“Xankəndidəki erməni qonşumuz valideynlərim evdə olmayanda…” – Milli Qəhrəmanın xanımı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndiyə köçlə bağlı çoxsaylı müraciətlərin gəldiyini açıqlayıb. Bu məsələ azərbaycanlıların Xankəndi şəhərinə qayıtması məsələsini yenidən gündəmə gətirib.

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora xanım Qasımovanın Globalinfo.az-a mövzu ilə bağlı müsahibəsini təqdim edirik:

– Flora xanım, neçənci illərdə Xankəndidə yaşamısınız?

– 1947-ci ildə Xankəndidə dünyaya gəlmişəm. Burada yaşayıb, məktəbə getmişəm. Universiteti bitirdikdən sonra oxuduğum məktəbdə müəllim, direktor müavini kimi fəaliyyət göstərmişəm. 1976-cı ildə ailə qurduqdan sonra Bakıya köçmüşük. 2010-cu ildə 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası IV, V çağırış Milli Məclisinin deputatı seçilmişəm.

– Xankəndi ilə bağlı son xatirələrinizi bilmək istəyərdik.

– 1988-ci ilin fevralından sonra Xankəndiyə getməmişəm. Bakıda müəllim işləyəndə hər yay Xankəndiyə istirahətə gedirdim. 1987-ci ildə atam Bakıya – bizə qonaq gələndə qonşumuzun evlərini satdığını demişdi. Onunla yanaşı bir neçə adamın da adını çəkmişdi ki, onlar da evlərini satıblar. Yəni artıq 1987-ci ildən məlum hadisəyə hazırlıq gedirdi. 1988-ci ildən sonra Xankəndidəki azərbaycanlılar mağazalara belə sərbəst gedə bilmirdilər. Onlara çörək də satılmırdı.

Yadımdadır, həmin il sentyabrın 18-dən azərbaycanlıların evlərinə hücuma başladılar. Onların arasında öldürülənlər, evləri yandırılanlar oldu. Ermənistana birləşmək xülyaları başlayanda artıq Ağdamdakı, Şuşadakı ermənilər Xankəndidəki azərbaycanlılarla əlaqə yaratmağa başladılar. Beləcə sentyabr ayında atam da evimizi Ağdamda yaşayan erməni ilə dəyişdi. Yoldaşım Şirin Mirzəyevin qohumları da eyni taleyi yaşayıb. Bu zaman bəzi hallarda azərbaycanlılar aldadılırdı, sonradan məlum olurdu ki, ermənilər həmin evləri başqalarına verib.

– Maraqlıdır, həmin illərdə erməniəsilli tanışlarınız, qonşularınız olubmu? Dostluqda, qonşuluqda münasibətləri necə idi? 

– Yaşadığımız küçədə yeganə azərbaycanlı ailə biz idik. Spandaryan küçəsi 2A-da yaşayırdıq. Erməni qonşularımızla münasibətlərimiz yaxşı olub. Evimizin açarını belə qonşuluqdakı yaşlı erməni qadına verib çölə çıxırdıq. Bəzən valideynlərimiz evdə olmayanda həmin qadın tez-tez bizimlə maraqlanırdı, nəyə ehtiyacımızın olduğunu soruşurdu. Uşaq vaxtı həmin münasibətlərin şahidi olmuşam.

– Məlum olduğu kimi, “Böyük Qayıdış” başlayıb. Siz necə, evinizə qayıtmaq istəyirsinizmi? Ümumiyyətlə, xatırlayırsınızmı oraları?

– Əlbəttə, necə unutmaq olar?! Həmin şəhərin girəcəyindən etibarən bütün evlərin harada yerləşdiyini, kimin evi olduğunu deyə bilərəm. Xankəndidən çıxanda 27 yaşım var idi.

Evimizin şəklini mənə göndəriblər. Xankəndililər Qaçqınkomda siyahıya düşərək öz evlərinə qayıtmaq istəyirlər. Hətta Şuşa işğaldan azad ediləndə deyirdim ki, gedib həmin torpaqlarda yaşayarsınız. Etiraz edib deyirdilər, biz Xankəndini istəyirik. Yəni bu gün xankəndililərin hamısı doğma torpaqlarında yaşamaq istəyirlər.

Safura Bənnayeva
Globalinfo.az