ebdurrehman elcibey ayaz scaled

Məlum olduğu kimi, oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirildi. Prezident İlham Əliyev partiya sədri kimi tədbirdə nitq söylədi. Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçıb.

Sitat:

“Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, – mən 1980-ci illəri nəzərdə tuturam, – hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar – ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir”.

Globalinfo.az Prezident İlham Əliyevin qeyd etdiyi 4 rəhbər ilə bağlı araşdırmanı təqdim edir:

1. Kamran Bağırov (3 dekabr 1982 – 21 may 1988) – Prezident İlham Əliyevin qeyd etdiyi 4 şəxsdən birincisi, şübhəsiz, Kamran Bağırovdur. K. Bağırov 1982-ci ilin dekabrında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin edilib. Əvvəllər Sumqayıt şəhər partiya komitəsinin birinci katibi, daha sonra isə Azərbaycan KP MK-nın katibi olmuşdu. Bağırov ümumiyyətlə sistem üçün tamamilə kənar adam deyildi. Əksinə, sovet partiya aparatının içindən gəlmiş və uzun illər ərzində müxtəlif rəhbər vəzifələrdə çalışmışdı.

Kamran Bağırovun vəzifədə olduğu dövrün əsas siyasi partlayışı 1988-ci ilin əvvəlində baş verdi. Belə ki, Qarabağ məsələsi artıq açıq siyasi böhrana çevrilirdi. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət sovetində Ermənistanla birləşmək tələbi irəli sürüldü. Ardınca Xankəndidə və Bakıda siyasi gərginlik artdı. Bir neçə gün sonra Əsgəran hadisələri baş verdi və ilk azərbaycanlıların öldürülməsi ilə münaqişənin ilk mərhələsi başladı.

Bakıdakı rəhbərlik isə hadisələrin sürətinə cavab verməkdə gecikirdi. Qarabağda separatçı tələblər açıq şəkildə səsləndirilir, Ermənistandan azərbaycanlıların çıxarılması prosesi gedir, Bakıda isə narazılıq artırdı. Bağırov isə hadisələrin qarşısını almaq üçün kifayət qədər siyasi təşəbbüs göstərə bilməyən rəhbər kimi görünməyə başladı.

Багиров, Кямран Мамед оглы — Википедия

Kamran Bağırov

1988-ci ilin fevralından may ayına qədər vəziyyət o qədər sürətlə dəyişdi ki, Moskva Azərbaycan və Ermənistan rəhbərlərinin dəyişdirilməsinə qərar verdi. 21 may 1988-ci ildə Kamran Bağırov və Ermənistan Kommunist Partiyasının birinci katibi Karen Demirçyan vəzifələrindən uzaqlaşdırıldılar. Hər iki respublikada milli-etnik gərginlik artıq Kremlin diqqət mərkəzində idi. K.Bağırovun yerinə isə Moskvada diplomat kimi çalışmış Əbdürrəhman Vəzirov gətirildi.

2. Əbdürrəhman Vəzirov (21 may 1988 – 25 yanvar 1990) – K. Bağırovdan fərqli olaraq Ə. Vəzirov Azərbaycan siyasi elitasının içindən gələn və yerli partiya aparatının bütün mexanizmlərini bilən klassik sovet rəhbəri deyildi. O, uzun illər idi Azərbaycandan kənarda çalışırdı. Belə ki, Vəzirov həmin vaxt SSRİ-nin Pakistan səfiri idi. Ondan əvvəl Hindistanda, Nepalda da diplomatik vəzifələrdə çalışmışdı. Yəni Bakıya qayıdanda artıq uzun müddət respublikanın gündəlik siyasi həyatından uzaq qalmışdı.

Moskva onu məhz böhranın içində Azərbaycana göndərmişdi. Qarşısında isə sadəcə idarəetmə problemi yox idi. Qarabağ məsələsi artıq küçəyə çıxmış, milli hərəkat formalaşmağa başlamış, Azərbaycan cəmiyyətində Moskvanın siyasətinə qarşı etiraz sürətlə böyümüşdü.

Bakıda insanlar Qarabağ məsələsində daha sərt mövqe tələb edirdilər. Kreml isə münaqişəni sovet dövlətinin nəzarətində saxlamağa çalışırdı. Vəzirov bu iki xəttin arasında qalmışdı. Lakin Vəzirovun qarşısında gözlənilmədən daha böyük bir siyasi qüvvə yarandı: Azərbaycan Xalq Cəbhəsi. 1988-ci ilin sonlarından kütləvi mitinqlər genişləndi, 1989-cu ildə milli hərəkat təşkilatlanmağa başladı. Vəzirov isə bu yeni vəziyyətə uyğun siyasi mexanizm yarada bilmədi. Hakimiyyətlə küçə arasında məsafə getdikcə böyüdü. 1989-cu ilin sonlarına doğru Bakıda hakimiyyətə qarşı etirazların miqyası elə həddə çatmışdı ki, Kommunist Partiyasının rəhbərliyi şəhərdə siyasi təşəbbüsü faktiki olaraq itirirdi.

