İranın Ermənistanı silahlandırmasının əsl səbəbi budur – Ekspert

İranın “Tahrireh” saytında yer alan “İran raketlərinin Ermənistana gəlməsi və regionun geosiyasi gələcəyi” sərlövhəli məqalədə bu gün rəsmi Tehranın dünyanın 55-dən çox ölkəsinə silah ixrac etdiyi bildirilib. Qeyd edilib ki, İran pilotsuz təyyarələrinin Ukrayna müharibəsində rezonans yaratması bu ölkə üçün ciddi reklam olub.

Materialda eyni zamanda Ermənistanın İrandan “Dehlaviyyə” zirehli raketləri və “Top Attack Almas” raketləri, bir neçə döyüş, kəşfiyyat və kamikadze pilotsuz uçuş aparatları aldığı vurğulanıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İranın İkinci Qarabağ müharibəsində Ermənistanı silahlandırmasına dair kifayət qədər fakt var:

“Hətta rəsmi Tehran özü də ermənipərəst mövqeyini dəfələrlə ortaya qoyub. İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilər Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəfələrlə “qırmızı xətlər” çəkiblər. Maraqlı və təəssüfləndiricidir ki, Ermənistan sərhədlərini, az qala, göz bəbəyi kimi qorumağa çalışan İran Azərbaycanın suverenliyinə hörmət etmir. Bunu Vətən müharibəsi zamanı və ondan sonra baş verən hadisələr sübut edir. Əlbəttə, Tehranın belə ritorikasının arxasında konkret səbəblər var. İran sərhədindəki Azərbaycanın güclənməsini qəbul etmək istəmir.

Bu baxımdan “Tahrireh” saytında yazılanlar, əslində, təəccüblü deyil. Molla rejimi ənənəvi xarici siyasət kursuna sadiqlik nümayiş etdirir”.

Ekspertin sözlərinə görə, İran Ermənistanı silahlandırmaqla bu dövlətdən öz maraqlarının təmin olunması üçün istifadə edir:

“Nəzərə almaq lazımdır ki, regiondakı gərginlik Tehranın maraqlarına uyğundur. Bu ilin fevral ayında Şərqi Avropada başlanan müharibə ilə bağlı İranın riyakarlığını, mənəviyyatsızlığını bir daha görmüş olduq. Tehranın Cənubi Qafqazla bağlı mövqeyi Şərqi Avropada da özünü göstərdi: molla rejimi təcavüzə məruz qalanın yox, işğalçının tərəfində oldu. İranın Rusiyaya verdiyi “Şahed” PUA-ları Ukraynada dağıntılara, minlərlə mülki şəxsin ölümünə səbəb olmaqdadır. Budurmu İranın “qırmızı xətləri”?!”

Siyasi şərhçi vurğulayıb ki, bütün bunlarla yanaşı İranın daxilindəki durum da stabil deyil:

“Əksinə, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması nəticəsində daxildəki xaos getdikcə dərinləşir. Həmçinin beynəlxalq qurumların da İran hakimiyyətinə təzyiqləri artır. Görünür, rəsmi Tehran öz qazdığı quyuya düşür. Bunlar molla rejimi üçün siqnal olmalıdır. İran müsəlmanlığa və mənəviyyata zidd olaraq haqsızı müdafiə etməyə, işğala məruz qalanı görməzdən gəlməyə davam edərsə, bu ritorika bumeranq effekti verəcək. Odur ki, molla rejimi papağını qarşısına qoyub düşünməli, revanşizmə xidmət edən, gərginliyə şərait yaradan addım atmazdan əvvəl yüz ölçüb, bir biçməlidir”.

Turan Rzayev
Globalinfo.az