İki qocanın “nifaq alması”na çevrilən ölkə – “Dərin dövlət”in oyunu…

ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri öncəsi namizədlərin təbliğat kampaniyası davam edir.

Hazırkı prezident Co Baydenə ən güclü rəqib isə keçmiş prezident Donald Trampdır. Bəziləri bu iki namizədin mübarizəsini “qocaların güc savaşı” adlandırır. Dünya supergücünün rəhbəri vəzifəsi uğrunda Bayden-Tramp mübarizəsini qeyri-ciddi, ABŞ-ın siyasi baxımdan zəifləməsi kimi dəyərləndirənlər var.

Bəs hazırda Ağ Ev rəhbərliyinə potensial namizəd kimdir? Bayden-Tramp mübarizəsinə qarşı güclü hesab edilə biləcək rəqib varmı? Bu seçkilər ABŞ-ın dünyadakı nüfuzuna hazırkı siyasi vəziyyətdə necə təsir göstərir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yusif Bağırzadə bildirib ki, artıq iki əsas partiyanın ABŞ prezidentliyinə namizədləri bəllidir:

“ABŞ-da 5 noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərində iki namizədin üz-üzə gələcəyi artıq dəqiqləşib. Məlumdur ki, ABŞ-da istənilən seçkilər əsasən iki partiyanın – Demokratlar və Respublikaçılar partiyasının namizədləri arasında keçirilir. Prezident seçkilərində partiyaların irəli sürəcəkləri namizəd isə praymeriz, yəni Partiyaların Qurultay nümayəndələri arasında keçirilən ilkin seçkilər vasitəsilə müəyyənləşir. Ötən gün Corciya, Vaşinqton və Missisipi ştatlarında ilkin seçkilər keçirildi. Demokrat Partiyasının namizədi, hazırkı Prezident Co Bayden Corciyada 95 faiz, Vaşinqtonda, ölkənin şimal-qərbində və Mississippidə öz partiyasının nümayəndələri arasında 98 faiz səs topladı. Beləliklə, Demokratların namizədi olmaq üçün tələb edilən Qurultay nümayəndələri sayını, yəni 1968 nəfəri əldə etmiş oldu.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə müvafiq olaraq Corciya ştatında 85 faiz, Vaşinqtonda 73 faiz və Missisipidə 92 faiz olmaqla səs əldə etdi. Bu da onun Respublikaçılar Partiyasından prezidentliyə namizədlik üçün tələb olunan nümayəndə sayını, yəni, 1215 nəfəri artıq topladığı anlamına gəlir”.

Politoloq prezident seçkilərinin daha çox şəxsi mübarizə olacağını vurğulayıb:

“Bir sözlə, seçkilərin keçmiş rəqiblər arasında keçiriləcəyi artıq qətiləşib. Qarşıdakı dövrdə hər iki namizəd arasında qızğın mübarizənin şahidi olacağıq. Bu mübarizənin son dərəcə şəxsi mübarizə olacağı gözlənilir. Baydenin keçən həftə televiziyada yayımlanan çıxışında “sələfim” deyə bəhs etdiyi Trampı Amerika demokratiyası üçün ekzistensial təhlükə olaraq təsvir etməsi, Trampın isə öz növbəsində Baydeni “axmaq” adlandıraraq ABŞ-ı zəiflətdiyini deməsi həqiqətən də namizədlər arasında olduqca kəskin fikir ayrılıqları olduğunu deməyə əsas verir”.


Yusif Bağırzadə

Y.Bağırzadə bildirib ki, Bayden və Tramp öz təbliğat kampaniyaları çərçivəsində bir-birilərini fərqli məsələlər üzrə ittiham edirlər:

“Tramp artıq Baydenin vəzifəyə gəlməsindən bu yana istehlak qiymətlərinin təxminən 20 faiz artması faktını vurğulamağa, cənub sərhədindəki miqrasiya böhranına, Baydenin hakimiyyəti dövründə inflyasiyanın ən yüksək həddə çatmasına diqqət çəkməyə, seçicilərə Baydenin yaşını xatırlatmağa başlayıb. Özü seçiləcəyi halda, Baydenin vəzifə müddəti dövründə ortaya çıxan qlobal böhranların, o cümlədən Ukrayna və Qəzzadakı müharibələrin qarşısını almış olacağı ilə bağlı iddialarla çıxış edərək faktiki olaraq təbliğat kampaniyası aparır.

Bayden isə öz növbəsində davamlı şəkildə vəzifədə olduğu müddətdə ölkədəki iqtisadi tərəqqi mövzusunu dilə gətirir və bunu “daha öncə heç vaxt danışılmayan ən böyük geri dönüş hekayəsi” adlandırır. Bayden deyir ki, Trampdan ona uçurumun kənarında olan bir iqtisadiyyat miras qalmışdı, indi isə bütün dünya sözün əsl mənasında ABŞ iqtisadiyyatını qısqanır. “Sadəcə üç ildə 50 milyon yeni iş yeri – bu bir rekorddur. İşsizlik son 50 ilin ən son səviyyəsindədir” deyən Baydenin təbliğat dövründə məhz iqtisadi göstəricələrə vurğu edəcəyi gözlənilir.”

Politoloq qeyd edib ki, ABŞ-da yeni prezidentin seçilməsi üçün əsas həlledici amil seçici sayı deyil:

“Təbii ki, ABŞ-da kimin seçki yarışının qalibi olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilərin özləri deyil. Seçilmiş nümayəndələrin sayı həlledicidir. Məsələn son seçkilərdə Trampın ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq, nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək Prezident seçkilərinin nəticələri təkcə Amerikada hiss edilməyəcək, eyni zamanda, bu, bütün dünyada hiss olunaca”,

“Düzdür, Amerikanın oturuşmuş xarici siyasəti var və buna görə də, ABŞ-ın xarici siyasət strategiyası davam edəcək. Amma təbii ki, hakimiyyətə Donald Tramp gələrsə yarımçıq qoyduğu işləri davam etmək istəyəcək. Bura dünyanın ayrı-ayrı bölgələrində olan ABŞ ordusunun böyük hissəsini geri şəkmək, Avropa ilə daha məsafəli və maddi tərəfləri güdən bir siyasətin həyata keçirilməsi aiddir. Trampın Rusiya ilə münasibətdə daha loyal siyasət yürüdəcəyi və bundan sonrakı dönəmdə əsas vurğunu Çin üzərində mübarizəyə və təzyiqə edəcəyi ehtimalları kifayət qədər yüksəkdir, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az