Sonrakı müsahibələrinin birində o bildirib ki, 1989-cu ilin avqustunda istefa məsələsini qaldırıb, həmin ilin dekabrında yenidən istefa vermək istəyirmiş. Özü yenə sonrakı illərdə 20 Yanvar hadisələrindən iki gün əvvəl istefa verdiyini, həmin gün ölkəni tərk etdiyini bildirmişdi. Azərbaycan parlamentinin 20 Yanvar hadisələrinə dair qərarında isə onun 19-20 yanvar günlərində proseslərdə məsuliyyət daşıdığı və Moskvaya getdiyi deyilir.

3. Ayaz Mütəllibov (25 yanvar 1990 – 6 mart 1992), (14 may 1992 – 18 may 1992) – Ayaz Mütəllibovun sələflərindən siyasi yüksəlişi birbaşa partiya kabinetlərindən deyil, sənaye müəssisəsindən başladı. 1938-ci ildə Bakıda həkim ailəsində doğulan Mütəllibov Azərbaycan Neft-Kimya İnstitutunu bitirdikdən sonra Bakı Soyuducular Zavodunda işləməyə başladı. Maraqlı tərəfi budur ki, o, çox gənc yaşında həmin zavodun rəhbərliyinə yüksəldi. 26 yaşında müəssisəyə rəhbərlik etməsi onun idarəçilik karyerasında ilk ciddi sıçrayışlardan biri idi. Daha sonra istehsalat birliyinə rəhbərlik etdi və tədricən partiya-dövlət sisteminə keçdi.

Ayaz Mütəllibovun siyasi karyerasında əsas dönüş isə 1980-ci illərdə baş verdi. O, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri oldu və 1989-cu ilin fevralında Nazirlər Sovetinin sədri təyin edildi. Yəni 1990-cı ilin yanvarına gəldikdə Mütəllibov artıq respublikanın ən yüksək vəzifələrindən birini tutan şəxs idi.

Vəzirovun siyasi böhran nəticəsində vəzifədən getməsindən sonra Mütəllibovun qarşısında gözlənilmədən daha böyük qapı açıldı. 1990-cı il yanvarın 24-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi. Cəmi bir neçə ay sonra, may ayında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə prezident seçildi. Beləliklə, o, sovet Azərbaycanının sonuncu birinci katibi olmaqla yanaşı, Azərbaycanın ilk prezidenti oldu.

Amma Mütəllibovun prezidentliyi başlayanda Azərbaycan artıq əvvəlki Azərbaycan deyildi. 20 Yanvar cəmiyyətlə sovet hakimiyyəti arasındakı münasibəti kökündən dəyişmişdi. Bir tərəfdə hələ sovet dövlət strukturları vardı, digər tərəfdə isə sürətlə böyüyən milli hərəkat. Qarabağda isə vəziyyət getdikcə ağırlaşırdı.

Onun qarşısındakı ən ağır məsələ yenə Qarabağ idi. 1991-ci ilin sonundan 1992-ci ilin əvvəlinə qədər müharibə daha da intensivləşdi. Azərbaycan ordusu hələ yeni formalaşırdı, dövlət institutları tam oturuşmamışdı, siyasi hakimiyyətlə müxalifət arasında qarşıdurma güclənirdi. Mütəllibovun rəqibləri onu Qarabağ məsələsində kifayət qədər sərt mövqe tutmamaqda ittiham edirdilər. Bu ittihamlar xüsusilə Xocalı faciəsindən sonra kəskinləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı kütləvi qətllər baş verdi.

Hadisədən sonra Bakıda siyasi vəziyyət partladı. Mütəllibovun istefasını tələb edən mitinqlər başladı, parlamentdə də ona qarşı təzyiq artdı. 6 mart 1992-ci ildə Mütəllibov prezidentlikdən istefa verdi. Cəmi iki ay sonra inanılması çətin görünən hadisə baş verdi: Mütəllibov yenidən hakimiyyətə qaytarıldı. 1992-ci il mayın 14-də parlament onun martdakı istefasını ləğv etdi və prezident kimi bərpa etdi. Bu qərar müxalifət tərəfindən qəbul edilmədi. Azərbaycan Xalq Cəbhəsi tərəfdarları parlamentə hücum etdilər və hakimiyyət uğrunda qarşıdurma yeni mərhələyə keçdi.

