Parisin qəbul etdiyi, İrəvanı qorxuya salan xəritə: Azərbaycan hərəkətə keçəcək?

Sosial şəbəkələrdə 1918-ci ildə dönəmin Fransa hökuməti tərəfindən təsdiq edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi yayılıb. Həmin xəritədə Zəngəzur, Göyçə mahallarının da Azərbaycan ərazisi kimi təsdiqləndiyi əks olunub.

Bu xəritə tez-tez gündəmə gəlir. AXC-nin sözügedən xəritəsinə münasibətdə bəzi erməni politoloqlar bildirilər ki,

Azərbaycan konstitusiyaya əsasən özünü cümhuriyyətin varisi elan edib. Belə olan halda isə Azərbaycan varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ da əldə edir.

Qarabağı belə “artsax” adlandıran Fransanın hələ 100 il öncə tanıdığı xəritəni indi görməzdən gəlməsi və tarix reallığı bəyanatlarında erməni mövqeyindən saxtalaşdırması müzakirələrə səbəb olub.

Bəs bu xəritənin indiki dövrdə hüquqi əsas varmı? Zəngəzur dəhlizi məsələsində əsas göstərilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, xəritə məsələsinin gündəmə gəlməyi çox əhəmiyyətlidir:

“Beynəlxalq hüquq yaradıcılıq tətbiq edilə bilən sahədir. Burada hər zaman yeni presedentlər yaranır. Məsələ ilə bağlı bir sual ortaya çıxır: Xalq Cümhuriyyətinin xəritəsində Zəngəzur və Göyçə mahallarının Azərbaycan ərazisi olması, bunun Fransa arxivindən meydana çıxması yeni sərhəd dəyişmələrini reallaşdıra bilirmi? Mövzu ilə bağlı iki hala diqqət etmək lazımdır. Birinci hal odur ki, burada dövlətin gücü kifayət qədər həlledicidir. Buna İsrail presedentini misal göstərmək olar. Yəni güc tətbiqini rahat şəkildə həyata keçirir, dünya onu qınasa belə istədiyini reallaşdırır. Bir də Azərbaycan nümunəsi var. Tam şəkildə beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Lakin İsraildə fərqlidir, prosesləri öz sərhədlərindən kənara köçürə bilir. Yəni beynəlxalq hüquqda bunu əsaslandıra biləcək çox sayda kolleziyalar var”.

Əziz Əlibəyli

Ekspert Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu, lakin indiki ərazi xəritəsinin daha yaxın tarixə əsaslandığını deyib:

“Sözügedən xəritə ilə bağlı indiki situasiyada bir vacib nüansı izah etmək lazımdır. Beynəlxalq hüquqda dövlətlərin varislik hüququ var. Azərbaycan müstəqillik bəyannaməsini qəbul edəndə Xalq Cümhuriyyətinin varisi olduğu qeyd edildi. Belə olan halda problem dərhal aradan qalxır. Əgər biz Azərbaycan SSR-in varisi olduğumuzu bəyan etsəydik, o zaman situasiya dəyişərdi. Lakin bizim AXC-nin varisi olmağımız sadəcə xəritə üzərində öz əksini tapmır. Bu faktiki deyil, mənəvi varislikdir. Faktiki varislik Azərbaycan SSR-in 86,6 min kvadrat kilometrlik sərhədidir.

Beynəlxalq Hüquq Komissiyası tərəfindən ümumiyyətlə dövlətlərin beynəlxalq müqavilələrdəki varisliyi məsələsinə aid Vyana Konvensiyası var. Belə ki, dövlətlər müəyyən addımlarına görə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməli olurlar. Ona görə də, mövcud vəziyyətdə hər bir ölkə öz addımlarına diqqət edir”.

Ekspert bildirib ki, xəritə o zamankı beynəlxalq hüquq sisteminə uyğun olsa da, indi vəziyyət fərqlidir:

“Bütün bu proseslər bizim indiki vəziyyətdə hansı addımlar atacağımızı təyin edir. Biz Millətlər Liqasına həmin şərtlər və ərazi vahidi ilə daxil olmuşduq. Lakin bunu indi beynəlxalq hüquq qəbul etmir. Çünki Millətlər Liqası 1919-cu ildən 1939-cu ilə kimi tab gətirdi. Bu ittifaq dağıldıqdan sonra beynəlxalq hüquq sistemi də dağılmış oldu. İki dönəm arasındakı hüquq isə işlək deyil. Doğrudur, Azərbaycanın bu xəritə ilə həmin torpaqlara mənəvi haqqı var. Sadəcə tarixi varisliyi önə sürməklə problemi müəyyən qədər aydınlaşıdrmaq olar. Lakin xəritəni indiki dövrdə əsaslandırmaq çətindir. Hazırkı beynəlxalq hüquq sistemi, o zamankı ilə eyni deyil”.

Ayşən Mustafa
Globalinfo.az