aileee

Ev təsərrüfatlarının uçotunun 2027-ci ildən etibarən tam elektron qaydada aparılması nəzərdə tutulur. Yeni sistem vasitəsilə ailələrin tərkibi, məşğulluq və sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə məlumatlar “mygov” platformasında toplanacaq. Bu məlumatların dövlət dəstəyinin ehtiyacı olan ailələrə daha dəqiq yönəldilməsinə və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsinə imkan verəcəyi bildirilir.

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, ev təsərrüfatlarının elektron uçotu sosial siyasətin ünvanlılığını artıracaq:

“Ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması dövlət sosial siyasətinin daha dəqiq və effektiv qurulmasına imkan verəcək. Bu sistemin əsas üstünlüyü ailələrin real sosial-iqtisadi vəziyyəti, gəlirləri, məşğulluğu və yaşayış şəraiti barədə vahid məlumat bazasının formalaşdırılmasıdır. Hazırda sosial dəstək mexanizmlərində əsas çətinliklərdən biri ailələrin faktiki gəlirlərinin və real ehtiyaclarının müəyyənləşdirilməsidir. Xüsusilə qeyri-formal məşğulluq, mövsümi gəlirlər, kənd təsərrüfatı fəaliyyəti və ailələrin sosial vəziyyətindəki dəyişikliklər bu prosesdə müəyyən çətinliklər yaradır. Elektron uçot bu problemlərin həllinə, sosial yardımların daha dəqiq ünvanlanmasına və büdcə vəsaitlərinin səmərəli bölüşdürülməsinə şərait yarada bilər. Eyni zamanda, regionlar üzrə yoxsulluq, işsizlik və sosial risklərin daha dolğun təhlili mümkün olacaq”.

İqtisadçı bildirib ki, sistemin effektivliyi məlumatların düzgün toplanmasından, mütəmadi yenilənməsindən və digər dövlət informasiya sistemləri ilə inteqrasiyasından asılıdır:

“Burada fərdi məlumatların qorunması da xüsusi əhəmiyyət daşıyır. Əsas məsələ sosial yardımın sadəcə elektronlaşdırılması deyil, dövlət dəstəyinin həqiqətən ehtiyacı olan ailələrə vaxtında və düzgün çatdırılmasıdır. Bu baxımdan elektron uçot sosial siyasətin reaktiv modeldən qabaqlayıcı və məlumat əsaslı idarəetmə modelinə keçidinə mühüm töhfə verə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: