İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırmalar Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti və zərərçəkən ailələrə təzminat ödənilməsi məsələsini yenidən gündəmə gətirib. DTX rəisi, general-polkovnik Əli Nağıyevin açıqladığı məlumata görə, oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Ekspertiza bəzi qalıqlarda işgəncə izlərinin olduğunu göstərib.
Rəsmi Bakı bu faktlara görə Ermənistanı beynəlxalq məhkəmələrə verib, təzminat tələb edə bilərmi?
Globalinfo.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, aşkarlanan qalıqlar və ekspertiza nəticələri Ermənistanın hüquqi məsuliyyəti və təzminat məsələsini yenidən gündəmə gətirir.
“Səsləndirilən məlumatlar itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı hüquqi məsuliyyət məsələsinə yeni sübutlar əlavə edir. Ekspertizaların nəticələrinə əsasən, bəzi qalıqlarda işgəncə izləri müəyyən edilib. Bu faktlar əsir və girovların öldürülməsi, onların taleyinin gizlədilməsi və ailələrinə vurulan zərərin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi məsələsini gündəmə gətirir. Azərbaycan tərəfindən Ermənistan qarşısında təzminat tələbinin irəli sürülməsi üçün hüquqi əsasların mövcudluğu isə konkret sübutlardan asılıdır. Aşkar olunan qalıqlar və ekspertiza nəticələri bu baxımdan əhəmiyyətli sübut bazası yarada bilər. Burada 913 rəqəminin qalıqların aid olduğu ehtimal edilən şəxslərin sayını ifadə etdiyini nəzərə almaq vacibdir. İşgəncə ilə bağlı ekspertiza nəticələrinin konkret şəxslərlə əlaqəsi isə məhkəməyə təqdim olunan materiallarda ayrıca əsaslandırılmalıdır”.
Ə.Nuriyevin sözlərinə görə, əsir götürən tərəf nəzarətində olan insanların həyatını və təhlükəsizliyini qorumağa borcludur:
“12 avqust 1949-cu il tarixli III Cenevrə Konvensiyasının 13-cü maddəsi hərbi əsirlərlə humanist rəftarı tələb edir. Konvensiyanın 130-cu maddəsində qəsdən adam öldürmə, işgəncə və qeyri-insani rəftar ağır pozuntular sırasında göstərilir. Mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyasının 32-ci maddəsi öldürmə və işgəncəni qadağan edir. 147-ci maddə isə qəsdən öldürmə, işgəncə və girov götürməni ağır pozuntular sırasına daxil edir. Bu əməllərin qadağan olunması beynəlxalq humanitar adət hüququnda da öz əksini tapır. Azərbaycanın hüquqi tələbində yalnız cinayətin nəticələri deyil, həmin əməllərin Ermənistan dövlətinə aid edilməsini göstərən sübutlar da mühüm əhəmiyyət daşıyır. Hərbi hissələrin fəaliyyəti, əsirlərin saxlanıldığı yerlər, verilən əmrlər, şahid ifadələri və arxiv materialları bu baxımdan əsas sübutlar ola bilər”.
Hüquqşünas bildirib ki, dövlətlərin beynəlxalq məsuliyyəti ilə bağlı BMT Beynəlxalq Hüquq Komissiyasının 2001-ci ildə hazırladığı “Dövlətlərin beynəlxalq-hüquqa zidd əməllərinə görə məsuliyyəti haqqında maddələr” də mövcuddur:
“BMT Baş Assambleyası 12 dekabr 2001-ci il tarixli 56/83 saylı qətnamə ilə bu mətni nəzərə alıb və dövlətlərin diqqətinə çatdırıb. Sənəd ayrıca qüvvəyə minmiş beynəlxalq müqavilə olmasa da, onun bir sıra müddəaları beynəlxalq adət hüququnu əks etdirir. Təzminat baxımından sənəddə bir sıra mühüm müddəalar yer alır. 31-ci maddəyə əsasən, məsul dövlət vurduğu zərərin tam əvəzini ödəməlidir. 36-cı maddə isə əvvəlki vəziyyətin bərpası ilə aradan qaldırılmayan, pulla qiymətləndirilə bilən zərərə görə kompensasiyanı nəzərdə tutur. Bu normalar Azərbaycanın təzminat tələbini əsaslandırmaq üçün istifadə oluna bilər”.
