Azərbaycanda, özəlliklə Bakı küçələrində Çin istehsalı olan BYD avtomobillərinin sayı sürətlə artır. Lakin Avropadan gələn son xəbər bu markanın gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, Haaqa məhkəməsi BYD-nin Ti7 modelinin Land Rover Defender-in dizayn hüquqlarını pozduğuna qərar verərək onun Avropa İttifaqında satışını və istehsalını müvəqqəti qadağan edib.
Bu qərar Azərbaycanda da geniş yayılan Çin avtomobillərinə münasibəti dəyişə bilərmi? Həmçinin, məhkəmə qərarı Azərbaycanda BYD avtomobillərinin satışına, qiymətinə və bazardakı mövqeyinə təsir göstərəcək? Avropada bir modelə qoyulan qadağa gələcəkdə digər Çin avtomobilləri ilə bağlı da oxşar mübahisələrin yaranmasına səbəb olacaq?
Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib ki, Avropada tətbiq olunan bu qadağa BYD-nin bütün modellərini əhatə etmir:
“Avropa mediasında yayılan məlumatlara əsasən, qadağa yalnız “Defender” modelinə bənzəyən bir avtomobilə aiddir. Şirkətin digər modelləri isə Avropada satışdadır. Bu qərarın Azərbaycana aid olub-olmaması isə ayrıca məsələdir. Çünki Azərbaycan Avropa İttifaqının üzvü deyil. Bununla belə, ölkəmizin qoşulduğu müəyyən konvensiyalar çərçivəsində qəbul edilən qərarların icrası zəruri ola bilər. Lakin indi söhbət avtomobilin Avropa İttifaqı ölkələrində satışının müvəqqəti dayandırılmasından gedir. Buna görə də həmin qərarın Azərbaycana birbaşa aidiyyəti olduğunu demək doğru olmaz”.
Eyyub Əliyev
AADA sədri bildirib ki, BYD Azərbaycanda avtomobil satışlarına görə ikinci yerdədir:
“Artıq iki ildir ki, şirkət ölkə bazarında lider mövqelərdən birini qoruyur. Azərbaycanlı alıcılar avtomobil seçərkən Avropa ölkələrində baş verən bu kimi hadisələrdən daha çox avtomobilin texniki göstəricilərini, gündəlik tələbatlarına uyğunluğunu, qiymətini və ehtiyat hissələrinin əlçatanlığını nəzərə alırlar. Hətta oxşar hal Rusiyada, Türkiyədə və ya Qazaxıstanda baş versə belə, bunun yerli avtomobil alıcılarının qərarlarına ciddi təsir göstərəcəyini düşünmürəm. Təbii ki, avtomobillərlə bağlı təhlükəsizlik problemləri, texniki qüsurlar və digər ciddi çatışmazlıqlar aşkar edilərsə, bu, satışlara təsir göstərə bilər. Lakin hazırda müzakirə olunan məsələnin BYD avtomobillərinin Azərbaycan bazarındakı satışlarına hər hansı ciddi təsir edəcəyini gözləmirəm”.
Ləman İmran
Globalinfo.az