“Paşinyan sülh müqaviləsi imzalamaq üçün qəti addımlara hazırlaşır” – Sensasion müsahibə

 

İlkin Həsənov: “Bu gün Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Bu onun hakimiyyətdə qalıb-qalmayacağına aydınlıq gətirən məsələdir”

Globalinfo.az siyasi analitik İlkin Həsənov ilə müsahibəni təqdim edir:

– İlkin bəy, bildiyiniz kimi Ermənistan Baş naziri Nikol Paşinyanın bir müddət öncə ölkə parlamentindəki çıxışı kifayət qədər diqqət çəkdi. Onun son çıxışını ümumilikdə necə qiymətləndirisiniz? Sizcə, bu, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından ümidləri artırır?

– Nikol Paşinyanın ölkə parlamentindəki çıxışı kifayət qədər mühüm hadisə idi. Erməni deputatlar ilə Paşinyan arasında olan sorğu-sual və verilən cavablar əslində onun Azərbaycan ilə bağlı gələcək fəaliyyəti, yol xəritəsi kimi qəbul etmək olar.

Demək olar ki, hazırda Ermənistanda Azərbaycan ilə bağlı fikirlərdə böyük dəyişikliklər var. Söhbət hazırkı administrasiyadan gedir. Bu dəyişikliklər Paşinyanın çıxışında özünü aydın şəkildə göstərdi.

Paşinyanın son çıxışı zamanı toxunduğu məqamlar və səsləndirdiyi fikirlər şübhəsiz Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına təsiri olacaq. Bir daha qeyd edim ki, Paşinyanın son çıxışı ölkəsinin bundan sonra tutacağı mövqeyin necə olacağını göstərir. Demək olar ki, Ermənistan artıq sırf bu xətti əsas tutaraq hərəkət edəcək.

Düzdür, rəsmi İrəvan müəyyən vaxtlarda sülhdən yayınma cəhdləri göstərmiş ola bilər, amma ümumilikdə Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalamaqdan ötrü qəti addımlar atacaq.

İlkin Həsənov

Bunu ona görə demək olur ki, Paşinyanın son çıxışları bundan öncəkilərdən kəskin şəkildə fərqlənir. Qarşımızda daha əmin və nə etdiyini bilən bir Paşinyan var. Hesab edirəm, qarşıdakı günlər və aylarda eyni ilə bu ritorikada növbəti çıxışların şahidi ola bilərik.

– Paşinyan “öz ərazilərimizi Ermənistan SSR çərçivəsində qəbul etməliyik” deyib. Söhbət hansı ərazilərdən gedir? Axı Ermənistan SSR-nin ərazisi Azərbaycan SSR əraziləri hesabına bir neçə dəfə dəyişilib…

– Bu əslində çox ciddi bir açıqlamadır. Paşinyan “öz ərazilərimizi Ermənistan SSR çərçivəsində qəbul etməliyik” söyləməklə faktiki olaraq “başqa ərazilərə iddia etməməliyik” deyir. Bildiyiniz kimi, Ermənistanın bu gün Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiaları var. Və bu iddialar Ermənistan konstitusiyasında da öz əksini tapıb. Yəni Paşinyan bu ifadə ilə həm də konstitusiyada dəyişikliklərə gedilməsinin vacibliyini vurğulayır.

Bu həm də erməni mentalitetinin dəyişdirilməsi deməkdir. Çünki Ermənistanın dövlət ideologiyası birbaşa mentalitet ilə bağlıdır. Hətta bu Ermənistanın bir dövlət olaraq bu gün tam formalaşması deməkdir. Əgər Paşinyan bu dəyişikliklər gedə bilsə, Ermənistanın gələcək fəaliyyəti, yanaşması, müttəfiqlərini seçməsi məsələsində əsaslı dəyişiklik etməsi deməkdir. Bunun Qafqazda təsirləri şübhəsiz hiss ediləcək.

