Rusiyadan Azərbaycana qarşı təxribatlar davam edir. Moskva rəsmi səviyyədə Bakı ilə münasibətlərin normal olduğunu göstərsə də, Rusiya mediasında ölkəmizə qarşı sərt və təhdidkar çıxışlar səngimir. Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfirini çağırması da bu məsələnin artıq diplomatik narazılıq həddinə çatdığını göstərir. Diqqətçəkən məqam isə budur ki, İrandan Azərbaycana qarşı səslənən sərt bəyanatlar da eyni vaxta təsadüf edir.
Rusiya və İranın bu ritorikası arasında əlaqə varmı? Bu ölkələr eyni vaxtda Azərbaycana hansı mesajı verməyə çalışırlar və bütün bunların arxasında hansı məqsəd dayanır?
Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Rusiya və İranın ölkəmizə qarşı münasibətindəki son hadisələrin ardıcıllığına baxanda Azərbaycanın üzərinə müxtəlif istiqamətlərdən informasiya-siyasi təzyiqin artdığı açıq görünür:
“Xüsusilə də Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə təhdid və təhqirlərin intensivləşməsi artıq Bakının diplomatik reaksiyasına səbəb olub. XİN avqustun 18-də Rusiya səfiri Mixail Yevdokimovu quruma çağırıb, Moskvanın diqqətinə qəti etirazını bildirib. Bu etiraz avqust 13-də yayımlanan “Çistota Ponimaniya” proqramındakı çıxışlara əsaslanır.
Azərbaycan və Rusiya münasibətlərinin paradoksu məhz bundadır ki, üzdə rəsmi diplomatik səviyyədə tərəfdaşlıq görünür, informasiya məkanında isə getdikcə daha da artan sərt ritorika var. Halbuki hər iki ölkə arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə mövcuddur və həmin sənəddə bir-birinin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri təsbit olunub.
Biz də Moskvanın rəsmi diplomatik xətti ilə Rusiyanın informasiya məkanında baş verənlər arasında ciddi uyğunsuzluq yarandığını rahat şəkildə deyə bilərik. Lakin xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyanın xarici siyasətində bu, yeni taktika deyil. Moskva zaman-zaman istədiyi ölkələr ilə diplomatik kanalları açıq saxlayır, eyni zamanda həmin ölkəyə qarşı informasiya, ekspert, media və ictimai rəy alətlərindən də istifadə edir. Ona görə də, “Rusiya rəsmi olaraq, Azərbaycana dost münasibət göstərir, lakin mediada deyilənlər təsadüfidir” fikri kifayət qədər sadəlövh yanaşmadır.
Düzdür, bəzən hansısa ölkənin televiziya çıxışlarını birbaşa həmin ölkənin rəsmi göstərişi kimi dəyərləndirməyi də doğru hesab etmirəm. Amma təəssüflə qeyd edəcəyəm ki, Rusiya o ölkələrdən deyil. Baxmayaraq ki, Rusiya XİN sözcüsü Mariya Zaxarova və ya digər rəsmilər yeri gəldikcə, bu istiqamətdə fərqli fikirlər səsləndirirlər. Necə ki, avqustun 18-də Azərbaycan tərəfindən axtarışda olan rusiyalı jurnalistlərin fikirlərinin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini bildirmişdilər.
Əsas məsələ budur ki, Kreml Azərbaycan dövlətinə qarşı səslənən həmin ritorikaları saxlamaq, dayandırmaq üçün nəsə edirmi? Hələlik bunun şahidi olmuruq. Əgər dövlətlərarası münasibətlərə ciddi zərər vuran təhdidlər ardıcıl şəkildə Rusiya informasiya məkanında səslənirsə və buna qarşı effektiv siyasi reaksiya görünmürsə, rəsmi Bakı da təbii olaraq, bunu yalnız jurnalistlərin şəxsi mövqeyi kimi qəbul etməməlidir”.