Mütəllibovun ikinci hakimiyyət cəhdi isə cəmi bir neçə gün çəkdi. Onun hakimiyyətə qayıtdıqdan sonra prezident seçkilərini dayandırmağa və siyasi fəaliyyətə məhdudiyyətlər qoymağa çalışması müxalifətin müqavimətini daha da artırdı. 18 may 1992-ci ildə onun hakimiyyətə qayıdışı faktiki olaraq başa çatdı. Mütəllibov Bakını tərk etdi və Moskvaya getdi.

4. Əbülfəz Elçibəy (17 iyun 1992 – 24 iyun 1993) – O, əvvəlki üç rəhbərdən fərqli olaraq sovet nomenklaturasının içindən çıxmamışdı. Əksinə, sovet hakimiyyətinə qarşı milli-demokratik hərəkatın önündə gedən siyasi xadim idi. Azərbaycan Xalq Cəbhəsinin lideri kimi tanınan Elçibəy 1992-ci ilin iyununda keçirilən prezident seçkisində qalib gəldi və Azərbaycanın ilk seçki yolu ilə hakimiyyətə gəlmiş qeyri-kommunist prezidenti oldu.

Onun prezidentliyi ölkənin həm daxili siyasi sistemini, həm də xarici istiqamətini dəyişdirməyə yönəlmiş addımlarla başladı. Elçibəy hakimiyyəti Azərbaycanın Rusiya təsirindən uzaqlaşmasını, Türkiyə ilə daha sıx münasibətlər qurulmasını və milli dövlət institutlarının formalaşdırılmasını ön plana çıxarırdı. Bu dövrdə Azərbaycan milli valyutaya keçdi, milli ordu quruculuğu sürətləndirildi, latın əlifbasına keçid reallaşdı və sovet dövründən qalan bir sıra siyasi-iqtisadi mexanizmlərin dəyişdirilməsi istiqamətində addımlar atıldı. Rusiya qoşunlarının Azərbaycandan çıxarılması da həmin dövrün ən mühüm hadisələrindən biri oldu.

Lakin Elçibəyin hakimiyyətə gəldiyi Azərbaycan normal siyasi şəraitdə olan dövlət deyildi. Qarabağ müharibəsi davam edirdi, iqtisadi vəziyyət ağır idi, dövlət institutları yenicə formalaşırdı və siyasi hakimiyyət daxilində ciddi fikir ayrılıqları mövcud idi. Hakimiyyətin qarşısında təkcə Ermənistanla müharibə deyil, eyni zamanda ordu daxilindəki parçalanma, müxtəlif silahlı qüvvələrin mövcudluğu və Bakıda siyasi qruplar arasındakı mübarizə dayanırdı.

1993-cü ilin əvvəlindən vəziyyət daha da ağırlaşmağa başladı. Xüsusilə Gəncədə yerləşən 709-cu briqadanın komandiri Surət Hüseynovla Elçibəy hakimiyyəti arasında münasibətlər kəskinləşdi. Hüseynovun hakimiyyət tərəfindən vəzifədən uzaqlaşdırılması və qüvvələrinin Gəncədə qalması artıq sadəcə hərbi məsələ deyildi. Bu, birbaşa hakimiyyət böhranına çevrilirdi. 4 iyun 1993-cü ildə hökumətin Gəncədə Hüseynovun qüvvələrinə qarşı göndərdiyi hərbi dəstə müqavimətlə qarşılaşdı. Toqquşmalar nəticəsində ölən və yaralananların olması böhranı daha da dərinləşdirdi.

Bundan sonra hadisələr sürətlə Bakıya doğru yönəldi. Surət Hüseynovun nəzarətində olan qüvvələr paytaxta doğru irəliləməyə başladı. Elçibəy hakimiyyəti isə vəziyyəti nə hərbi, nə də siyasi yolla tam nəzarətə ala bildi. Hökumət daxilində istefalar başladı, Bakıda etirazlar gücləndi və dövlət strukturlarının bir hissəsinin prezidentə əvvəlki kimi tabe olmadığı görüntüsü yarandı.

Məhz bu məqamda Elçibəy əvvəlki prezidentlərdən fərqli, amma son nəticəsi baxımından onların taleyini xatırladan bir qərar verdi. 17 iyundan 18 iyuna keçən gecə Əbülfəz Elçibəy Bakını gizli şəkildə tərk edərək Naxçıvanın Ordubad rayonundakı doğma Kələki kəndinə getdi.

Onun Kələkidə qalması 1997-ci ilin oktyabrın sonları kimi davam etdi. Əbülfəz Elçibəy 4 il 4 aydan sonra Bakıya qayıtdı. 2000-ci ilin avqust ayının 22-də Ankarada vəfat etdi.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: