Qərb Putinə arzuolunmaz sürpriz hazırlayıb? – Tarixi səhvə yol verildi

Rusiya seçki ayına girir. Hazırkı Prezident Vladimir Putinin prestiji və qələbə şansları yüksək görünür. Qərb isə seçkiyə qədər bu vəziyyəti dəyişmək istəyir.

Qərb Putinə hansı arzuolunmaz sürprizləri hazırlayıb? Navalnının ölümü Qərbin Rusiyaya təsir imkanlarını azaldıbmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Mizəbəyli deyib ki, ABŞ-ın və onun Avropa İttifaqı üzrə Fransa da daxil olmaqla bəzi müttəfiqlərinin hazırda Rusiyanın daxilindəki siyasi proseslərə təsir imkanları yoxdur:

“Bu günə qədər Qərbin Rusiyaya yönəlik siyasətində yol verdiyi ən böyük yanlışlıq da rus xalqının, bütövlükdə isə Rusiyada yaşayan xalqların mental xüsusiyyətlərini, etnopsixoloji cizgilərini, dünyagörüşünü düzgün dəyərləndirə bilməməsi, soyuq müharibədən qalma yalnış təsəvvürlərə aldanmasıdır. Eyni yanlışlığa ötən əsrin əvvəllərində, Romanovlar sülaləsinin süqutu və burjua inqilabı zamanı da yol verilmişdi və nəticədə Rusiya imperiyasının dağıntıları üzərindən daha amansız və totalitar bir rejim “cücərdi”.

II Nikolayın, daha sonra isə müvəqqəti hökumətin Rusiyanın hüquqi dövlətə çevrilməsi istiqamətində həyata keçirmək istədikləri islahatlar, həmin dövr üçün mümkün olan azadlıqlar avtoritarizmin “bətnində” boğuldu. Yenicə formalaşan Rusiya milli demokratiyasının sütununu təşkil edən zadəganlıq institutu məhv edildi, düşünən beyinlər öldürüldü və ya ölkəni tərk etmək məcburiyyətində qaldı. Qərbin yanlış hesablamaları 70 illik əsarətə, despotizmə yol açdı. Eyni səhvlər SSRİ-nin süqutundan sonra da təkrarlandı və bu gün də təkrarlanmaqdadır.

Rus xalqı mental olaraq Qərb liberalizmini qəbul etmir. Ola bilsin ki, Rusiyada kimlərsə müəyyən zaman kəsiyində Qərb liberalizmini, yaxud hüquqi-siyasi dəyərlərini, yaşam tərzini yamsılamağı bacarır və daxilən qəbul etmədiyinə əminəm. Rus xalqının etnogenezinin və dövlətçiliyinin formalaşmasında Şərq xalqları, xüsusilə də türklər önəmli rol oynayıblar və ruslar mental olaraq, heç vaxt qərbli ola bilməyiblər və bilməyəcəklər də”.

Politoloq deyib ki, Nemtsovun və Navalnının uğursuzluqlarının, daha sonra isə həyatlarını itirmələrinin səbəblərindən biri də rus mentalitetinə Qərb baxış bucağından yanaşmaları və yanlış təsəvvürləri idi:

“Baxın, Navalnının ölümü Rusiyada hansı nəticələri doğurub? Rusiyanı tərk edən azsaylı insanların sosial şəbəkələr üzərindən apardıqları təbliğatı bir kənara qoysaq, real mənzərə tamamilə fərqlidir. Böyük və güclü Rusiya anlayışı rus xalqının mütləq əksəriyyəti üçün ön sırada dayanır. Digər tərəfdən, bu ölkədə insan amili siyasi proseslərdə heç zaman önəmli rol oynamayıb və yaxın dövrdə də çox güman ki, oynamayacaq.

Navalnının sağlığında da Qərbin onun vasitəsilə Rusiya cəmiyyətinə təsir imkanları geniş deyildi. Bunun səbəblərindən biri Navalnının güclü və xarizmatik lider olmamasından qaynaqlanırdı. Rusiyada şəxsiyyət və lider faktoru hələ uzun illər aparıcı yerdə dayanacaq və bu ölkədə sistem islahatlarının qısa zaman ərzində cəmiyyətin dünyagörüşünü dəyişə biləcəyinə inam çox azdır. Bəlkə də yoxdur. Ola bilsin ki, seçkiyə qədər Qərb Rusiyaya Ukrayna üzərindən təzyiq etməyə çalışsın. Fransa prezidentinin Ukrayna ərazisinə quru qoşunlarının göndəriləcəyi ilə bağlı fikirlər də məhz seçkiyə hesablanmış addımlardır. Hazırda Rusiyada daxili siyasi proseslərə təsir göstərə biləcək yeganə amil bu ölkənin Ukraynadakı hərbi kontingentinə sarsıdıcı zərbənin vurulmasıdır. İndiki halda və mövcud reallıqlar çərçivəsində isə bu real görünmür”.

Turan Rzayev
Globalinfo.az