WhatsApp Image 2026 09 22 at 13.47.41

İraq Kürdüstanının Talabani və Barzani icmaları Peşmərgə qüvvələrinin birləşdirilməsinə qərar veriblər.

Qərara əsasən, Bafal Talabani və Neçirvan Bərzaninin nəzarəti altında Peşmərgə qüvvələri vahid şəkildə xidmət göstərəcək.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, 21 sentyabr tarixində İraq Kürdüstanında Peşmərgə qüvvələrinin 70-ci və 80-ci birləşmələrinin Kürdüstan Peşmərgə İşləri Nazirliyinin vahid komandanlığı altında birləşdirilməsi elan olunub:

“İraq Kürdüstanı rəhbərliyi bunu uzun illər davam edən islahat prosesinin mühüm mərhələsi kimi təqdim edib. Xatırladım ki, bu proses ABŞ Müdafiə Nazirliyi ilə 2022-ci ildə imzalanmış memorandum çərçivəsində də dəstəklənib.

Öncəliklə, Peşmərgənin vahid komandanlıq altında birləşdirilməsi bu bölgədə təhlükəsizlik sisteminin iki əsas siyasi mərkəzi – Kürdüstan Demokratik Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) arasında bölünmüş strukturdan daha institusional modelə keçirilməsi cəhdidir. Uzun illər Peşmərgənin ayrı-ayrı hissələrinin partiyaların təsiri altında qalması regionun hərbi imkanlarının vahid qərar mexanizmi ilə idarə olunmasını məhdudlaşdırırdı. İndi 70-ci və 80-ci qüvvələrin vahid komandanlığa keçirilməsi bu baxımdan sadəcə texniki hərbi islahat deyil, həm də KDP ilə KVİ arasında təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsi deməkdir.

Bu qərarın məhz indiki regional şəraitdə xüsusi əhəmiyyəti var. İran ətrafında hərbi-siyasi gərginliyin yüksəldiyi və İraq Kürdüstanının mümkün regional qarşıdurmalarda coğrafi baxımdan həssas mövqedə olduğu bir vaxtda vahid Peşmərgə komandanlığı Ərbilin öz ərazisinə nəzarət imkanlarını artırır. Bununla belə, bu addımı birbaşa İrana qarşı hərbi əməliyyata hazırlıq kimi qiymətləndirməzdim. Əksinə, ola bilsin ki, vahid komandanlıq həm müdafiə qabiliyyətini artırmaq, həm də regionun öz ərazisindən kənar qüvvələrin istifadəsinə nəzarəti gücləndirmək məqsədi daşıyır”.

Tamilla
Tamilla Qulami 

Politoloq bildirib ki, Bafal Tələbaninin rəhbərlik etdiyi ittifaq ilə Bərzani ailəsinin KDP-si arasında təhlükəsizlik məsələsində müəyyən ortaq mexanizmin formalaşması xüsusi diqqət çəkir:

“Çünki İranla münasibətlər baxımından ittifaq ənənəvi olaraq, Tehranla daha yaxın və sıx əlaqələrə malik olub. Qeyd edim ki, Bafal Tələbani sentyabrın 15-də Tehranda İran rəsmiləri ilə görüşdü, bu ölkənin təhlükəsizlik və sərhəd əməkdaşlığının genişləndirilməsini müzakirə etdi. Bu fakt göstərir ki, Peşmərgənin birləşdirilməsini yalnız anti-İran istiqamətində şərh etməkdən daha çox, ümumi nəzarəti ələ almaq kimi dəyərləndirmək olar.

Həmçinin vahid Peşmərgə strukturu ABŞ və Qərb üçün də önəmlidir. Çünki Peşmərgənin vahid komandanlıq altında olması həm İŞİD kimi silahlı qruplara qarşı mübarizədə, həm də İraq ordusu ilə koordinasiyada daha sistemli təhlükəsizlik mexanizmi yaradır. Kürdüstan rəhbərliyi də açıq şəkildə Peşmərgəni federal İraqın müdafiə sisteminin bir hissəsi kimi təqdim edir.

İrana mümkün müdaxilə baxımından demək olar ki, vahid Peşmərgə gələcəkdə İraq Kürdüstanının sərhədlərinə nəzarəti və hərbi-logistik imkanları artıracaq. Bu gün Tehran üçün əsas narahatlıq İraq Kürdüstanının İran əleyhinə fəaliyyət göstərən kürd qrupları üçün baza kimi istifadə olunmasıdır. Buna görə də vahid Peşmərgə həm ABŞ və Qərbin regionda təhlükəsizlik baxımından istədiyi nizamlı tərəfdaşdır, həm də İranla sərhəddə əlavə nəzarət mexanizmidir. Görünən bu ki, Vaşinqton vahid Peşmərgə vasitəsilə də İran üzərində əlavə nəzarəti də ələ keçirməyi planlayır.

Bu qərarın ən mühüm tərəfləri isə Kürdüstanın hərbi potensialının birləşdirilməsi və siyasi partiyalardan nisbətən daha müstəqil təhlükəsizlik institutunun yaradılmasıdır. Həmçinin bunu İran ətrafında da mümkün genişmiqyaslı qarşıdurma prosesində və regionun baş verəcək böhranlara hazırlıq, öz təhlükəsizlik imkanlarını gücləndirməsi kimi qiymətləndirmək daha əsaslıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: