Macarıstan Prezidenti Tamaş Şuyok parlamentin qəbul etdiyi və onun səlahiyyətlərinə xitam verilməsini nəzərdə tutan Konstitusiyaya 17-ci düzəlişi imzalayıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla yanaşı, televiziya ilə yayımlanan videomüraciətində sənədi “antikonstitusion” və “antidemokratik” adlandırıb.
Şuyok bildirib ki, düzəliş qüvvədə olan əsas qanuna ziddir. Onun sözlərinə görə, sənədi vicdanının səsinə qulaq asaraq imzalayıb və bununla prezidentlik institutuna, eləcə də Macarıstan Konstitusiyasına hörmətini nümayiş etdirib.
“Bununla belə, imzam hüququn aliliyinin, demokratiyanın və hakimiyyət bölgüsü prinsipinin siyasi hakimiyyət naminə tapdalandığının danılmaz sübutu olaraq qalır”, – deyə o vurğulayıb.
Baş nazir Peter Madyar hökumətinin təşəbbüsü ilə parlamentdə qəbul edilən 17-ci düzəlişə əsasən, sənəd qüvvəyə mindiyi andan etibarən fəaliyyət göstərən prezidentin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.
Yeni hökumət Şuyokun vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyini, hüququn aliliyinin təminatçısı olmadığını iddia edir. Hakimiyyət hesab edir ki, prezident institutuna ictimai etimadın bərpası və konstitusiya prinsiplərinin qorunması üçün bu dəyişiklik zəruridir.
Aysel Əliyeva
Globalinfo.az