2147567 1 ap24019558851895 big

“Politiko” nəşrinin məlumatına görə, NATO Fransada 2027-ci ilin yazına planlaşdırılan prezident seçkilərindən sonra növbəti dövlət başçısının ölkənin ittifaqdakı iştirakını zəiflədə biləcəyindən, hətta hərbi strukturlarından çıxacağından ehtiyat edir.

Qeyd olunur ki, son sorğulara görə, fransalı seçicilərinin təxminən yarısı NATO-ya tənqidi yanaşan radikal namizədləri dəstəkləyir. Bunlara Parisi blokun vahid komandanlığından çıxarmaq istəyən ifrat sağçı “Milli Birlik” partiyasından Marin Le Pen və ittifaqdan çıxmaq istədiyini bildirən ifrat solçu lider Jan-Lük Melanşon daxildir.

Ekspertlər hesab edir ki, Fransanın NATO-nun hərbi strukturlarından çıxması ittifaqda şok dalğaları yaradacaq, Rumıniya və Estoniyada Fransa qoşunlarının yerləşdirilməsini şübhə altına alacaq, vacib hərbi texnikaya çıxışı məhdudlaşdıracaq və 32 üzv arasında hərbi koordinasiyanı zəiflədəcək.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Fransa dövlət idarəetmə sistemi olduqca maraqlıdır və 2024-cü il seçkiləri bizə qarşıdakı prosesləri müəyyən qədər anlamağa imkan verir:

“Belə ki, 2024-cü ildə Avropa Parlamentinə seçkilər keçirilirdi və bu seçkilərdə Marie Le Pen (RN – National Rally) 32% səs qazanaraq birinci oldu. Bundan dərhal sonra Prezident Emmanuel Makron Milli Assambleyanı buraxmalı oldu. Yeni seçkilərdə ilk turda yenə Le Pen öndə idi və o, 2027-ci ildə Prezident seçkilərinə namizədliyini elan etmişdi. Le Penin qalibiyyətini önləmək üçün Makron digər koalisiya qruplarını işə saldı, sol-mərkəzçi qüvvələrlə əməkdaşlıq etdi və ikinci turda məhz onlar (NFP) qalib gəldi, nəticədə Parlamentdə yerlərin böyük hissəsinə sahib oldular. Lakin seçkilərdən sonra Makron bu qrupla işləmədi, nə RN, nə NFP hökümətə daxil olmadı və azlıq qruplardan Mişel Barnieri Baş nazir təyin etdi. Amma azlıq qrupla işləyərək Parlamentin etimadını qazanmaq, qanunları qəbul etdirmək çox çətin idi. Odur ki, cəmi üç aya Barnier Parlament etimadsızlığı səbəbilə vəzifəsindən getdi.

Makron daha sonra Fransua Bayrounu baş nazir təyin etdi. Lakin o da parlamentin dəstəyini və etimadını qazana bilmədi. Beləliklə 2026-cı il büdcə planını təsdiqlədə bilmədiyi üçün 2025-ci ilin sentyabrında istefa verməli oldu. Hazırk hökümət ictimai dəstəyi ciddi ölçüdə itirib, o cümlədən, bu, özünü parlament etimadsızlığı formasında biruzə verir. Məsələn, Bayrou qəbul etdirməyə çalışdığı dövlət büdcəsində sosial xərcləri 44 miyard avro azaltmağı – qənaət etməyi təklif edirdi. İctimaiyyət üçün bu, dövlətin sosial sahəyə dəstəyinin ciddi ölçüdə itirilməsi demək olub, qəbuledilməz idi. Biz Fransa cəmiyyətində hər zaman sol ideyaların, sosial dəstək mexanizmlərinə dair ictimai tələbin olduğunu görmüşük. Odur ki, radikal mövqe sərgiləyən siyasi qruplar seçki platformaları ilə üstünlüyü ələ almaq imkanına sahibdirlər. Bu, ölkənin ümumi siyasi sistemin yaratdığı imkanlarla bağlıdır. Lakin Fransanın müxalif siyasi qüvvələrinin xarici siyasət proqramları yetəri qədər “maraqlıdır”.

