Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə taktikası dəyişir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının müşaviri Sergey Beskrestnov məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusu kütləvi dron hücumlarından tədricən imtina edərək daha mürəkkəb və əl ilə idarə olunan tək zərbələrə üstünlük verməyə başlayıb.
“‘Şahed’lər getdikcə kütləvi hücum taktikasından uzaqlaşır və əl ilə idarəetmə rejimində həyata keçirilən tək, lakin daha mürəkkəb zərbələr endirirlər”, – deyə Beskrestnov bildirib.
O, daha əvvəl yayılan videogörüntülərə də münasibət bildirib. Müşavirin sözlərinə görə, videoda görünən “Şahed” hədəfə zərbə endirmək üçün cəmi 22 metr hündürlüyə enib.
“Plan ondan ibarət idi ki, pilotsuz aparat radarlarımızın və onu tutmağa çalışan vasitələrin görünmə zonasından çıxsın. Lakin ukraynalı hərbçilər bunun öhdəsindən gəldilər”, – deyə o vurğulayıb.
Beskrestnov qeyd edib ki, qarşı tərəfin taktikasındakı bu dəyişiklik Ukrayna qüvvələrindən də əks-tədbirlərin operativ şəkildə uyğunlaşdırılmasını tələb edir.
Əliyar Xəlil