Təhlükə var: Ordumuz hər an hazır olmalıdır – Kritik ANONS

Makronun iflasa uğrayan planı, Şoltsun Mişelin Brüssel təşəbbüsü: Bakı Qərbdə keçirilən sülh danışıqlarına qayıdır?

Globalinfo.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni təqdim edir:

– Səməd bəy, bildiyiniz kimi Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında iştirak etdi. Prezidentə olan diqqət, ehtiram xüsusi ilə sezilirdi. Digər bir diqqətçəkən məqam isə Qərbin Azərbaycana olan aqressiv mövqeyinin səngiməsidir. Sizcə, Qərb-Azərbaycan münasibətləri normallaşır?

– Son zamanlar Azərbaycanın yaratdığı reallıqlar və keçirilən prezident seçkiləri dünyada elə bir əks-səda yaradıb ki, bu reallığı qəbul etməmək mümkün deyil. Qərb də bu reallığı dərk edir. Anlamağa başlayır ki, Bakı ilə gərginlik heç kəsə sərf etmir. Əksinə, əməkdaşlıq hamı üçün daha optimal seçimdir.

Biz ənənəvi olaraq Azərbaycan-Qərb əlaqələrindən danışırıq, amma diqqət yetirsək rəsmi Bakının bütün istiqamətlərdə əlaqələri inkişaf edir. Qərb bizim üçün daha çox prioritet olsa da şərq, habelə şimalda əlaqələrimiz yüksək səviyyədədir.

Siz doğru dediniz ki, Münhendə Prezident İlham Əliyevə diqqət, ehtiram yüksək səviyyədə idi. Onunla söhbət etmək üçün bir növbə yaranmışdı. Bu bir daha o şəxslərin timsalında Qərbin Prezidentə və ölkəmizə olan marağından xəbər verir. Belə olan təqdirdə gərginliyi uzatmaq da məntiqli hərəkət deyil. Qərb reallığı dərk edir.

– Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etməməsi diqqət çəkirdi. Sizcə, rəsmi Berlin bu görüşlə nəyə nail olmağa çalışır?

17 fevral 2024-cü il. Münhendə İlham Əliyev, Olaf Şolts və Nikol Paşinyanın görüşü

– Makronun öz-özünü ifşa etməsi artıq göz qabağındadır. Dünən Paşinyanla görüş sonrası keçirdiyi mətbuat konfransında qeyd etdikləri də onun əsl üzünü göstərdi.

Fransa açıq şəkildə bəyan edir ki, Cənubi Qafqazda sülh istəmir və ümumiyyətlə Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil.

Paris indiki məqamda sülhə töhfə verə bilməz və belə bir ölkənin vasitəçi kimi danışıqlarda iştirakı mümkün deyil. Buna Azərbaycan razı deyil.

Fransa öz maraqlarını təmin etmək üçün Ermənistandan aktiv şəkildə istifadə edir. Təəssüf ki, Ermənistan bunu görməyəcək qədər kordur.

Almaniya bu prosesi izləyir, analiz edir və dərk edir. Fransının aparıcı qüvvə kimi Almaniyanı da arxasınca qeyri-adekvat şəkildə aparması Berlini artıq narahat edir. Məhz buna görə kansler Olaf Şolts belə bir görüş təşəbbüsünü irəli sürdü. Onu da qeyd edim ki, Almaniya burada vasitəçi deyildi. Amma konstruktiv mövqeyi təqdirəlayiqdir.

– Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü müsbət olsa da onun hökumətində olan deputat Frank Şvaben Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul edilməməsində və sonrakı qərarların verilməsində aparıcı şəxsdir…

– Şvaben həqiqətən də Şoltsun partiyasındadır. Şoltsun belə bir addım atması o deməkdir ki, Azərbaycana qarşı kəskin mövqe heç kəsə fayda vermir. Yəni Berlin də artıq bunu dərk edir. Əminəm ki, görüşlərdə bu məsələlər də geniş şəkildə müzakirə edilib. Ona görə də, Almaniya özündə güc-qüvvə tapıb belə təşəbbüs irəli sürsə, biz də bunu qəbul etmişiksə, deməli, proses ciddi təhlil olunur və Berlin Parisin hiyləgər oyununu oynamaq istəmir.

– Səməd bəy, Prezident İlham Əliyev seçkilərdə qalib gəldikdən sonra onu ilk təbrik edənlərdən biri də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oldu. Mişel bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Necə düşünürsünüz, Brüssel liderlərinin növbəti görüşünü təşkil etməyə çalışır?

– Cənab Prezident inaqurasiya mərasimində çıxışı zamanı qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq bizim üçün tam şəkildə həll olunub. Biz istədiyimiz nəticəni əldə etmişik.

İndiki məqamda Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək istəyən ölkələr də anlamalıdır ki, Dağlıq Qarabağ deyə bir münaqişə yoxdur. Buna görə də danışıqlar prosesində bu məqam qeyd edilməməlidir. Biz belə bir məsələdə konkret mövqeyə malikik. İkitərəfli birbaşa danışıqlar indiki məqamda bizim üçün başlıca prioritetdir.

Şarl Mişel Brüssel görüşlərində konstruktiv danışıqlar keçirəcəksə, tərəf tutmayacaqsa bu görüşlərdə iştirak bizim üçün də məqbuldur. Yox, əksi olacaqsa biz bu görüşlərə qatılmayacıq.

– Biz hər nə qədər sülhdən danışsaq da Ermənistan sürətli şəkildə silahlanır. Fransa, İran, Hindistan, Rusiyadan silahlar alan Ermənistan sanki eskalasiyaya hazırlaşır. Necə düşünürsünüz, sülhə daha yaxınıq, yoxsa regionda növbəti müharibənin astanasındayıq?

– Təbii ki, bəzi qüvvələr regionda gərginliyin davamlı olmasında maraqlıdır. Ona görə ki, onlar bu yolla regionda varlığını qoruyub saxlaya, öz imperialist maraqlarını təmin edə bilirlər.

Cənab Prezident andiçmə mərasimində qeyd etmişdi ki, xaricdən təhlükələr var. Təəssüf ki, bu təhdidlər bundan sonra da olacaq. Biz indiki məqamda ordumuzu güclü saxlamalı, bütün təhdidlərə hazır olmalıyıq.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az