Əliməmməd Nuriyev Azərbaycanın 23 sentyabr 2021-ci ildə Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdığını qeyd edib:
“İddianın hüquqi əsası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 22-ci maddəsidir. Azərbaycanın tələbləri arasında konvensiyanın pozulması nəticəsində vurulmuş zərərin tam əvəzinin ödənilməsi, o cümlədən kompensasiya da yer alır. Konfransda açıqlanan ekspertiza nəticələri və onların əsaslandığı materiallar hüquqi tələblərin hazırlanması baxımından əhəmiyyətli ola bilər. Bunun üçün həmin materialların həm irqi və ya etnik ayrı-seçkiliklə əlaqəsi, həm də məhkəmənin səlahiyyət dairəsinə uyğunluğu əsaslandırılmalıdır. Azərbaycanın hüquqi strategiyası hər bir hadisənin tarixi, mövcud sübutlar və tətbiq olunan beynəlxalq öhdəliklər nəzərə alınmaqla qurulmalıdır. 913 nəfərlə bağlı açıqlanan faktlar ayrıca beynəlxalq məhkəmə işi kimi təqdim olunmasa da, bu materiallar mövcud və ya gələcək hüquqi iddialara sübut bazası kimi daxil edilə bilər. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müvafiq müddəaları da nəzərə alınmalıdır. Konvensiyanın 2-ci maddəsi yaşamaq hüququnu, 3-cü maddəsi isə işgəncənin qadağan olunmasını təmin edir. 33 və 34-cü maddələr dövlətlərarası və fərdi müraciət imkanlarını müəyyənləşdirir, 41-ci maddə isə pozuntu müəyyən edildikdə ədalətli əvəzin təyin olunmasını nəzərdə tutur. Konvensiya Ermənistan üçün 26 aprel 2002-ci ildən qüvvədədir. Əvvəlki dövrdə baş verdiyi iddia olunan ölümlərlə bağlı sonrakı araşdırma öhdəliyinin qiymətləndirilməsi isə ayrıca hüquqi meyarlar tələb edir. Yeni ekspertiza nəticələri keçmiş hadisələrin qiymətləndirilməsi baxımından da əhəmiyyət daşıya bilər”.
Əliməmməd Nuriyev
Hüquqşünas deyib ki, zərərçəkən ailələrin hüquqlarının qorunması baxımından sənədləşdirmə işi mühüm əhəmiyyət daşıyır:
“İtkin düşmə və əsirlik barədə məlumatlar, ekspertiza rəyləri, qohumluq sənədləri və digər müraciətlər bir-biri ilə əlaqələndirilməlidir. Kompensasiya tələbində maddi itkilərlə yanaşı, yaxınını itirməyin və illərlə onun taleyindən xəbərsiz qalmağın yaratdığı mənəvi zərər də əsaslandırılmalıdır. İtkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üzrə əməkdaşlıq hüquqi məsuliyyət məsələsini də konkretləşdirə bilər. Məzarlıqların yerləri, əsirlərin saxlanıldığı məkanlar və hərbi arxivlərlə bağlı məlumat mübadiləsi həm ailələrə cavab verməyə, həm də hadisələrin tam mənzərəsini müəyyənləşdirməyə xidmət edir. Beynəlxalq humanitar adət hüququnun 117-ci qaydası münaqişə tərəflərindən itkin düşənlərin taleyini aydınlaşdırmaq üçün mümkün tədbirləri görməyi və əldə olunan məlumatları onların ailələrinə çatdırmağı tələb edir”.
Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanın təzminat strategiyasında sülh sazişinin müddəaları da nəzərə alınmalıdır:
“8 avqust 2025-ci ildə paraflanmış mətnin 15-ci maddəsi saziş qüvvəyə mindikdən sonra əvvəlki məsələlərlə bağlı dövlətlərarası iddiaların geri götürülməsini, onlara xitam verilməsini və ya başqa yollarla həllini nəzərdə tutur. Lakin mətnin paraflanması sazişin həmin anda qüvvəyə minməsi demək deyil. “Başqa yolla həll” imkanı təzminat məsələsinin danışıqlarda konkret mexanizmlər vasitəsilə razılaşdırılmasına şərait yarada bilər. Bu mexanizmlərdə ödəniş almaq hüququ olan şəxslər, zərərin hesablanması, ödəniş müddətləri və icra təminatları müəyyənləşdirilməlidir. Dövlətlərarası razılaşmanın fərdi hüquqlara təsiri də ayrıca hüquqi qiymətləndirmə tələb edir. Bakı konfransında açıqlanan faktların əsas əhəmiyyəti onların hüquqi nəticəyə çevrilməsidir. Azərbaycanın axtarış, ekspertiza və eyniləşdirmə istiqamətində apardığı işlər bu baxımdan sübut bazasının formalaşdırılmasına imkan verir. Növbəti mərhələdə isə qurbanların ailələri üçün əsaslandırılmış hüquqi tələblərin hazırlanması və mümkün təzminat mexanizmlərinin müəyyənləşdirilməsi əsas məsələlərdən biri kimi qalır”.
Zaira Akifqızı
Globalinfo.az