Yer kürəsi dəhşətli müharibə riski ilə üz-üzə: ABŞ kəşfiyyatından qorxunc anons

Çinlə ABŞ arasında münasibətlər yenidən gərginləşməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, Çinin aerostatının ABŞ Hərbi Hava Qüvvələrinin Missuridəki bazası yaxınlığında görünməsi, Vaşinqtonun kəskin etirazına səbəb olub. ABŞ mətbuatının iddiasına görə, Ağ Evdə artıq Çinə məxsus aerostatın öz ərazisində peyda olmasını Pekinin kəşfiyyat fəaliyyəti ilə əlaqələndiriblər. Bununla belə prezident Cozef Bayden Çinə məxsus qurğunun məhv edilməsinə göstəriş verməkdən imtina edib. Ağ Ev rəhbərinin belə qərara gəlməsində həmçinin hərbçilərin mühüm rol oynadığı bildirilib.

Ən maraqlı məqam isə Çinin hava şarının üzərindən keçdiyi bazanın strateji əhəmiyyət daşıması olub. Məhz bu bazada ABŞ özünün B-2 Spirit strateji bombardmançılarını, eləcə də taktiki nüvə başlıqlarını yerləşdirib.

Vaşinqtonun bütün iddialarına baxmayaraq, Çin Xarici İşlər Nazirliyi aerostatın Çindən havaya qalxdığını və onun mülki xarakterli olduğunu açıqlayıb. Pekin bu qurğudan yalnız meteoroloji tədqiqatlar üçün istifadə etdiyini bildirib. Çin tərəfinin açıqlamasında həmçinin güclü qərb küləyinin sayəsində aerostatın öz idarəsini itirərək, ABŞ bazası üzərindən keçmək məcburiyyətində qaldığı da yer alıb.

Pekinin bu variantı isə ABŞ-nı qane etməyib. Belə ki, casus aerostat qalmaqalından az sonra ABŞ dövlət katibi Entoni Blinkenin Çinə fevralın 5-də planlaşdırılan və münasibətlərin normallaşdırılmasında mühüm rol oynayacağı düşünülən səfəri təxirə salınıb.

ABŞ ərazisində aerostatla yaşanan qalmaqaldan az sonra isə Pentaqon nümayəndəsi yerli televiziyalardan birinə açıqlama verərək, Çinin kəşfiyyat zondlarından daha birini aşkar etdiklərini bildirib. Pentaqon nümayəndəsi belə bir qurğunu Latın Amerikası ərazisində aşkarladıqlarını deyib.

Yaşanan qalmaqal ABŞ-nin Çinə informasiya hücumlarını da artırıb. Xüsusilə Tayvanla ABŞ dövlət qurumlarının fəaliyyəti güclənib. Blinkenin səfərinin təxirə salınmasından az sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Çin ordusuna Tayvan üzərində 2027-ci ilə qədər nəzarəti bərpa etmək barədə əmri verdiyini bildirib:

“Bu o demək deyil ki, o, hücumu 2027-ci ildə gerçəkləşdirəcək. Bu sadəcə onun oriyentirləri və ambisiyalarının ciddiliyi barədə xatırlatmadır. MKİ Si Szinpinin Tayvana qarşı ambisiyalarının diqqətdən kənarda saxlanılmamasının tərəfdarıdır”.

Qeyd edək ki, keçən həftə amerikalı general Mayk Minixan Çin-ABŞ müharibəsinin 2025-ci ildə baş verəcəyini, ona görə də ordunun buna tam hazırlanması barədə tapşırıq vermişdi. Onun bu tapşırıq sənədi daha sonra ABŞ mətbuatında yayılmışdı.

İlkin Həsənov

Globalinfo.az