WhatsApp Image 2026 11 21 at 13.16.10

Rusiya Prezidenti Vladimir Putinin APEC sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfəri və hava limanında qarşılanma mərasimi beynəlxalq siyasi müzakirələrə səbəb olub. Xüsusilə Putinlə digər dünya liderlərinə göstərilən münasibət arasındakı fərq diqqət çəkib.

Çin və ABŞ prezidentlərinin liderlərin birgə görüşü zamanı eyni məkanda yer aldığı halda, Putinin kənara dəvət edilməsi də siyasi və diplomatik baxımdan müzakirələrə yol açıb. Bütün bunlar Pekinin Moskva, Vaşinqton və digər güc mərkəzləri ilə münasibətlərində hansı mesajları verdiyi sualını gündəmə gətirir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Putinin Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində qarşılanması və liderlərin birgə foto çəkilişi zamanı baş verənlər diplomatik protokolun siyasi mesajlar baxımından nə qədər əhəmiyyətli olduğunu göstərir:

“ABŞ Prezidenti Donald Trampın hava limanında şəxsən Çin lideri Si Cinpin tərəfindən qarşılanması, Putini isə Çinin Kommunist Partiyasının yüksək vəzifəli nümayəndəsinin qarşılaması diplomatik münasibətlərdə fərqli yanaşma kimi qiymətləndirilə bilər.

Digər diqqətçəkən məqam isə liderlərin birgə fotosu zamanı Putinin Tramp və Si Cinpindən aralıda, Çin liderinin həyat yoldaşının digər tərəfində dayanmasıdır. Bu görüntü Rusiyada müəyyən narahatlıq doğura biləcək simvolik mənzərə yaradır. Çünki Moskva uzun müddətdir Pekinlə münasibətlərini strateji tərəfdaşlıq və dostluq üzərində qurduğunu nümayiş etdirməyə çalışır.

kenan novruzov
Kənan Novruzov

Burada əsas məsələ Çinin Rusiyadan uzaqlaşması deyil, Pekinin Vaşinqtonla münasibətlərdə yeni diplomatik balans yaratmaq cəhdi kimi görünür. Çin həm Rusiya ilə strateji tərəfdaşlığını qoruyur, həm də ABŞ-la münasibətlərini idarə etməyə çalışır. Trampın hava limanında xüsusi qarşılanması da Vaşinqtonla münasibətlərə verilən əhəmiyyətin göstəricisidir.

Əslində, bu hadisələr bir daha göstərir ki, beynəlxalq siyasətdə bəzən bir foto, bir əl sıxma və ya qarşılanma mərasimi uzun diplomatik bəyanatlardan daha çox müzakirə doğura bilir. Lakin bu görüntüləri Rusiya-Çin münasibətlərində ciddi çat kimi təqdim etmək üçün hələlik kifayət qədər əsas yoxdur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: