Mən idmanla yaxından maraqlanıram. Cüdoda xüsusilə idmançıların bir-birinə olan hörmətini çox bəyənirəm. Dürüst olsam, cüdonun bütün qaydalarını dəqiqliklə bilmirəm, lakin bu idman növünün böyük azarkeşiyəm. Bakıda olmaqdan şadam. Dünən möhtəşəm döyüşlərin şahidi olduq, bu gün də maraqlı finalların keçiriləcəyinə ümid edirəm.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatı ilə bağlı ölkəmizdə səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus jurnalistlərə açıqlaması zamanı deyib.
Bundestimlə dünya çempionu olmuş veteran müdafiəçi vurğulayıb ki, Bakı cüdo üzrə belə möhtəşəm turnirin keçirilməsi üçün mükəmməl məkandır:
“İlk növbədə, təbii ki, Almaniya idmançılarını dəstəkləyirəm. Lakin buradakı ümumi atmosfer məni heyran etdi. Azərbaycanda cüdoya böyük ehtiras və sevgi var, bunu arenada addımbaşı hiss etmək mümkündür”.
Futbol mövzusuna da toxunan L.Matteus Azərbaycan klublarının avrokuboklardakı çıxışını yüksək qiymətləndirib:
“Nizam-intizamlı iş, komanda ruhu olduqda böyük nəticələr qazanmaq mümkündür. “Qarabağ” son illərdə avrokuboklarda çox uğurlu çıxış edir. İndi isə Çempionlar Liqasında ikinci komandanız olan “Sabah” mübarizə aparır. Düşünürəm ki, bu faktlar, eləcə də milli komandanın son 2-3 ildəki inkişafı Azərbaycan futbolunun düzgün istiqamətdə irəlilədiyini göstərir”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.