IMG 2702

Globalinfo.az Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünya mediasına verdiyi müsahibələrdən maraqlı sitatları xatırlatmağa davam edir.

Bu kontekstdə Prezidentin 2020-ci ilin bu günü – oktyabrın 7-də “CNN Türk”ə müsahibəsi xüsusi diqqət çəkir.

Həmin müsahibədə jurnalistin “Hazırda qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı, ona nə söyləyərdiniz?” sualına Prezident İlham Əliyev belə cavab vermişdi:

– Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrlə görüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbət olmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimi Ermənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişikliklər edəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermiş bir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək. Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdim ki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbət idi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraq atəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki il ərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesab edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz. Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər yalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə” deməsi müzakirələrə faktiki olaraq son qoydu. 

Paylaş: