Rəsmi Bakı “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.
Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya Xarici İşlər Nazirliyinə bununla bağlı öz etirazını bildirib.
Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, konkret rəsmi istintaq sənədi, məhkəmə qərarı və ya subyektiv ehtimalları aşan maddi sübutlar olmadan üçüncü bir dövlətin adının məxfi fəaliyyətlərdə hallandırılması beynəlxalq hüquq prinsiplərinə uyğun gəlmir:
“Bu baxımdan, dövlətin diplomatik kanallar və xüsusi xidmət orqanları vasitəsilə birbaşa qarşı tərəfin rəsmi strukturlarına müraciət etməsi, hüquqi müstəvidə reputasiyanın və suverenliyin qorunması üçün standart beynəlxalq təcrübədir.
Siyasi baxımdan daxili kəşfiyyat və ya təhlükəsizlik strukturlarında aparılan araşdırmaların media müstəvisinə sızdırılması adətən iki məqsədə xidmət edir: daxili siyasi mübarizədə rəqibləri neytrallaşdırmaq və ya xarici siyasətdə müəyyən təzyiq rıçaqları formalaşdırmaq. Yaxud da yüksək rütbəli keçmiş kəşfiyyat rəhbərinin işində xarici dövlət amilinin qabardılması daxili auditoriyaya hesablanmış siyasi gedişi reallaşdırmaq.

Bəhruz Məhərrəmov
İnformasiya müstəvisində isə əsas problem “məlumatın kaskad şəklində yayılması” mexanizmidir. Bir media resursunun anonim mənbəyə istinadən tirajladığı iddia, digər qlobal xəbər şəbəkələri tərəfindən istinad zənciri ilə təkrarlandıqda, ilkin mənbənin etibarlılığı arxa plana keçir və iddia artıq “fakt” görünüşü alır. Beynəlxalq media etikası baxımından adı çəkilən tərəfin mövqeyi alınmadan və ya rəsmi sənədlərə istinad etmədan bu cür iddiaların geniş auditoriyaya ötürülməsi informasiya manipulyasiyası riskini kəskin artırır.
Baş verənlər göstərir ki, müasir beynəlxalq münasibətlərdə hüquqi müstəvi ilə informasiya məkanı sıx bağlıdır və sübut olunmamış iddialara operativ diplomatik reaksiya verilmədikdə bu, dövlətin beynəlxalq imicinə uzunmüddətli və arzuolunmaz təsirlər göstərə bilər”.
Analitik Asif Nərmanlı isə deyib ki, BND-nin keçmiş rəhbəri August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması rəsmi Bakıya qarşı növbəti dezinformasiya aktı kimi dəyərləndirilə bilər:
“Daha öncə də Qərb mediasında Azərbaycana qarşı kampaniya xarakterli “feyk nyus”lar yayılmışdı. Bu iddianın da dezinformasiya olduğunu düşünməyə əsas verən səbəblər var.
Birinci məsələ “Der Spiegel” nəşrinin istintaq məlumatını necə əldə etməsidir. Söhbət kəşfiyyat rəhbərinin istintaqından gedirsə, burada məxfilik daha çox olur.

Asif Nərimanlı
İkincisi, yalnız Azərbaycanın adının hallandırılması bunun məqsədyönlü olduğunu göstərir. Təsəvvür edin, Almaniya kimi bir ölkənin kəşfiyyat şefi başqa ölkələrlə yox, Azərbaycanla işləyirmiş. Bu, qeyri-ciddi iddiadır. Əgər Hanning həqiqətən nəyinsə qarşılığında müəyyən xidmət göstəribsə, onun xidmətindən yararlanmağı ən çox böyük ölkələr istəyərdilər. Yaxud Hanning geosiyasi ambisiyaları olan böyük ölkələrlə işləməkdə daha maraqlı olardı. Bu baxımdan, Azərbayanın adının hallandırılması növbəti dezinformasiya kampaniyasının tərkib hissəsi kimi görünür”.
Qeyd edək ki, Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
Turan Rzayev
Globalinfo.az