O ki qaldı Ermənistan SSR-nin ərazisi deyərkən konkret hansı ərazilərdən söhbət getməsinə, tərəflər Praqa və Soçi görüşlərində Almatı Bəyannaməsini əsas götürülərək razılıq əldə etdi. 1991-ci ildə imzalanan bu bəyanata görə, SSRİ dağılarkən İttifaqdan ayrılan 15 respublika hansı ərazilər ilə müstəqillik əldə edirlərsə, bir-birinin ərazi bütövlüyündə həmin ərazilər əsasında tanıyıb. Yəni bu, Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin yekun halıdır. Paşinyan da bunu nəzərdə tuturdu.

– Belə bir nəticəyə gəlmək olar ki, Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”. Sizcə, o bu fikirlərində nə qədər səmimidir?

– Məncə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məsələsində səmimidir. Bilirsiniz, biri var hansısa siyasətçi yanaşması, biri də var ekspert yanaşması. Təəssüf ki, bir çox ekspert Paşinyanı büsbütün mənfi obraz kimi görür. Halbuki unutmamalıyıq ki, qarşımızda da bir dövlət var və onun da bir lideri var. Bunu ona görə qeyd edirəm ki, hər ölkənin və ölkə başçısının siyasəti olur, bu siyasət naminə addımlar atıb manevrlər edə bilir. Bu mənada Paşinyanın atdığı addımlar bizə qəribə gəlməməlidir.

Biz qarşımızdakı insanı düşmən də olsa yaxşı anlamalı, başa düşməliyik. Yəni Paşinyan da hakimiyyətini qorumaq istəyir və bunun üçün Azərbaycanla sülhə belə gedə bilər.

Mən ona görə Paşinyanın son çıxışda işlətdiyi fikirləri səmimidir. Hesab edirəm ki, o, yaxın və uzaq perspektivdə hakimiyyətini qarantiya altına almaq istəyir və buna görə də əlindən gələn hər şeyi etməyə hazırdır.

Bu gün Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Bu onun hakimiyyətdə qalıb-qalmayacağına aydınlıq gətirən məsələdir. Yəni sülh əldə edilsə o da hakimiyyətdə qala biləcək.

– Bildiyiniz kimi, Qarabağ və regional məsələlərə yanaşmada Qərb və Rusiya arasında fərqlər var. Bu fərq Paşinyanın fikirlərinə nə kimi təsir edir?

– Paşinyanın maraqları Rusiyanın maraqları ilə heç vaxt kəsişmir. O bundan öncə olduğu kimi, bundan sonra da Rusiyanın Qarabağda qalması reallığını qəbul etmək niyyətində deyil. Ancaq bu da reallıqdır ki, Paşinyan Rusiya faktorundan daxili auditoriyada təsir rıçaqları əldə etmək üçün istifadə edir.

Ruslar Qarabağa müvəqqəti yanaşırlar. Yəni istənilən an bundan imtina edə bilərlər. Ancaq Ermənistan Rusiya üçün heç də Qarabağ deyil. Ermənistanın itirilməsi Rusiyanın Cənubi Qafqazdan çıxması deməkdir. Bunu Paşinyan da bilir. O yaxşı başa düşür ki, rusların Qarabağdan getməsi və ya möhkəmlənməsi növbəti etapda Ermənistana yönəlmələrinə səbəb olacaq.

Prinsip etibarilə biz bu gün Ermənistan siyasətində bunun işartılarını görürük. Rusiya faktiki olaraq Ermənistanda nəzarətini gücləndirmək üçün aktivləşib.

Hesab edirəm, burada Rusiyanın da mövqeyini anlamaq lazımdır. Kreml anlayır ki, Cənubi Qafqazı itirmək növbəti mərhələdə Şimali Qafqazın da itirilməsi deməkdir. Buna görə də Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini Rusiya istəmir.

Turan Rzayev
Globalinfo.az