
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov Globalinfo.az saytının qonağı olub.
Saytın baş direktoru Azər Ayxan və siyasət yazarı Turan Rzayev ondan geniş müsahibə alıblar.
Müsahibənin ilk bölümünü təqdim edirik:
– Mütəllim bəy, Donald Tramp Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti vəzifəsinin icrasına başladıqdan az sonra dünyanın siyasi nəbzi dəyişdi. Sanki bir xaos hökm sürür. Amma məsələyə bir az diqqətli yanaşdıqda bu xaosun işçində bir sistemliliyin olduğu sezilir. Sanki hansısa bir güc mərkəzi dünya düzənini bu şəkildə dəyişdirməyə çalışır. Hətta buna nail də olur deyə bilərik. Sizcə, baş verənlər Trampın və komandasının iradəsidir, yoxsa prosesi “dəvədən böyük fil” idarə edir?
– Həqiqətən də Trampın qeyri-adi hərəkətləri siyasi müstəvidə şok effekti yaradıb. İllərdir ki, yumşaq kreslolarda oturub rahat həyat sürən dövlət və hökumət başçılarının, məmurların kürkünə birə düşüb. Belə görünür ki, yeni dünya düzəninin formalaşması prosesində könüllü iştirak etmək istəyən yoxdur. Ona görə də hamı həyacan içərisindədir.
Bununla belə deyə bilərik ki, Tramp Amerikanın siyasətində nəinki dönüş etməyib, hətta onu davam etdirir. Heç bir xaos da yoxdur, proseslər çox ustalıqla idarə olunur. Dünyanın düzənini ABŞ dəyişdirməyə çalışır. Çünki indiki düzən ABŞ-nin sonunu çatdırmaqdadır. ABŞ-nin beyin mərkəzləri hesablayıblar ki, 5 ildən sonra Birləşmiş Ştatlar Çinə uduzacaq. Dünya hegemonluğu Çinə keçəcək. Belə olacağı halda ABŞ indidən onu birincilikdən salan sistemi dağıdaraq, öz hegemonluğunu davam etdirəcəyi yeni bir düzən qurmaq istəyir. Buna müqavimət göstərməyin mənası yoxdur, bu proses gedəcək. Çünki ABŞ indi onu aparmaq qüdrətinə malikdir.
– Hazırda Ukraynanın Rusiyaya, Zelenskinin Putinə təslim edilməsi prosesi getdiyini demək mümkündürmü? Fövqəladə bir şey baş verməsə, hadisələr bu cür yekunlaşa bilərmi? Zelenskinin və Ukraynanın taleyini, gələcəyini necə proqnozlaşdırarsınız?

– İctimai düşüncəyə yeridilmiş bu fikir doğru deyil. Biz hadisələrin yalnız üz qabığına baxıb nəticə çıxarmalı deyilik. Ukrayna da, Zelenski də ABŞ-a təslim edilməkdədir. Birincisi, ABŞ yeni dönəm üçün zəngin xammal ehtiyatlarına sahiblənəcək. İkincisi, Ukraynanın qərbində yerləşməklə Rusiyanın “qulağının dibində” düşərgə salmış olacaq. Üstəlik, belə görünür ki, Rusiyanın da faydalı qazıntı yataqlarının istismarında iştirak edəcək. Biz, tarixdə çoxlu ölkələrin və dövlət başçılarının qurban verildiyinin şahidi olmuşuq.
– Bəzi analitiklər iddia edirlər ki, hazırkı geopolitik xaos Azərbaycanın xeyrinə işləyir. Bu durumdan istifadə edib, bəzi hədəflərə çatmağın mümkünlüyü ifadə olunur. Siz necə fikirləşirsiz, qarışıq beynəlxalq situasiya ölkəmizin qarşısında nə kimi perspektiv, imkan açır?
– Təbii ki, hər bir prosesin yaxşı və pis nəticələri olur. Bizi hədələməkdə olan mürəkkəb münasibətlər sistemində fəal olmağımız lazımdır ki, həm milli maraqlarımızı qoruyaq, həm də bu prosesdə uduş əldə edək. Bu yolda müttəfiqlərimizlə birgə hərəkət etməliyik. Bu, Azərbaycan üçün yeni və heç kimin ağlına gəlməyən müsbət nəticələr verə bilər. Biz illərdir arzusunda olduğumuz hədəflərə çata bilərik.
İqtidarın da daxili həmrəyliyin, siyasi birliyin qorunması istiqamətində həssas çağırışları görünür, yersiz deyil. Hakimiyyət proseslərin nəbzini tutub və bu, gələcəyə nikbin baxmağa imkan verir. Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov 44 günlük müharibədən sonra da iqtidara dəstəyini açıq-aşkar şəkildə ifadə edirdi. O bildirirdi ki, Qarabağ problemini ən yaxşı şəkildə bu iqtidar tamamlaya bilər. Və doğurdan da belə oldu.
– Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşdü. Bu səfərin əsas məqsədi kimi İğdır-Naxçıvan qaz xəttinin açılışı göstərilir. Hazırkı durumda iki liderin, strateji müttəfiq ölkələrin prezidentlərinin görüşündə hansı planlar müzakirə edilə bilər?
– İğdır-Naxçıvan qaz xəttinin açılması Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlamaqdadır. Bu gələcək təzyiqlərə qarşı birgə müqaviməti daha da artıracaq. İndi dünyada gedən proseslər zəifləri və tək qalanları “yeyəcək”. Buna şübhəniz olmasın. İstismar olunan, müstəmləkə, asılı vəziyyətə salınan ölkələrin siyahısı dəyişəcək. Bununla belə güc mərkəzləri də yenilənəcək. Belə bir durumda Türk dünyasının birliyi onun xilası ola bilər. Azərbaycan siyasi proseslərdə hər zaman Türkiyənin yanında olmalı və Orta Asiyanın türk dövlətlərindən dəstək almalıdır.
– Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiz? Gərginlik ən pik həddə çatdı. İndi nisbətən səngimə gedir. Necə düşünürsüz, gərginlik, problem arxada qaldı, ya nisbi sakitlikdir? Sizcə, Moskva ilə Bakı arasında yaxın zamanlarda normallaşma, hətta anlaşma ola bilərmi?
– Rusiya-Azərbaycan münasibətlərində indiyədək əsaslı gərginlik olmayıb. Hökumət hər zaman Rusiya ilə münasibətləri prioritet hesab edib. Ortada olan anlaşılmazlıq isə görünəndən başqa bir şey deyil. Bizim sərnişin təyyarəsini vurandan sonra Rusiya günahını etiraf etmək və qanunun tələb etdiyi məsuliyyəti üzərinə götürmək istəmirdi. Lakin ölkəmizdə bu məsələ ilə bağlı həmrəyliyin nümayişi və Prezidentin konkret tələbləri Rusiyanı geri addım atmağa məcbur etdi. Artıq məbləği açıqlanmasa da, təyyarəyə görə tam sığorta ödənişi edilib. Bundan sonra Rusiyanın digər tələblərimizi də yerinə yetirəcəyinə məcbur olacağına şübhə etmirəm.

– Son günlər Zəngəzur dəhlizinin açılacağı və Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağı ilə bağlı iddialar səsləndirilir. Gedişatdan nə anlaşılır? Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması yalnız iki ölkənin məsələsi olmaqdan çıxıb sanki. Bu mövzu dünyanın aparıcı güclərini birbaşa maraqlandıran məsələyə dönüb. Bu qarışıq vəziyyətdə müsbət nəticə gözləmək mümkündürmü?
– Zəngəzur dəhlizinin əhəmiyyəti Avropanın enerji təhlükəsizliyi ilə əlaqələndirilir. Bizim ekspertlər bunu həm də böyük İpək Yolunun bir hissəsi adlandıraraq, Çindən Avropaya qədər yüklərin maneəsiz daşınması üçün alternativsiz layihə kimi qiymətləndirirlər. Avropa və ABŞ isə ona Orta Asiya-Avropa arasında əlaqə kimi dəyər verir. Ancaq hadisələrin inkişaf dinamikası və istiqaməti onu göstərir ki, Avropanın təhlükəsizlik məsələsi indi prioritet deyil. ABŞ artıq güclü Avropanı yox, asılı Avropanı istəyir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması yubana bilər.
Digər tərəfdən, qeyd etdiyimiz kimi, dünya düzəni dəyişməkdədir. Yeni dünyada Cənubi Qafqaz və Orta Şərqin xəritəsi dəyişə bilər. Bu dəyişiklik üçün əsaslar saxlanılmalıdır. Ona görə də, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini və Zəngəzur dəhlizinin açılması barədə qərarı yaxın zamanda müşahidə etməyə bilərik. Bunun üçün ən azı Trampla İranın ali dini lideri Xameneyi arasında münasibətlər aydınlaşmalı, Ukrayna üzərində razılaşma əldə edilməlidir.
– Mütəllim bəy, siz Ədalət Partiyasının sədr müavinisiniz. Partiyanın qurucusu və uzun illər sədri olmuş İlyas İsmayılov ötən ay dünyasını dəyişdi. Hazırda təşkilatda vəziyyət necədir? Yeni sədr seçilməsi üçün hansı prosedur icra edilməlidir? Qurultay çağırılacaqmı?
Söhbəti yazdı: Turan Rzayev
Davamı var…