İrəvanın Bakıya gözlənilməz jesti – Ortada böyük anlaşma var?

Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Rəsmi İrəvanın bu addımı diqqət çəkir.

Maraqlıdır, sözügedən məsələdə Ermənistanın Azərbaycanı dəstəkləməsi Nikol Paşinyanın rəsmi Bakının erməni dustaqları azad etməsinə cavab jestidir, yoxsa ortada daha böyük anlaşma var? Bunun ardınca sülh müqaviləsi gələ bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin ofisinin ötən gün yaydığı birgə bəyanat müstəsna əhəmiyyət kəsb edir:

“Bu həm regional təhlükəsizlik, həm də iki ölkə arasında sülhün əldə edilməsi baxımdan diqqət çəkir. Digər məsələ son zamanlar Ermənistanla Azərbaycan arasında razılıqların vasitəçilər olmadan əldə edilməsidir. Bu bir daha iki ölkənin problemlərini qarşılıqlı dialoq yolu ilə həll edə biləcəyini göstərir. Ehtimal ki, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması da gerçək olacaq.

İlyas Hüseynov

Cənubi Qafqazda yeni proses başlayır. Beynəlxalq platformalarda Ermənistanın Azərbaycanı dəstəkləməsi bizə təəccüblü gəlir, lakin reallıqdır.

Son hadisələr bir daha göstərdi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nə qədər uğurludur. Çoxuna xəyal kimi gələn şeylər onun üçün reallıqdır”.

Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə hesab edir ki, iki tərəf arasında rəsmi səviyyədə razılıq əldə edilib:

“Azərbaycana edilən jest əvəzsiz deyil. Rəsmi Bakı da öz növbəsində həmin təşkilatda Ermənistanın üzvlüyünə namizədliyini dəstəkləyəcəyi vədini verib. Yəni qarşılıqlı maraqlar əsasında razılıq əldə edilib.

Sülhəddin Əkbər

Lakin bu jesti sülh müqaviləsi istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Baxın, 32 nəfər hərbçini Azərbaycan, iki hərbçimizi isə Ermənistan tərəfi qaytaracaq. Bu istiqamətdə də bir razılıq əldə edilib. Görünür, tərəflər etimad mühiti yaratmaq istəyir. Bu isə öz növbəsində sülh müqaviləsinin imzalanmasına ümidləri artırır”.

Turan Rzayev
Globalinfo.az