Ekspert deyib ki, bu gün Moskvanı narahat edən əsas məsələnin Azərbaycandakı geosiyasi dəyişikliklər olduğu hər kəsə aydındır:
“Məncə, elə Rusiyanın Azərbaycanla bağlı əsas narahatlığı bizimlə etimadsızlığın yarana biləcəyindən daha çox, Cənubi Qafqazda əvvəlki təsir mexanizmlərini itirməkdir. Çünki son illərdə regionun siyasi xəritəsi ciddi şəkildə dəyişib.
Bu gün Azərbaycan Qarabağ məsələsini öz ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edib, Ermənistan üzərində əvvəlki hərbi-siyasi üstünlüyünü ələ keçirib, qardaş Türkiyə ilə strateji münasibətlərini daha da dərinləşdirib, Mərkəzi Asiya ilə əlaqələrini genişləndirib – biz sözügedən ərazilərin açarıyıq – Qərblə enerji və nəqliyyat əməkdaşlığını artırıb. Həmçinin Azərbaycan artıq yalnız Cənubi Qafqaz dövləti deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin əsas iştirakçılarından biridir. Bu isə ciddi şəkildə dalana dirənən Moskvanın ənənəvi regional modelinə uyğun deyil.
Rusiya Cənubi Qafqazda tarixən özünü əsas təhlükəsizlik və siyasi münsif, arbitr rolunda görüb. Azərbaycan isə regionun problemlərini region ölkələrinin öz iradəsi ilə həll etməsindən yanadır. Məhz burada da maraqlar toqquşur deyə düşünürəm. Moskvanın ən böyük narahatlığı isə budur ki, Azərbaycan artıq Rusiyadan asılı deyil! Bu da məsələnin ən mühüm tərəfidir”.

Tamilla Qulami
Politoloq bildirib ki, Azərbaycanın Rusiyaya, ümumilikdə qonşu və region dövlətlərinə münasibəti heç bir zaman düşmənçilik üzərində qurulmayıb:
“Əksinə, bizə qarşı qərəzli yanaşmalara baxmayaraq, rəsmi Bakı hər zaman münasibətləri qorumağa çalışıb, ticarət, humanitar əlaqələr, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlar çərçivəsində addımlar atıb. Bütün bunlara baxmayaraq, görünən odur ki, Bakı sadaladığım addımları asılılıq münasibətinə çevirmək istəmir.
Moskva artıq anlamağa başlayır ki, Azərbaycan əvvəlki kimi Rusiyanın təsir dairəsində olan ölkə deyil. Kreml Azərbaycanın bu gün paralel olaraq Türkiyə, Avropa, Mərkəzi Asiya, ABŞ, Çin, Körfəz ölkələri və digər mərkəzlərlə əlaqələr qura bildiyini görür. Bu da Azərbaycanın xarici siyasət imkanlarını genişləndirir, Rusiyanın isə ölkəmizə təzyiq imkanlarını azaldır. Ona görə Moskvanın müəyyən dairələrində Azərbaycanla bağlı narahatlığın artması məntiqlidir. İmperialist təfəkküründən vaz keçməyən, hələ də post-sovet ölkələrində gözü olan Rusiya üçün bu, çətin durumdur”.
T.Qulami hesab edir ki, İranla bağlı vəziyyət isə bir az mürəkkəb xarakter daşıyır:
“İyul ayının sonunda İranın AzTV-ni “düşmən media” siyahısına daxil etdiyi barədə məlumatlar yayıldı. Azərbaycan tərəfi buna sərt reaksiya verdi və qarşılıqlılıq prinsipinə əsaslanan tədbirlər gördü. Lakin artıq İran-Azərbaycan münasibətlərində informasiya müharibəsinin açıq mərhələyə keçdiyi görünür.
