Blinkenin köməkçisi Bayramovla nə danışdı? – Bakıya yaxşı və pis xəbərlər…

“Geosiyasi oyunçular sülh müqaviləsinə daha çox bölgədə maraqlarının təmin edilməsində vasitə kimi baxır. 44 günlük müharibədən sonra Rusiyanın qurduğu danışıqlar masası əsas təşkil edirdisə, artıq Qərb masası ön plana çıxıb. Qərbin özündə də ABŞ və Fransa olmaqla iki tərəfin olduğu görünür”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransanın Ermənistan maraqlarını müdafiə etməsi oyundankənar vəziyyətə düşməsi ilə nəticələnib:

“Hazırda ABŞ daha aktiv oyunçu olaraq çıxış edir. Derek Hoqanla Ceyhun Bayramovun telefon söhbəti də bundan qaynaqlanır və bu aktivliyin cari olaraq iki mümkün səbəbi var.

Birincisi, ABŞ Azərbaycan və Ermənistan liderlərinin may ayının ikinci yarısında Vaşinqtonda görüşünü keçirmək istəyir.

İkincisi, Rusiyanın yenidən prosesi nəzarətə götürmək cəhdləri var, xüsusilə Türkiyə ilə birlikdə hərəkət edərək, müharibədən sonra bölgədə danışıqların vəziyyətini qaytarmağa çalışması fonunda.

Asif Nərimanlı

Vaşinqton Rusiyanın yenidən önə çıxmasına qarşı ən azı müəyyən razılaşmalara nail olmaq istəyir. Lakin ABŞ-ın mövqeyinin fərqli tərəfləri də var”.

Ekspert hesab edir ki, hər şeydən öncə Vaşinqton ikitərəfli danışıqların tərəfdarıdır, bu bizə də sərf edir:

“Bununla yanaşı, Qarabağ məsələsində Bakının gündəliyinə uyğun mövqe var. Qarabağ məsələsinə yanaşmada yeganə problemli məqam erməni əhalisi ilə təmasların indi qurulması və onların hüquq və təhlükəsizliyinin müdafiəsi üzrə beynəlxalq mexanizmlərin yaradılmasıdır. Azərbaycan bunu qəbul edir, lakin separatçıların erməni əhalisi üzərində təsirinin qaldığı müddətdə bunun olmasını istəmir. Vardanyanla bağlı atılan addımlar da bununla bağlı idi, eləcə də Xocalı görüşü və sonrasında atılan addımlar da. Ermənistan isə məhz bu məsələ üzərindən Qarabağ məsələsini “hüquqi münaqişəyə” çevirməyə çalışır”.

A.Nərimanlı bildirib ki, regional məsələlərə yanaşmada isə ABŞ-ın mövqeyi Azərbaycanın gündəliyinə o qədər də uyğun deyil:

“Vaşinqton kommunikasiyanın açılmasını “suveren hüquqlar” çərçivəsində olmasından yanadır. ABŞ üçün bu, Rusiya ilə mübarizədə önəm daşısa da, Ermənistana Naxçıvana maneəsiz keçidin yaradılması öhdəliyindən xilas olmaq imkanı da yaradır. Eyni zamanda, Vaşinqton sərhədin delimitasiyasi məsələsində də Ermənistanın istədiyi SSRİ dağılanda mövcud olan xətlərin əsas götürülməsi yanaşmasına yaxın mövqe sərgiləyir.

Əslində, ABŞ problemlərin həllində Rusiya ilə müqayisədə daha çox maraqlı görünür, amma qeyd etdiyim kimi yanaşmasında müsbət və mənfi tərəflər də var”.

Turan Rzayev
Globalinfo.az