Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Paytaxt və bölgə bazarlarında əvvəl 20–30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə qədər yüksəlib. Satıcılar bahalaşmanın xüsusilə son bir ayda artdığını bildirirlər.
Kənd yumurtasının qiymətinin 40 qəpiyə yüksəlməsinin səbəbləri nələrdir? Qarşıdakı soyuq aylarda qiymətlərdə daha ciddi artım gözlənilirmi?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, belə kəskin qiymət dəyişikliyi zamanı ilk növbədə istehsalın xərc strukturuna baxmaq lazımdır:
“Yem, logistika, enerji, baytarlıq xidmətləri və digər istehsal xərclərinin hansı həcmdə artdığı ayrıca təhlil olunmalıdır. Çünki istehsal xərclərinin artımı ilə pərakəndə satış qiymətinin artımı arasında birbaşa və eyni nisbətli əlaqənin olması şərt deyil. Kənd yumurtasının maya dəyərində ən böyük paylardan birini yem xərcləri təşkil edir. Qarğıdalı, buğda, arpa və digər yem komponentlərinin qiyməti artdıqda bu, birbaşa quşçuluğun xərc strukturuna təsir göstərir. Vitaminlər, baytarlıq xidmətləri, daşınma və digər xərclər də maya dəyərini formalaşdırır. Qarşıdakı soyuq aylarda əlavə enerji və işıqlandırma xərclərinin yaranması, eyni zamanda toyuqların yumurtavermə məhsuldarlığının mövsümi olaraq azalması təklifə təsir göstərə bilər. Bu amillərin hər biri qiymətə müəyyən təzyiq yaradır”.
İqtisadçı bildirib ki, qiymət artımının miqyasını müəyyən edən əsas məsələ yalnız xərclərin artması deyil:
“Burada istehsalçı, topdansatışçı və pərakəndə satıcının marjası da nəzərə alınmalıdır. Əgər istehsal xərcində 10-15 faizlik artım baş verirsə, pərakəndə qiymətin 50-100 faiz yüksəlməsi əlavə araşdırma tələb edir. Bu halda qiymət zəncirinin bütün mərhələlərində formalaşan marjanın və qiymət artımının mənbəyinin öyrənilməsi vacibdir”.
Asif İbrahimov
A.İbrahimovun sözlərinə görə, qarşıdakı soyuq aylarda yumurtanın qiymətində əlavə artım riski mövcuddur:
“Xüsusilə yem və enerji xərclərinin yüksəlməsi, istehsalın azalması və bazara daxil olan məhsulun həcminin aşağı düşməsi qiymət təzyiqini gücləndirə bilər. Lakin qiymətin hansı səviyyəyə çatacağını indidən söyləmək üçün bazarda təklif və tələb dinamikasını, istehsal xərclərini və satış marjalarını birlikdə qiymətləndirmək lazımdır. Təklif kifayət qədər qorunarsa, qiymət artımının miqyası da məhdud qala bilər. Bu prosesin digər yumurta məhsullarına da təsir göstərməsi mümkündür”.
İqtisadçı deyib ki, burada əsas məsələ qiymətin niyə artdığının şəffaf şəkildə ortaya qoyulmasıdır:
“İstehlakçıya sadəcə “yem bahalaşıb” və ya “qış gəlir” izahı verilməsi kifayət etmir. İstehsal xərcinin əvvəlki dövrlə müqayisədə nə qədər dəyişdiyi, məhsulun maya dəyərinin hansı həcmdə yüksəldiyi, topdansatış və pərakəndə mərhələlərində hansı marjanın formalaşdığı araşdırılmalıdır. Yumurta gündəlik istehlak olunan əsas ərzaq məhsullarındandır və onun qiymətindəki artım ailələrin gündəlik xərclərinə birbaşa təsir edir. Buna görə belə məhsullarda qiymət artımı yalnız bazar xəbəri kimi qəbul edilməməlidir. İstehlakçı üçün əsas məsələ məhsulun niyə bahalaşdığını bilməkdir. Bazar üçün isə əsas məsələ qiymətin real iqtisadi amillər əsasında formalaşmasını təmin etməkdir”.
Zaira Akifqızı
Globalinfo.az