Bakı metrosunda təhlükəli anlar – VİDEO

Bakıda metronun stansiyalarından birində təhlükəli anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, hərəkətdə olan qatarda vaqonlardan birinin qapısı açılıb.

Sərnişinlər qapının bağlı qalması üçün müdaxilə etmək məcburiyyətində qalıblar.

Yaşanan təhlükəli anla bağlı Oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovbildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı müvafiq yoxlama şəraiti olan, metronun “Həzi Aslanov” stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.

“Lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır. Sərnişinlərdən xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda maşinistə vaqondakı rabitə vasitəsilə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat versinlər”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədov əlavə edib ki, metropolitendən istifadə edərkən, təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var:

“Sərnişinlərimizdən təhlükəsizliklə bağlı məsələlərdə fəal olmağı xahiş edirik”.