, svilizasiyadan uzaq insanlar idi. Onları bəyənməzdilər, yabançı ünsür kimi davranardılar.

Karyera pillələrində irəliləmək üçün erməni, rus millətindən olan qadınlarla evlənən azərbaycanlı kişilərin də sayı kifayət qədər olub SSRİ dönəmində. Belə nikahlara girən nə qədər məşhur ailələr vardı. Onlardan törəyənlər bu gün vəzifədə, biznesdə, başqa sahələrdə rahat təmsil olunurlar. Barələrində mediada, sosial şəbəkələrdə vaxtaşırı məlumatlar yayılır.

Hikmət Babaoğlu

Bir məqamı mütləq demək lazımdır: O vaxtlar qeyri-millətlərlə ailə quran azərbaycanlı qadınlar barmaqla sayılacaq qədər az olub. Bizim qadınların bu xüsusiyyəti çox qürurvericidir. Ailələr oğul övladlarının başqa millətlərdən qız almasına müəyyən qədər loyal yanaşsa da, qız övladını erməniyə, rusa verməzdilər.

Bəs bu tendensiyanın qarşısını necə almaq olar? Necə edək ki, həm xarici dillərdə danışan, həm öz ana dilini mükəmməl bilən, həm də vətənpərvər kadrlarımız çox olsun?

Tərbiyə evlərdən, ailələrdən başlayır. Milli ruh valideyndən övlada ötürülür. Bu gün kütləvi şəkildə övladlarını rus bölmələrində oxudan ata-analar bunun necə böyük yanlış olduğunu qəbul etmək istəmirlər. Bu, ölkənin, millətin gələcəyinə qoyulan mina effektli bir prosesdir. 15-20 il sonra ana dilində danışa bilməyən, tarixindən xəbərsiz ordu ilə üz-üzə qalacağıq.

Bir neçə il öncə Avstriyanın paytaxtı Vyana şəhərində idim. Mağazada Azərbaycan türkcəsində danışdığımızı görən bir qadın bizə yaxınlaşdı. Türkiyə türkü idi. Mağazada işləyirdi. 2 yaşı olandan ailəsinin Almaniyaya köçdüyünü dedi. Evləndikdən sonra isə Vyanada yaşadığını söylədi. Türkcə belə təmiz, səlis danışmasının səbəbini soruşdum. Cavab verdi ki, evdə valideynləri onun ana dilini unutmaması üçün daim türkcə danışıblar.

Xaricdə yaşayan bütün türk ailələr övladlarının doğma dili unutmasına imkan vermir. Təəccübləndiyimi görüb, qadın dedi:

“Dil bizim üçün namus məsələsidir, əfəndim. Onu unutsaq, özümüzü unutmuş olarıq”.

Türkiyədə bir-biriləri ilə başqa dildə danışan Türkiyə vətəndaşları görə bilmərik. Azərbaycanlılar da bu şərtə əməl etməsə, gələcəyimiz təhlükəli görünür. Bu məsələdə məsuliyyəti ailələrin tam olaraq üzərinə atmaq da doğru yanaşma sayıla bilməz. Dövlət bu sahəni nəzarətə götürməlidir. Yoxsa Bakıdakı məktəblərdə gələcəyimizi təhdid edən “minların” sayı durmadan artacaq. Bu “minalar” isə ermənilərin Qarabağda başdırdığı minalardan da təhlükəlidir. Üstəlik daha tez “partlayacaq”, dağıdıcı gücü də xeyli artıq olacaq.

Azər Ayxan
Globalinfo.az