Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır və yüksək faiz dərəcələri cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu fonda bank kreditləri üzrə faizlərin aşağı salınması, eləcə də sahibkarlar və sıravi vətəndaşlar üçün fərqli faiz dərəcələrinin tətbiq olunması ilə bağlı təkliflər səsləndirilir.
Kredit faizlərinin endirilməsi nə dərəcədə mümkündür və bu sahədə fərqli yanaşmanın tətbiqi özünü doğrulda bilərmi? Məsələn, iş adamları ilə sıravi vətəndaşlara aşağı faizli kredit şərtlərinin tətbiq olunması mümkündür?
Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, Azərbaycanda kredit faizləri uzun illərdir həm cəmiyyətdə, həm də Milli Məclisdə müzakirə olunan əsas məsələlərdən biridir:
“Həqiqətən də ölkədə kredit faizləri yüksəkdir və bunun bir neçə səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, bankların kredit resurslarının böyük hissəsi əhalinin banklarda yerləşdirdiyi əmanətlər hesabına formalaşır. Əmanətlər üzrə faiz dərəcələri yüksək olduğuna görə banklar da kreditləri yüksək faizlə verməyə məcbur olurlar. Bankların digər maliyyə mənbələri Mərkəzi Bankın ayırdığı vəsaitlər və xarici maliyyə institutlarından cəlb olunan resurslardır. Lakin bankların resurslarının təxminən 85-90 faizi məhz depozitlər hesabına formalaşır. Bütün bunlara baxmayaraq, Azərbaycanda kredit faizləri kifayət qədər yüksəkdir və bunun nəticəsində banklara olan kredit borcları da artmaqda davam edir”.
İqtisadçının fikrincə, bu problemin həlli asan deyil:
“Bank sektoru bu məsələyə yenidən baxmalıdır. Çünki banklar kifayət qədər gəlir əldə edirlər və onların əksəriyyəti özəl banklardır.
Vahid Əhmədov
Yüksək kredit faizləri vətəndaşlar üçün ciddi problemlər yaradır. Xüsusilə istehlak kreditləri götürən insanlar mənzil, məişət əşyaları və digər zəruri ehtiyaclarını qarşılamaq üçün borclanırlar. Faizlərin yüksək olması isə həmin kreditlərin vaxtında qaytarılmasını çətinləşdirir”.
V.Əhmədovun sözlərinə görə, digər problem zaminlik məsələsidir:
“İstehlak kreditləri verilərkən əksər hallarda zamin tələb olunur. Borcalan öhdəliyini yerinə yetirə bilmədikdə isə məsuliyyət zaminin üzərinə düşür və bu da əlavə hüquqi problemlərə səbəb olur. İstehlak kreditləri ilə sahibkarlıq kreditləri arasında fərq olmalıdır. Lakin hazırda sahibkarlara verilən kreditlər də ucuz deyil. Bu kreditlər üzrə faiz dərəcələri də 18-25 faiz arasında dəyişir ki, bu da kifayət qədər yüksək göstəricidir”.
Vahid Əhmədov bildirib ki, Azərbaycanda kredit faizləri bir çox Avropa ölkələri ilə müqayisədə yüksəkdir:
“Buna görə də faiz dərəcələrinin aşağı salınmasına ehtiyac var. Bu istiqamətdə həm dövlət, həm hökumət, həm də bank sistemi ciddi addımlar atmalı və məsələni yenidən nəzərdən keçirməlidir”.
Zaira Akifqızı
Globalinfo.az