“50 min insanın taleyini bir imza ilə alt-üst edirlər” – Tural Abbaslı

“Taksilərlə bağlı verilən qərar indiki məqamda yerinə düşmür. Azərbaycanda işsizlik var. Xüsusilə də regionlarda işsizlərin sayı daha çoxdur. İstər Bakı, istərsə də rayonlarda bir qisim insan məhz taksi fəaliyyəti sayəsində bir tikə çörəkpulu qazanır”.

Bu sözləri Globalinfo.az-a AĞ Partiya başqanı Tural Abbaslı 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillərlə bağlı verilən qərarı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün orta hesabla 150-200 minə yaxın insan taksi xidməti sayəsində ailəsini dolandırır:

“Birdən-birə, heç bir əsas, səbəb olmadan taksi fəaliyyətini kökündən baltalamaq bilmirəm nəyə hesablanıb. Əgər məqsəd Bakıda nizam-intizam yaratmaqdırsa, bu, taksi sürücülərinin problemi deyil. Burada ictimai nəqliyyatın düzgün qurulmaması, yol hərəkətinin doğru tənzimlənməməsi, yolların dar olması rol oynayır. Bir tərəfdən də son 20 ildə paytaxtda aparılan xaotik tikinti nəqliyyatın fəaliyyətini iflic edib. Bütün günahı taksi sürücülərinin boynuna atmaq olmaz. Bəzi məmurlar, deputatlar çıxıb deyilər ki, “70 min çoxdur, Bakıya cəmi 20 min taksi lazımdır”. Bu, nə dərəcədə sağlam, peşəkar yanaşmadır? 50 min insanın taleyini bir imza ilə alt-üst etmək yanlışdır. Mən bunu əleyhinəyəm. Ailələr var, kreditini taksi xidməti sayəsində ödəyir, sən də onun gəlirini əlindən alırsan. Öncə vətəndaşa alternativ iş yeri yarat, onu dolanışıqla təmin et, sonra taksi islahatı apar. Bunları etmədən kütləvi şəkildə taksiləri ixtisar etmək, ciddi sosial gərginlik yaradır, etiraz doğurur”.

T.Abbaslı Azərbaycanın hələlik bu tələbləri yerinə yetirəcək səviyyədə olmadığını deyib:

“Məncə, bu sahəni rahat buraxmaq lazımdır. Onsuz da bazar özü-özünü tənzimləyir. Səhv etmirəmsə, şirkətlərin çoxu işə qəbul edən zaman avtomobilin daxili və xarici görünüşü ilə bağlı monitorinq keçirir. Dövlətin buna müdaxiləsinin heç bir yeri yoxdur. Lazımsız qərardır və nə qədər tez bir zamanda bu qərardan geri dönülsə, bir o qədər yaxşı olar”.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillər ağ və qırmızı rənglərdə olmalıdır. Maşınların buraxılış ili 2009-cu ildən başlamalıdır. Bu standartlar pozulduqda taksi fəaliyyətinə icazə verilməyəcək.

Zaira Akifqızı
Globalinfo.az