Məsələn, Le Pen hələ 2022-ci ildə bəyan edirdi ki, Prezident seçilərsə Fransanı NATO-nun mərkəzləşdirilmiş hərbi komandanlıq strukturundan çıxaracaq. Bu iddia xüsusilə 2022-ci il Parlament seçkiləri dövründə narahatlıqla qarşılanmışdı. O, daha öncə geniş Avroskeptik baxışlara da sahib idi”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Siyasi şərhçinin sözlərinə görə, Le Penin ən radikal mövqelərindən biri isə məhz Azərbaycanla bağlı idi:

“Le Pen 2017-ci ildə demişdi: “Mən inanıram ki, həm Azərbaycan, həm də Ermənistan üçün Qarabağın Ermənistana birləşdirilməsinə dair sazişin imzalanması arzuedilən olar.”

O, hələ 2022-ci ildə Avropa İttifaqının Azərbaycanla enerji strateji əməkdaşlığı sazişini boykot edir, Cozef Borreli “ermənilərlə dostluğu enerji sazişinə qurban verməkdə” ittiham edirdi. Beləliklə, bu cür radikal düşüncələrin daşıyıcısının Fransa siyasi sistemində olması heç bir qüvvə tərəfindən arzuedilən deyil. Düzdür, digər siyasi qrupun rəhbəri – Melanşon da NATO-dan Fransanın mərhələli qaydada çıxarılması barədə radikal mövqe səsləndirib. Seçki öncəsi ictimai rəy sorğuları Le Penin üstün mövqeyinin olacağını göstərir. Lakin seçki anında nəticələri ittifaqlar və əməkdaşlıqlar həll edir. Bu o deməkdir ki, hətta Le Pen seçilərsə belə, onun partiyasının gələcəkdə parlamentdə üstünlüyü itirməsi mümkündür. Belə olan halda, onun radikal qərarlar qəbul etməsi mümkün olmaya, yaxud parlament böhranı ilə üzləşə bilər”.

Siyasi şərhçi qeyd edib ki, NATO hazırda mahiyyət baxımından tamamilə yeni, 3.0 mərhələsinə keçid edib:

“Bu, Avropa regionunda hərbi-strateji fəaliyyətin muxtar formada gücləndirilməsini nəzərdə tutur. Nəticə etibarilə bu, Qərbin ortaq hərbi-siyasi maraqlarına xidmət edəcək. Bura həm ABŞ-dan ayrı, region ölkələrinin birgə ortaq hərbi istehsalı, hərbi büdcələrinin artırılması, sərhədlərin qorunmasında yeni mexanizmlər, o cümlədən, Fransanın Almaniya, İtaliya, və digər ölkələr üçün təşkil edəcəyi ortaq nüvə çətiri və s. məsələlər var. Bu məsələlər Le Pen və Melanşon kimi siyasi fiqurların proqramlarında NATO-dan ayrılmaqla bağlı müddəaların yenidən formalizə edilməsinə və qəbul olunmasına imkan yaradır. Başqa sözlə, bu, heç də NATO-nun ləğv edilməsi, yaxud Fransanın Avro-Atlantik Alyansdan birdəfəlik ayrılması ehtimalı doğurmur. Halbuki, Fransa Şarl de Qollun dövründə artıq bir dəfə NATO-nu tərk etmək təcrübəsini qazanıb. O, Fransanı NATO-nun inteqrasiya olunmuş hərbi komandanlıq strukturundan çıxarmışdı. Fransa bu struktura qismən 1990-cı illərdən, tam olaraq isə 2009-cu ildə qayıtmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın yeni höküməti belə bir qərar verərsə belə, bu, NATO 3.0. mahiyyəti çərçivəsində olub Avropada hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: