hucum

Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı hakerlər tərəfindən sındırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hakerlər sayta nəzarəti ələ keçirdikdən sonra əsas səhifənin məzmununu dəyişərək prezidentə ünvanlanan mesaj, kriptovalyuta cüzdanının ünvanı və 5 bitkoin (təxminən 320 min ABŞ dolları) məbləğində fidyə tələbi yerləşdiriblər. Onlar ödəniş edilməyəcəyi təqdirdə əllərində olan məlumatları ictimailəşdirəcəkləri ilə hədələyiblər.

Kibertəhlükəsizlik insidenti aşkar edildikdən sonra saytın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Keniya hökuməti də kiberhücum faktını təsdiqləyib. Ölkənin informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Uilyam Kaboqo bildirib ki, hadisə ilə bağlı araşdırma başlanılıb və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

İlkin məlumata əsasən, hakerlər məxfi məlumatlara çıxış əldə edə bilməyiblər. Hazırda məlumat sızması və ya məlumatların itirilməsi ilə bağlı hər hansı əlamət qeydə alınmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: