“Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin “revanş istədiyini” nümayiş etdirmək məqsədi daşıyacaq”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib.
O, Ermənistanda revanşist düşüncədə olanlara bəzi detalları xatırladıb:
“1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsində birbaşa qeyd olunub ki, “Azərbaycan Respublikası 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
Bu isə o deməkdir ki, Zəngəzur və Göyçə gölünün şərq sahili, eləcə də ətraf ərazilər Azərbaycanın ərazisidir. Bu torpaqlar işğalçı bolşevik Rusiyasının hakimiyyət orqanları tərəfindən qanunsuz şəkildə qondarma Ermənistan SSR-ə verilib.
Ermənistan faktiki olaraq Alma-Ata Bəyannaməsinin prinsiplərini tanımadığına görə, bu, danışıqların əsasını ADR ilə Ararat Respublikası arasındakı sərhədlərin təşkil etməli olduğu anlamına gəlir”.
Sabiq nazir bildirib ki, internetdə yayılmış tarixi məlumatlara əsaslansaq, Ermənistan Respublikası 28 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra elan edilib və 1920-ci ilin sonlarında sovetləşənədək mövcud olub:
“1918-ci il Batum müqaviləsinə əsasən, respublikanın ərazisi cəmi 11–12 min kvadratkilometr təşkil edirdi. Buraya İrəvan, Eçmiədzin, Novo-Bəyazet qəzaları və Aleksandropol qəzasının bir hissəsi daxil idi. Paytaxt İrəvan şəhəri 29 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası (ADR) tərəfindən ona güzəştə edilmişdi”.
Xatırladaq ki, Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub. Layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almır. Yeni Konstitusiya layihəsinin qəbul edilməsi üçün əsas prosedur parlamentdə layihənin referendumda səsverməyə çıxarılmasına razılıq verilməsi və daha sonra referendumda təsdiqlənməsidir.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar əks olunub. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını şərt kimi irəli sürüb.
Əliyar Xəlil
Globalinfo.az