Litva ABŞ-dan ilk “Switchblade 600” zərbə dronları partiyasını qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, yeni sistem Litvanın uzaq məsafədən zirehli hədəfləri yüksək dəqiqliklə vurmaq imkanlarını genişləndirir.
Litva “Switchblade 300” və “Switchblade 600” pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müqaviləni 22 dekabr 2022-ci ildə imzalayıb. Dövlət satınalmasının dəyəri təxminən 45 milyon avro təşkil edib.
“Switchblade 600” havada təxminən 40 dəqiqə qala və 40 kilometrdən çox məsafə qət edə bilir.
“Defence Blog”un məlumatına görə, əlavə retranslyatorlardan istifadə etməklə bu məsafəni 90 kilometrədək artırmaq mümkündür. Dronlarla yanaşı, Litva buraxılış qurğuları, idarəetmə sistemləri, operatorların hazırlanması üçün trenajor və texniki xidmət avadanlıqları da əldə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 5-də Litvanın ölkə ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı müraciətinə baxacağını bildirib. Bundan bir gün sonra Litva parlamenti ölkədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan konstitusiya dəyişikliyini ilk oxunuşda dəstəkləyib.
Əliyar Xəlil