Netanyahu BCM-in hədəfində – Ona bu cəza verilə bilər

“Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrailin yüksək səviyyəli rəsmilərini Qəzzada törətdikləri müharibə cinayətləri ilə bağlı ittiham etməyə hazırlaşır. Qərar İsrailin onillərlə törətdiyi qanunsuzluqlara son qoya bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri göstərir ki, İsrail rəsmiləri məlum qərar ilə bağlı narahat olmağa başlayıblar:

“İsrail mediası həbs qərarlarının yaxın günlərdə verilə biləcəyini və İsrailin ABŞ-dan məhkəməyə təzyiq göstərməsini xahiş etdiyini vurğulayır.

2021-ci ilin martında keçmiş BCM prokuroru Fatou Bensouda rəhbərliyi altında 2014-cü ildən bəri Qəzza, işğal altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrailin hərəkətləri ilə bağlı BCM araşdırmasına başlanılıb.

Keçən ilin noyabrında Banqladeş, Boliviya, Komor adaları, Cibuti və Cənubi Afrika İsrailin hərəkətlərini yenidən məhkəməyə təqdim etdi və nəticədə hazırkı prokuror Kərim Xan İsrailin Qəzzada oktyabr ayında başlayan son müharibəsindən bəri davam edən istintaqın zorakılığı əhatə edəcək şəkildə genişləndirildiyini elan etdi.

Bir ay sonra İordan çayının qərb sahilinə və İsrailə səfəri zamanı o, məhkəmənin həm İsrail, həm də HƏMAS-ın oktyabrın 7-də və ondan sonra törətdiyi cinayətləri araşdıracağını söylədi”.

Politoloq deyib ki, üç ildir davam edən araşdırmanın İsrail daxilində niyə belə qəfil narahatlığa səbəb olması ciddi suallar doğurub:

“İsrail və ABŞ Roma Nizamnaməsini , BCM-ni yaradan müqaviləni imzalamayıb və beləliklə, onun səlahiyyətlərini tanımırlar. Amma Fələsinin Məhkəməyə üzv olması İsrail rəhbərliyini cinayət məsuliyyətinə cəlb etməyə əsas verir.

Beləliklə, məhkəmə ağır cinayətləri araşdırmaq və İordan çayının qərb sahilində və ya Qəzzada vəhşiliklər törətməkdə iştirak edən hər kəsə, o cümlədən İsrail əsgərləri və rəsmilərinə qarşı həbs qərarı vermək səlahiyyətinə malikdir.

İsrail xəbər agentliklərinin məlumatına görə, Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və ordu rəhbəri Herzi Halevi yaxın günlərdə həbs qərarı ilə üzləşəcəklər ki, bu da onların siyasi və hərbi karyeralarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Keçən həftə Netanyahu sosial mediada bəyan edib ki, İsrail heç vaxt BCM-nin özünümüdafiə hüququna xələl gətirmək cəhdini qəbul etməyəcək”.

Ə.İbrahimov deyib ki, İsrail Qəzzada apardığı müharibə zamanı 35 minə yaxın fələstinlini öldürüb, anklavı aclıq vəziyyətində qoyub və orada yaşayan iki milyondan çox insanın demək olar ki, hamısını yaşadığı torpaqlardan didərgin salıb:

“Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu 1139 nəfərin ölümünə və 250 nəfərin əsir düşməsinə səbəb olduqdan sonra İsrail özünümüdafiə adı altında Qəzzaya qarşı qanlı müharibəyə başlayıb.

İsrail müharibəyə başladıqdan sonra Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım ittihamları ilə üzləşib.

Ekspertlər hesab edirlər ki, BCM-nin ittihamları İsrailin Qəzzaya qarşı müharibəsinin legitimliyini daha da sarsıda bilər və onun Roma Nizamnaməzinin üzvü olan Avropalı müttəfiqləri ilə isti münasibətlərini çətinləşdirə bilər.

BCM həbs orderləri üçün potensial subyekt kimi görülən üç nəfərdən Netanyahu ən böyük dilemma ilə üzləşəcək. O, korrupsiya ittihamları və 7 oktyabr hücumlarına imkan verən təhlükəsizlik uğursuzluqları ilə bağlı mühakimə olunarkən artıq siyasi səhnədə müvazinətini itirməmək üçün mübarizə aparır.

Dövlət başçısı kimi onun Avropa İttifaqına səfərlərinə qadağa qoyula bilər, çünki buradakı bütün üzv dövlətlər nəzəri cəhətdən Roma Statutuna əsasən öz öhdəlikləri çərçivəsində onu həbs etməlidirlər”.

Turan Rzayev
Globalinfo.az