Bakı təklif etdi, İrəvan və Qərb razılaşdı, Rusiya bir gün gözlədi – Niyə?

Azərbaycanla Ermənistanın 7 dekabrda verdiyi birgə bəyanat bir çox aparıcı dövlət tərəfindən təqdirlə qarşılandı. Diqqətçəkən məqam bəyanatı dəstəkləyən ölkələrin (Rusiya, ABŞ, Böyük Britaniya və s.)  fərqli siyasi məsələlərdə əks mövqedə dayanmasıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik uğrunda Qərb və Rusiyanın mübarizə apardığı bəllidir:

“Hazırda Qərb cəbhəsi önə keçməyə çalışır. Bu həm də regional planlardan qaynaqlanır, lakin həlledici ölkə Azərbaycandır. Rəsmi Bakı hansı platformanı seçəcəksə, həmin tərəf önə çıxacaq. Azərbaycana qarşı təzyiqlərin məqsədlərindən biri də danışıqların Qərb platformasında aparılmasına razı salmaqdır. Bakı Qərb platformasına getmək istəmir, çünki orada Ermənistanın maraqlarına uyğun mövqe sərgilənir – Qranada görüşü və qəbul edilən bəyanatın mətni bunu isbatladı. Hərçənd Rusiya formatına üz tutmaq da Bakıya qarşı təzyiqləri genişləndirir, digər tərəfdən, İrəvan rəsmiləri Moskvaya getməkdən imtina edir. Azərbaycan həm bu situasiyadan çıxmaq, həm də sülh danışıqlarını irəliyə aparmaq məqsədilə ikitərəfli formatı irəli sürür.

Asif Nərimanlı

Fikrimcə, Obrayenin Bakıya səfərində Qərb platformasında danışıqların davam etdirilməsi təklif olunub, Azərbaycan isə ikitərəfli formatdan çıxış edib. Qərb cəbhəsi üçün əsas məsələ Rusiyanın vasitəçiliyinin olmamasıdır. Bu baxımdan ikitərəfli formatda əldə olunan razılaşmaları geniş şəkildə dəstəkləyirlər.

Diqqət etdinizsə, Rusiya mövqeyini birgə razılaşmadan bir gün sonra açıqladı. Bu da Qərbdən gələn geniş dəstəkdən qaynaqlanırdı. Eyni zamanda, Moskva da anlayır ki, öz vasitəçiliyi alınmırsa, Qərb vasitəçiliyinin olmadığı bütün formatlar məqbuldur”.

Turan Rzayev
Globalinfo.az