Bu gün İranın əsas narahatlıqları arasında Azərbaycanın İsraillə münasibətləri, Türkiyə ilə strateji yaxınlığı, Zəngəzur dəhlizi və regional nəqliyyat layihələri, Cənubi Qafqazdakı yeni geosiyasi düzən və Azərbaycanın regional çəkisinin artması dayanır. Çünki İran üçün Azərbaycan məsələsi həm də regional təhlükəsizlik məsələsidir. Tehran qətiyyən istəmir ki, Azərbaycanın regional çəkisi daha da artsın və ölkəmiz İranın şimal sərhədlərində daha güclü geosiyasi aktora çevrilsin.
Sual yaranır. Görəsən, Rusiya ilə İranın davranışlarının üst-üstə düşməsi təsadüfidir? Tarixə ekskurs etsək, görərik ki, deyil. Çünki Azərbaycana münasibətdə hər iki dövlətin maraqları adətən üst-üstə düşüb. Səbəbi də hər kəsə bəllidir. Rusiya da, İran da Azərbaycanın həddindən artıq müstəqil və regional baxımdan güclü aktora çevrilməsindən çox narahatdır. Moskva narahatdır ki, Azərbaycan bu gedişlə Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədəcək. Tehranın əsassız bəhanəsi isə belədir ki, guya Azərbaycanın atacağı addımlarda İranın regional təhlükəsizlik maraqları nəzərə alınmır. Əslində isə İranın narahatlığı başqadır. Rəsmi Tehran düşünür ki, Güney Azərbaycanda 40 milyona yaxın soydaşımız Azərbaycanın bu müstəqilliyindən güc alıb, İranın indiki rejimini devirə bilər…
Azərbaycan üçün əsas doğru olan məqam budur ki, Cənubi Qafqazda heç bir xarici güc hegemon olmamalıdır. Bu üç yanaşmanın toqquşması da regiondakı bugünkü gərginliyin əsasını təşkil edir.
AzTV-yə hücum yalnız bir televiziya kanalına hücum kimi qəbul edilməməlidir. AzTV dövlətin informasiya siyasətində mühüm platformadır. Ona görə kanalın “düşmən media” kimi təqdim edilməsi, əslində, Azərbaycanın dövlət informasiya sisteminin legitimliyinə zərbə vurmaq cəhdidir. Eyni şeyi Rusiya mediasında Azərbaycan əleyhinə kampaniyaya da müəyyən qədər aid etmək olar. Çünki burada məqsəd təkcə Azərbaycan rəhbərliyini tənqid etmək deyil. Onların daha geniş məqsədi cəmiyyətdə belə bir təsəvvür yaratmaq istəyidir ki, Azərbaycanın xarici siyasəti səhv istiqamətdədir, ölkə təcrid olunur, qonşuları ilə problem yaşayır, müttəfiqləri etibarsızdır. Bu isə gülünc və klassik informasiya müharibəsinin elementidir”.
Politoloq qeyd edib ki, dövlətə birbaşa təzyiq etməzdən əvvəl onun cəmiyyəti daxilində psixoloji dayanıqlılığını zəiflətmək istəyi daha ucuz və daha təhlükəsiz üsuldur:
“25 dekabr 2024-cü ildə Azərbaycan təyyarəsini terror aktı dərəcəsində vuran Rusiya niyə məhz indi ritorikasını daha da sərtləşdirir? Çünki Rusiya Ukrayna bataqlığındadır və Cənubi Qafqazda onun hegemonluğunun, separatçılığın kökünü 2023-cü ilin 19 sentyabrından 20 sentyabrına keçən gecə kəsən Azərbaycan artıq Qarabağ məsələsini faktiki olaraq, öz xeyrinə başa çatdırıb. Ermənistanla sülh prosesində əvvəlki dövrlərdən fərqli olaraq, Bakı daha güclü mövqedədir. Üstəlik, 2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə keçməsi və ABŞ-ın prosesdə daha fəal rol alması Cənubi Qafqazın geosiyasi çəkisini artırdı. Prezident İlham Əliyevin 2025-ci ildə verdiyi müsahibələrdə də Azərbaycanın Şərq-Qərb əlaqələrində roluna dəfələrlə xüsusi diqqət yetirilib.
Moskva üçün isə risklər göz qabağındadır. Cənubi Qafqazda ABŞ və Avropanın rolunun artması, Türkiyə-Azərbaycan xəttinin daha da güclənməsi, Azərbaycanın həm Türkiyə, həm Qərb, həm Mərkəzi Asiya, həm də regional nəqliyyat layihələri vasitəsilə çoxşaxəli geosiyasi sistem yaratması bölgədə bitmiş hegemonluğunu saxlamaq istəyən Moskvanın ciddi narahatlığının əsas səbəblərindəndir.
Bu halda Rusiyanın Azərbaycana təsir etmək üçün əlində qalan əsas vasitələrdən biri demək ki, informasiya təsiridir. Azərbaycan bu prosesdə strateji soyuqqanlılığa üstünlük verir, necə ki, hər zaman bu addımları atır. Çünki Rusiyanın istədiyi şeylərdən biri də rəsmi Bakının emosional şəkildə Moskvaya qarşı mövqe tutmasıdır. Azərbaycan isə dəfələrlə qeyd edib ki, biz kimsəyə qarşı deyilik, amma öz dövlət maraqlarımızdan da geri çəkilməyəcəyik!
Rəsmi Bakı eyni zamanda Moskvaya çox aydın mesaj verilməlidir ki, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq adlandırılması ölkəmiz əleyhinə təhdidlərin legitimləşdirilməsi demək deyil. Çünki tərəfdaşlıq varsa, qarşılıqlı məsuliyyət də olmalıdır. Məhz buna görə Yevdokimovun XİN-ə çağırılması, əslində, münasibətlərin qoparılması deyil, qırmızı xəttin göstərilməsidir. Dəfələrlə Azərbaycan XİN Rusiyadan informasiya məkanındakı təxribat və zorakılıq ritorikasının dayandırılması üçün təxirəsalınmaz tədbirlər gözlədiyini açıq şəkildə bildirib.
Sadəcə Rusiya və İran unudur və ya unutmaq istəyir ki, Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Ölkənin hərbi imkanları, enerji infrastrukturu, Türkiyə və ABŞ-la münasibətləri, Mərkəzi Asiya ilə əlaqələri, nəqliyyat potensialı və regional siyasi çəkisi xeyli dəyişib.
Bizi narahat edən məqam bu olmalıdır ki, əcəba həyata keçirilən sözügedən informasiya təzyiqi tədricən diplomatik təzyiqə, iqtisadi məhdudiyyətlərə, kiberhücumlara və ya üçüncü tərəflər üzərindən təxribatlara çevrilə bilərmi? Rusiya və İran da əvvəlki gücə malik olmasalar da, bu iki ölkədən nə desəniz, gözləmək olar. İllərlə gördüyümüz kimi. Bakı bunun qarşısını indidən almalıdır. İçimizdəki Rusiyanın, İranın, “beşinci kolon”un əlaltıları, elə Qərbdə oturub ortalığı qarışdırlanlara da qarşı ciddi təhlükəsizlik tədbirləri dayanmadan həyata keçirilməlidir.
Çünki tarix göstərir ki, böyük dövlətlər kiçik və orta dövlətlərə qarşı savaşa hər zaman tankla, tüfənglə başlamırlar. Əvvəl informasiya məkanında rəqibin obrazını dəyişirlər, sonra siyasi təzyiqi artırırlar. Bu baxımdan, Rusiyadan gələn son media hücumları və İranın AzTV-yə münasibəti ayrı-ayrı epizodlar kimi deyil, Azərbaycanın ətrafında dəyişən regional informasiya-siyasi mübarizənin elementləri kimi izlənməlidir.
Çünki bu gün Moskva və Tehran fərqli səbəblərlə Azərbaycanın artan regional müstəqilliyini məhdudlaşdırmaqda maraqlıdırlar və ona görə də informasiya təzyiqləri eyni vaxtda Azərbaycanın üzərinə şığıyır”.
Turan Rzayev
Globalinfo.az